Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Təlaşın episentri

Məqalə yeniləndi:  30 İyun 2020

Hakimiyyət niyə gərginləşir?

Son günlərin ən diqqət çəkən olayı- COVİD 19-la mübarizə çərçivəsində cərimələrin artırılması ayrıca gündəm oldu. Bunun ardınca siyasi hərarət dövlət başçısı İlham Əliyevin müxalifətə hücumu və hakimiyyətin danışan dillərindən biri Fəzail Ağamalının PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında yazdığı yazı ilə dəyişdi. Ölkə daxilində diqqət çəkən bu olayların pərdə arxasında bir-biri ilə müəyyən əlaqədə olduğunu düşünmək olarmı?

Cərimələr xilas yoludurmu?

COVİD 19-la mübarizə çərçivəsində fiziki, hüquqi və vəzifəli şəxslərə müxtəlif məbləğdə təyin olunmuş cərimələrin artırılması cəmiyyətdə müəyyən narahatlıq və narazılıq doğurdu. Sosial şəbəkələrdə səsləndirilən suallara hökumətin əvəzinə cavab vermək çətindir. Əslindı hökumətin özü üçün də bu cavablar ya asan deyil, ya da yoxdur. Sadə xalq düşünür ki, gündəlik 20 manat qazanc üçün evdən çıxmağa məcbur olan vətəndaşa 200 manat cərimə kəsmək hansı problemi həll edəcək? O, onsuz da növbəti gün yenə evdən çıxmağa məcbur qalacaq. Çünki başqa cür yaşaya bilmir. Çünki bu ailələrin böyük əksəriyyəti müqaviləsiz işləyən başçılarının qazancına möhtacdırlar. Başqa tərəfdən hökumət bu ilin hər iki rübündə büdcədə profsit (müsbət qalıq) olduğunu elan edib. Bununla belə, bütün dünyadan fərqli olaraq maskaların və dezinfeksiyaedici məhlulların pulsuz olması üçün heç bir addım atmır. Virusa yoluxmanı müəyyən edən testləri pulsuz etmir. Bu, əhalidə suallar və narazılıq yaradır. Ekspertlər isə yazırlar ki, Bakıda əhalinin sıx saxlanması düzgün metod deyil və insanları test edib, bölgələrə ən azı bir aylıq səfərə buraxmaq daha düzgün addım olardı.

İlham Əliyev müxalifətə niyə hücum etdi?

Dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələr Günü Mingəçevirdə silahlı qüvvələrin bir qrup zabiti qarşısında çıxış edib. Çıxışın diqqətçəkən məqamlarından biri yenə müxalifətin ünvanına kəskin ifadələr işlətməsi olub. Müxalifətin, xüsusilə, Xalq Cəbhəsinin pandemiya dövründə hakimiyyətə qarşı son dərəcə loyal münasibət göstərməsi- vəziyyətdən çıxış yollarına dair təkliflər verməsi, “indi iqtidar- müxalifət mübarizəsi zamanı deyil” bəyanatları verməsi fonunda dövlət başçısının belə bir açıqlama verməsi marağa səbəb oldu. Yoluxma hallarının artdığı və insanların demək olar ki, siyasətlə o qədər də maraqlanmadığı bir vaxtda İlham Əliyevin diqqəti daxili siyasi münasibətlərə çəkməsi elə də uğurlu taktika sayılmadı. Ola bilsin ki, o, qısa müddətə diqqəti virus təlaşından yayındırmaq istəyirdi, amma bu uzun müddət üçün elə də uğurlu ola bilməz. Birincisi, vəziyyət elədir ki, ictimai diqqət uzun müddət 30 il bundan qabağa dair uydurulmuş tarixə yönələ bilməz. Üstəlik, bu müxalifəti yenidən iqtidara qarşı sərt ritorika seçmək məcburiyyətində qoyur. Belə vəziyyət isə onsuz da mövcud gərginliyi həm də siyasi ideoloji müstəviyə keçirir və ümumi durumu mürəkkəbləşdirir. Bu baxımdan belə bir çıxışın nəyə xidmət etdiyini müəyyən etmək o qədər də asan olmadı.

Fəzail Ağamalı – Ramiz Mehdiyevə qarşı

Yaddaşı yaxşı olanlar bilirlər ki, Fəzail Ağamalının Ramiz Mehdiyevə qarşı bu cür çıxışlarının elə də az yaşı yoxdur. Məsələn, 2003-cü il seçkiqabağı situasiyasını xatırlaya bilərsiz. Hələ bu tarixdən də bir az qabaq hakimiyyətin başqa bir qanadına mənsub “Neytral” qəzetinə müsahibəsində Fəzail Ağamalı Ramiz Mehdiyevi o zamanın fovarit müxalif namizədi İsa Qəmbərə maliyyə və informasiya dəstəyi verməkdə ittiham edirdi. Bu müsahibə sözügedən qəzetin bağlanması ilə nəticələndi. Ramiz Mehdiyev vəzifədən rəsmən göndərilsə də, onun faktiki siyasətdə iştirakçılığına dair yazılara və fikirlərə rast gəlinir. Fəzail Ağamalının növbəti yazısını onun arxasında dayanan klanla Mehdiyevin arasındaki iç hesablaşmanın növbəti raundu saymaq olar. Bu, həm də hakimiyyət daxilində öz siyasi-fiziki mövcudluğunu saxlamış yeganə köhnə klan nümayəndəsi Kəmaləddin Heydərova diqqəti yönəldir. Əgər həqiqətən də Ramiz Mehdiyevin indi real siyasətə təsir etmək imkanı varsa, deməli, əks reaksiyanı gözləməyə dəyər.

Baş verən olayların pərdəarxası əlaqəsinin olduğunu düşünməyə dəyərmi? Əlbəttə, bu barədə demək çətindir. Amma görünən odur ki, bütün cinahlardan hakimiyyət süni gündəmlər yaratmaq istəyir. Əsas gündəm isə təbii ki, pandemiya, onun yaratdığı sosial gərginlikdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/li8wdn

Ən çox baxılan