Gecəni yatmamışdım. Səhər on bir radələrində telefona zəng gəldi. Tanış olmayan nömrədən tanış olmayan səslə bir adam hal-əhval tutub mənimlə görüşmək istədiyini bildirdi. Çox nəzakətlə ondan əgər təcili deyilsə, başqa günə saxlamasını xahiş etdim.
– Təcilidir, dedi, sizə kitabımı vermək istəyirəm.
– Kitabınız nə vaxt çıxıb ki?
– İnişil.
Məni yaddan çıxartmadığına görə xeyli minnətdarlıq edərək, “aradan çıxmaq” istədim:
– Sizə bir mağaza nişan versəm, ora qoya bilərsizmi? Mərkəzə düşəndə özüm götürərəm.
Adam qətiyyətlə dilləndi:
– Xeyr, bir də əziyyət çəkib mərkəzə düşməyin, özüm sizin tərəfə gəlmişəm, qapınıza çatıram.
…Təxminən altmış yaşlarındakı kişi göstərdiyim yerdə əyləşərək əlindəki yumşaq cildli kitabı pəncərəyə qoydu. Belə hallara aid bütün xoş sözləri deyib üzr istəyərək, tanış olub-olmadığımızı soruşdum. Müsahibim dərhal sualdan alınıb onu xatrılamadığıma təəssüf etdiyini bildirdi. Mən qəza sonrası yaddaşımın çox zəiflədiyini izah edərək, onsuz da şişib qazana dönmüş başımı çırpmağa yer axtaranda qonağım insafa gəlib tanışlıq barədə ip ucu verdi. Heç demə, doxsanıncı illərdə yerli qəzetin gənc müxbiri olduğum zamanlar həvəskar oxucu kimi bizim qəzetə yazılar gətirirmiş. Redaktorun tapşırığı ilə bir dəfə onun şeirini işləyəndə demişəmmiş ki, “burda düzələcək bir şey yoxdu, amma çox vacibdirsə, bu mövzuda özüm təkrar sizin üçün bir şey yazım”…
Həmin hadisəni dəqiqliklə xatırlaya bilməsəm də, xeyli utandım. Rəhmətlik redaktorumuz Əziz müəllim sözün həqiqi mənasında böyük insan idi. Qəzetin qapılarını hər kəs üçün açıb redaksiyaya yazı gətirən kimsənin ümidsiz qayıtmasına yol verməzdi. Dönə-dönə hər birimizə xatırladardı:
– Əgər kimlərsə əllərinə qələm alıb nəsə yazıb-yaratmağa çalışırlarsa və o hissləri bizə etibar edirlərsə, deməli, buranın ferma, ticarət obyekti, bazar olmadığına inanırlar. Zəhmət çəkin, siz də onlara, gətirdikləri yazı-pozuya hörmət və diqqətlə yanaşıb yanılmadıqlarını sübut edin. Biz onlar üçün burdayıq, onlar bizim üçün deyil…
Əziz müəllim başımızın üstündə olmayanda bəzi müəlliflərə gənclik eqosu ilə yanaşdığımız nadir halların baş vermədiyini deyə bilmərəm. Amma şəxsən mənim həyatımda belə halların sayı orda çalışdığım illərin sayından çox ola bilməz. Bəlkə elə bircə dəfə olub ki, o da tərslikdən iyirmi beş ildən sonra kitabını da götürüb məni ziyarət etmək üçün evimə gələn adama qarşı…
Qonaq gedəndən sonra imkansız kənd adamının kitabında “bahalı” mövzular görə bilmək qorxusundan hədiyyəni açmayıb yerinə qoydum. Bir neçə gündən sonra isə pəncərədəki kitabı götürüb baxan köhnə dostlardan biri təəccüblə dilləndi:
– İndiki vaxtda adam kəndin ucqarında vaxt tapıb həqiqətləri bacardığı kimi yaza, yazdıqlarını birtəhər çap etdirə, o kitabın içində ölkənin ailəvi rəhbərlərinə aid bircə sətir tərif olmaya.
Əvvəl zarafat bildim. Sonra özüm vərəqləyib doğru olduğunu gördüm. Səliqəli saxlanılmış nimdaş geyimli əsəbi kişinin gedərkən dedikləri qulaqlarımda təkrar səsləndi:
– Yəqin fikirləşirsiz ki, bu kitab mənim harama yaraşır? Bilirəm, yazdıqlarımın poeziya ilə əlaqəsi olmaya bilər. Ən ucuz nəşriyyatda çap olunub deyə səhvlər də çoxdu. Mən uşaqlarımı kimsəyə əyilmədən, yaltaqlıq etmədən, ağac yona-yona, daş qaldıra-qaldıra böyütdüm. Dolanışığımızdan artırıb onlara təminatlı gələcək qura bilmədim. Övladlarım üçün sadəcə bu kitabı düzüb-qoşdum ki, yaşa dolanda atalarının kim olduğunu bilsinlər. Bundan sonra mənə görə qürur duyacaqlarmı, xəcalət çəkəcəklərmi, özləri qərar verərlər…
Bu yazını 8 aprel mitinqi ərəfəsində yazmışam. Sosial şəbəkələrdə bu münasibətlə ənənəvi şablon, cılız müzakirələrin getdiyi günlərdə mən güclü bir mitinq izlədim. Sadə əyalət adamının bitməyən həyat mitinqini. Qətnaməsi də stolumun üstündədir:
“Kimə deyim bu dərdi mən”…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.