“Təkcə Tərtər şəhərinə gün ərzində 300 raket zərbəsi endirilib”

Sənəddə bildirilir ki, cəbhə xəttindən uzaq rayonlar atəşə tutulur, dinc sakinlərin evləri dağıdılır.

Source: google.az


Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu hesabat yaydı

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu cəbhə bölgəsindən uzaqda yerləşən rayonların Ermənistan tərəfindən qadağan olunan raket atəşinə tutulması, mülki şəxslərə dəyən zərər, həyatını itirən insanlarla bağlı hesabat hazırlayıb. Hesabat 27 sentyabr – 30 Oktyabr 2020-ci il tarixini əhatə edir. 29 səhifəlik sənəd əsasən media monitorinq üzərində hazırlanıb. Hesabatın giriş hissəsində müharibənin yenidən başlanmasına zəmin yaradan amillər sadalanır, 28 sentyabr saat 00:00-dan başlayaraq Azərbaycan ərazisində hərbi vəziyyət rejiminin tətbiq olunduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, Ermənistan tərəf Azərbaycanın işğaldan kənar rayonlarına əsasən istifadəsi qadağan olunan R-17 Elbrus, (“Skad”) və 9K58 “Smerç” (BM-30) silahlarından istifadə edir.

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyin (ANAMA) əməliyyat qrupları tərəfindən Ermənistan silahlı qüvvələrinin atdığı 20-dən çox 9M528 raketi (SMERÇ) aşkar olunub. Həmin raketlərdən 9 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinib ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında” Konvensiyaya görə qadağan olunmuş sursatlar sinifinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”-nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir”, – deyə sənəddə qeyd olunur.

Ümumilikdə ANAMA tərəfindən 27 sentyabr – 27 oktyabr 2020-ci il tarixlərində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına 298 ədəd partlamamış hərbi sursat, 1627 ədəd piyada əleyhinə mina, 51 ədəd tank əleyhinə mina, 236 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 149 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 17 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 506 ədəd partlamış raket hissələri aşkar olunub.

Hesabatda vurğulanır ki, təkcə Tərtər şəhərinə gün ərzində 300 raket zərbəsi endirilib:

“Ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu, İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir”.

Sənəddə bildirilir ki, cəbhə xəttindən uzaq rayonlar atəşə tutulur, dinc sakinlərin evləri dağıdılır. Bu rayonlar arasında Kürdəmir, Xızı, Beyləqan rayonları var:

“Xızı rayonu döyüş bölgəsindən 300 kilometrdən artıq məsafədə yerləşir. Quba – Xaçmaz regionunda, Xəzər dənizinin sahilində yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayon Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olan rayondur. Xızı şəhərindən Bakıya olan məsafə 70 km təşkil edir. Mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonu ermənilər tərəfindən müxtəlif istiqamətlərdən atəşə tutulub. Səhər saat 06.00-dan rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib”.

Hesabat dövründə Bərdə rayonuna 3 dəfə böyük dağıntılar törədən raket atılıb.

Qeyd olunur ki, Gəncəyə üç ayrı tarixdə atılan raket və ağır artilleriya hücumları nəticəsində 26 nəfər həlak olub, 142 nəfər yaralanıb;

  • Goranboyda 3 nəfər həlak olub, 10 nəfər yaralanıb;
  • Naftalanın Qaşaltı-Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində ailənin 5 üzvü həlak olub, 1 nəfər yaralanıb.
  • Tərtərdə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb;
  • Bərdədə 27 nəfər həlak olub, 95 nəfər yaralanıb;
  • Beyləqanda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb;
  • Ağcabədidə 1 nəfər ölüb, 19 nəfər yaralanıb;
  • Füzulidə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb;
  • Ağdamda 7 nəfər həlak olub, 40 nəfər yaralanıb;
  • Mingəçevirdə 5 nəfər yaralanıb;
  • Daşkəsəndə 1 nəfər yaralanıb;
  • Qəbələ rayonunda 1 nəfər yaralanıb.

Hesabatda zərər çəkmiş hər bir kəs haqqında ayrıca məlumat verilib.

Sənədin “nəticə” bölməsində qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq və bu günə kimi davam edən hərbi əməliyyatlar və Ermənistan tərəfinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinin atəşə tutması indiki müharibənin ən qatı cinayətlərindən biridir:

“Ermənistan tərəfi 1949-cu il 4-cü Cenevrə Konvensiyasının 3-cü bəndinin prinsiplərini pozaraq Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qadağan olunmuş raket zərbələri endirməklə Konvensiyanın tələblərini pozub və insanlıq əleyhinə cinayətlər işlədib. Ermənistan tərəfinin aqressiyası nəticəsində dinc sakinlərə qarşı aşağıdakı cinayətlər törədilib:

  1. Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən 13 şəhərə müxtəlif vaxtlarda “Smerç” və Qrad tipli raketlər atılıbr;
  2. Tərtər şəhəri və onun 36 yaşayış məntəqəsinə ciddi ziyan vurulub;
  3. Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək enerji layihələri və neft-boru kəmərləri hədəfə alınıb;
  4. Dinc şəhərlərə atılan raket zərbələri ilə məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər hədəf alınıb və onlara zərər yetirilib;
  5. 87 mülki şəxs həlak olub, onlardan 18-i qadın, 14-i uşaq olmaqla;
  6. 400 nəfər yaralanıb, onlardan 69 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla;

Hesabat müəllifləri Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlar və institutlara tövsiyə ediblər:

“ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin əsas moderatoru kimi Ermənistan tərəfindən bu hərbi cinayətlərin törədilməsinin motivləri ilə bağlı hesabat tələb etməlidirlər; ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan tərəfi ilə birgə bu hərbi cinayətlərin bütün detalların müzakirə etməli və onları sənədləşdirməlidirlər; Azərbaycanda fəaliyyət göstərən BMT institutları raket zərbələri nəticəsində həyatını itirən dinc əhali ilə bağlı vəziyətin araşdırılması məqsədi ilə Azərbaycanın hökumət orqanları ilə əməkdaşlığı gücləndirməlidirlər; Beynəlxalq insan hüquqları təşkilatları və analitik mərkəzlər dinc əhaliyə qarşı edilən cinayətlərin araşdırılması üçün öz missiyalarını göndərməlidirlər; Azərbaycan QHT-ləri və hüquq müdafiə təşkilatları dinc əhaliyə qarşı cinayətin araşdırılmasında aktiv fəaliyyət göstərməlidirlər”.


Xatırlatma:

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov , Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilarə Əfəndiyeva, Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun katibi Yeganə Tarverdiyeva daxildir.

Ana səhifəSiyasət“Təkcə Tərtər şəhərinə gün ərzində 300 raket zərbəsi endirilib”