”Tək səyahətçilər qısamüddətli sevgilərə üstünlük verir”

Yaşar Xudiyev, foto: sosial şəbəkə
Yaşar Xudiyev, foto: sosial şəbəkə



Səyyah Yaşar Xudiyev: “Mərakeşdə marixuana plantasiyaları boyu pedallayırdım…”


Düz iki ildir ki, müasir gənclik həmvətənimiz, ixtisasca jurnalist Yaşar Xudiyevin velosipedlə dünyanı gəzməsinə virtual tamaşa edir. Bu illər ərzində çoxlu macəra yaşamış velosəyyahın həyat tərzi, gəzdiyi ölkələr və gələcək planları barədə geniş söhbət etdik.


– Yaşar bəy, velosipedlə səyahət fikri hardan ağlınıza gəldi?

– 2012-ci ildə təhsillə yanaşı, muhiti də dəyişmək məqsədilə Amerikaya getdim. Hər şey də orda başladı. Bostonda, Cambridge-də hamı velosipedlə idi. Professorlar, tələbələr, adi adamlar. Əksər adamlar öz gündəlik işlərini velosipedlə gorürdülər. Mən də bir köhnə velosiped aldım. O gündən bu gunə qədər daimi və sevimli nəqliyyat növünə çevrildi velosiped… Yağış-qar demədən velosiped sürdüm. Velosipedsevərlər çevrəm genişləndi. Qəzet və jurnallardan oxudum ki, insanlar velosipedlə nəinki şəhərdən-şəhərə, həm də ölkədən-ölkəyə, qitədən-qitəyə pedallayır. Bundan ilhamlanıb, ilk uzun velo-səyahətimi etdim. 2014-cü ilin mayin 1-də ABŞ-ı şərqdən qərbə , Boston şəhərindən Grand Canyon, Arizona ştatına qədər 5000 km uzunluğunda keçdim. O vaxt Azərbaycanda NiDA Vətəndaş Hərəkatı üzvləri həbsdə olduğundan turumu onlara ithaf etdim. Yol hekayələrimi “#cyclingfordemocracy #cyclingforfreedom #azadet” haştağlari altında paylaşmağa başladım. Ondan sonra bütün velo-səyahətlərim “#demokratiyaadinapedalla #azadlıqadınapedalla” şüarları altında getdi. 2015-ci ilin əvvəlində Bakıya qayıtdım. Artıq Afrikaya pedallayacağımı bilirdim. Heç kəs məni bu fikrimdən daşındıra bilməzdi. Elə həmin ilin mayın 1-də Bakıdan velosipedlə Afrikaya yola düşdüm.

Yaşar Xudiyev, foto: sosial şəbəkə
Yaşar Xudiyev, foto: sosial şəbəkə


– Maraqlıdır, valideynləriniz varmı və səyahətiniz barədə nə düşünürlər? Onlarla necə əlaqə saxlayırsınız?

– Valideynlərim var. Qeyd edim ki, mən ailəyə, mühitə bağlı adam deyiləm. Qərarlarımı özüm verirəm. Bu qərarlar kimisə ağrıda və ya pis təsir edə bilər. Amma bu, məni maraqlandırmır. Həyatımı istədiyim kimi yaşamaq istəyirəm. Anamla son səfər zamanı bəzən telefonla əlaqə saxlamışam. Afrika deyəndə hamı qorxurdu, anam da. Səfərim boyu çalışdım ki, Afrikanin nə qədər rəngarəng qitə, afrikalıların da nə qədər mehriban və xoş insanlar olduğunu sizə çatdıra bilim. Mənə Cənubi Sudan Respublikasında hücüm olanda həyatımı xilas edənlər də o afrikalılar idi. Afrikalılar mənim qəhrəmanlarımdır… Ondan sonra ola bilsin ki, anamın afrikalılara qarşı olan fikri bir az dəyişib, bəlkə də dəyişməyib, nə bilim…


– Bu tip səyahəti seçənlər təxmini nə qədər maliyyə imkanlarına sahib olmalıdırlar?

– Bu tip səyahət o deməkdir ki, oteldə, mehmanxanada qalmamalısan. Çadır qurub, çöllükdə yatmalısan, yerli əhaliyə qaynayıb-qarışmalısan. Avropa-Afrika səfərim 1 il 7 ay sürdü. Mən bu vaxt ərzində heç bir mehmanxanadan istifadə etmədim. Həm xərclərimi minimuma salmaq, həm də prinsipal olaraq öz limitlərimi bilmək üçün çöllükdə, meşədə, tarlada, səhrada yatdım. Paytaxt şəhərlərə çatdıqda isə qonaqlama saytlarından istifadə edərək ( www.warmshowers.org, www.couchsurfing.com) insanların evlərində qaldım. Onlar həm də yemək verirdilər. Ortalama hesabla əgər Avropada günə 2-3 avro xərcləyirdimsə, Afrikada bu günlük 1 dollar idi… cox zamanlar, demək olar ki, hər zaman düyü yeyirdim. Çantamda hər zaman 1-2 kq düyü vardı. Əgər düyünün üzərinə əlavə etməyə lobya və ya soyabean olardısa, bu, mənim xoşbəxt günüm sayılırdı. Ən çox pul isə səfərlər müddətində Afrika ölkələri üçün vizalar almağa getdi…

Yaşar Xudiyev, foto: sosial şəbəkə
Yaşar Xudiyev, foto: sosial şəbəkə


– İl uzunu səyahət edirsinizsə, bəs gəliriniz hardandır?

