Təklə kəndinin sakinləri: Selin əsarətində qalmışıq

“Uşaqlar məktəbə, böyüklər işə gedə bilmir”

Source:
Təklə kəndi, Foto: meydan.tv
Təklə kəndi, Foto: meydan.tv



“Uşaqlar məktəbə, böyüklər işə gedə bilmir”

Masallı rayonunun Təklə kəndini sel basıb. Bunu kənd sakinləri deyir. Onlar Meydan TV-yə yazaraq kəndlərini sel basdığını, evlərindən çölə çıxa bilmədiklərini yazıblar:

“Son günlər aramsız yağan yağışların nəticəsi olaraq həyətlərimizi, məhəlləni su basıb. Hələ biz sizə kəndin ən normal hissəsinin şəkillərini göndəririk. Digər yerlər daha betər vəziyyətdə olduğundan lentə almaq qeyri-mümkündür”.

Aidiyyatı qurumlar baxmır

Sakinlər bildirirlər ki, bu hal 2015-ci ildə də təkrarlanmışdı. Aidiyyatı qurumlar onda da bir tədbir görməmişdi, indi də:

“Bizə söz vermişdilər ki, kənddəki çayın kənarına bəndlər vurub, selin qarşısını alacaqlar. Heç nə etmədilər. Kəndimizdən 3 çay keçir. Birinin daşmağı bəsdi bizə. Qaldı, 2-si, 3-ü birdən daşanda vəziyyətimiz lap ağır olur”.

Kənddə selin əsarətində qalmışıq

Sakinlər bildirirlər ki, son 3 gündür evlərindən çölə çıxa bilmirlər. Aramsız yağışlar isə 1 həftədir davam edir:

“Qalmışıq əsarətdə. Uşaqlar məktəbə, böyüklər işə gedə bilmir. Suyun səviyyəsi o qədər yüksəkdir ki, maşınların hərəkəti də mümkün deyil. Təsərrüfatımız, mal-heyvanımız qalıb selin altında. Yerdən olan kənd evlərinin vəziyyəti lap pisdir”.

Suyun səviyyəsi hər saniyə yüksəlir

Sakinlər Masallıda hazırda da yağış yağdığını deyirlər. Bildirirlər ki, suyun səviyyəsi hər saniyə yüksəlir:

“Üstəlik, bu yağış kəsənə də oxşamır. Deyirlər, hələ bir neçə gün davam edəcək. Bizim halımız necə olacaq? Fövqəladə Hallar Nazirliyinə, Masallı rayon İcra Hakimiyyətinə məlumat vermişik. Fövqəladədən bildiriblər ki, tezliklə gəlib sizi həmin vəziyyətdən xilas edəcəyik. Hələ bir insan gəlib maraqlanmayıb bizimlə. Son ümidimiz sizədir. İşıqlandırın, görsünlər ki, suyun əsarətində qalmışıq”.

Vəziyyəti düzəltməyə çalışırıq

Meydan TV məsələyə münasibət öyrənmək üçün Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Seyfəddin Əliyev deyib ki, bir həftədir Masallıya yağış yağır. Təkcə, həmin kənddə yox, bir çox yerdə vəziyyət eynidir. İcra Hakimiyyəti işçiləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər:

“Çalışırıq ki, problemi aradan qaldıraq. O ki qaldı Təklə kəndinin vəziyyətinə, ötən il həmin kənddə camaatın zibil ataraq korladığı bir kilometrlik kanal dövlət tərəfindən təmizləndi. Deməyim odur ki, bu durumun yaranmasında insanların da günahı var. İndi də FHN-in bütün işçiləri yağışa, selə baxmayaraq küçələrdədir. Ancaq dəqiq hansı kəndlərdə olublar, onu bilmirəm. Hər halda vəziyyəti düzəltməyə çalışırıq”.

Ana səhifəXəbərlərTəklə kəndinin sakinləri: Selin əsarətində qalmışıq