Təkadamlıq aksiya keçirən gənc şərləndiyini deyir

Rəfael Hüseynzadənin apelyasiya şikayəti təmin olunmayıb

Source:
Rafael Hüseynzadə
Rafael Hüseynzadə


Rəfael Hüseynzadənin apelyasiya şikayəti təmin olunmayıb

Bakı Apelyasiya Məhkəməsində Dövlət Neft və Sənaye Universitetinin qarşısında etiraz aksiyası keçirərkən həbs olunan gənc fəal Rəfael Hüseynzadənin şikayətinə baxılıb. O, yanvarın 25-də əlində plakat qaldıraraq, siyasi məhbusların azadlığa buraxılması tələbilə təkbaşına etiraz aksiyası keçirərkən saxlanmışdı.

Ailə üzvlərinin Meydan TV-yə bildirdiyinə görə, bir neçə gün onlara R.Hüseynzadənin harada saxlanması, durumu barədə heç bir məlumat verilməyib. Yanvarın 29-da yaxınlarına məlumat verilib ki, R.Hüseynzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarıyla 30 gün inzibati həbs verilib. O, polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunub.

Fevralın 1-də hakim Kamran Əkbərov onun apelyasiya şikayətinə baxarkən vəkili Cavad Cavadov bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarı əsassızdır, ləğv olunmalıdır. Vəkilin sözlərinə görə, R.Hüseynzadə saxlanılarkən çəkilmiş və daha sonra sosial şəbəkələrdə yayılmış video-görüntülər də onun polisə müqavimət göstərmədiyini sübut edir.

R.Hüseynzadə özü də ittihamın yalan olduğunu, dinc aksiya keçirdiyini və şərləndiyini bildirib.

Hakim isə qərarı dəyişməyib, 30 günlük inzibati həbs qüüvədə saxlanılıb.

R.Hüseynzadə ara-sıra təkbaşına etiraz aksiyaları keçirən və buna görə dəfələrlə inzibati qaydada həbs olunan Füzuli Hüseynovun oğludur.

Ana səhifəXəbərlərTəkadamlıq aksiya keçirən gənc şərləndiyini deyir