– Hamı kimi zamanında mən də çalışmışam. Yəni səyahət üçün bir məbləğdə pulum olub. Amma yuxarıda xərclədiyim pulları günlərə vurub, hesablasanız görərsiniz ki, mən dünyanı görmək üçün başqalarıyla müqayisədə çox kiçik məbləğ xərcləyirəm…


– Səyahət bloqları ilə pul qazanmağı düşünürsünüzmü?

– Mənim səyahətim bugünə qədər Azərbaycan, Turkiyə, Almaniya, Fransa, İspaniya və Afrika mətbuatında az-çox yayımlanıb. Heç zaman bunun maddi hissəsi barədə fikirləşməmişəm. Bloqa gəldikdə, hekayələrimi zamanla “Facebook”-da paylaşmışam və paylaşıram. Qısası bloqlarla pul qazanmağı düşünmürəm.


– İndiyə qədər neçə ölkəyə səfər etmisiniz?

– ABŞ-da 15 ştatı keçmişəm. Avropada 13 ölkə ( Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Slovakiya, Macarııstan, Avstriya, İsveçrə, Almaniya, Fransa, İspaniya), Afrika qitəsini bütünlüklə şimaldan cənuba 12 ölkə ( Mərakeş, Misir, Sudan Respublikası, Cənub Sudan Respublikası, Kenya, Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Botsvana,vNamibiya ve CAR) səfər etmişəm.


– Getdiyiniz ölkələr arasında qalıb birdəfəlik yaşamaq istədiyiniz olubmu?

– Hə, olub. Avropada Fransa, fransız qadınları və fransız şərabına görə… İspaniya da əla ölkə idi. Afrikada isə seçimlər çoxdur… Mərakeş, Tanzaniya, Namibiya və s. Amma daha sonra səyahətimin davam etməsi üçün yola davam etmişəm…


– Yolda başınıza gələn maraqlı hadisələrdən bir neçəsini paylaşmağınızı istərdim…

– Yaxından-uzaqdan izləyənlər bilir ki, Cənub Sudan Respublikasında hücum etmişdilər mənə. Ordan sağ çıxmagım həyatımın ən böyük macərası idi. Ondan sonra Zimbabvedə yeganə televiziya olan, şəxsən diktator Muqabeyə aid olan ZBC TV kanalında azadlıq və demokratiyadan danışmağım, Zimbabvedə qaldığım evdə yerli əhali ilə qızardılmış mopane soxulcanları yeməyim (çox dadli idi, pivəylə zor gedirdi), Mərakeşdə marixuana plantasiyaları boyunca pedallamağım, Sudanda bir sudanlı ilə heç bir ortaq dil olmadan 2 gün birlikdə velosiped sürməyim, kamp etməyim… məşhur Namib səhrasında günlərlə açıq səma altında gecələməyim, Venera, Mars, Yupiter planetlərini görməyim, viza ala bilmədiyimdən, Namib-CAR səhrasında, “ORANGE river” üzərində qayıq taparaq, çayı üzüb keçərək CAR-a vizasız girməyim, eyni yolla üzərək geri qayıtmağım… Bir sözlə, macəralar çoxdur.​


– Maraqlıdır, gənc bir adamın sevgi həyatı da olmalıdır axı. İluzunu səyahətdə olursunuzsa, sevgi həyatını necə yaşayırsınız?

– (Gülür) Bunu səyahətçilər yaxşı bilir. Umumi problemdir. Əlbəttə, sevgilin olsa, o da sənin kimi, və ya sən onun kimi səyahət növünə üstünlük verirsənsə, bu, daha yaxşıdır. Həm sevgi olur, həm də səyahət. Tək yola çıxan səyahətçilər adətən, qısamüddətli sevgilər yaşayır… Hərdən olur… Fransız şərabı çox dadlıdır…

Yaşar Xudiyev, foto: sosial şəbəkə
Yaşar Xudiyev, foto: sosial şəbəkə


– Bu macəralarınızı nə zaman bitrimək fikrindəsiniz? Hələ nə qədər gəzəcəksiniz?

– Afrika səyahətim mənim üçün də əvvəllər əlçatmaz xülya olub. Bir daha şahid oldum ki, istək, inam, iradə olarsa, həyatda edə bilməyəcəyimiz bir şey yoxdur. Amma Afrika üçün nə qədər darıxsam da, bir az yorulmuşam. Ayaqlarıma bir az istirahət vermək istəyirəm. Birmüddətlik Azərbaycanda oturaq həyat yaşayacam, sonra yola yenə davam…


– Sonda bir səyahətnamə yazmaq fikriniz varmı?

– Mən bugünlərdə “Velosipedlə Afrikaya” kitabımı yazmağa başlayacağımı düşünürəm. Yaxşı bir şey olmalıdır. Kitabı oxuyan Afrikanı olduğu yerdə oturaraq hiss edəcək. Səhifələrində Afrikada yaşadığım hadisələrlə yanaşı Afrikanı, afrikalıları və yerli tayfa və qəbilələri əks etdirən şəkillər də olacaq.

Ana səhifəVideo”Tək səyahətçilər qısamüddətli sevgilərə üstünlük verir”