Qurum bundan sonra dərslik müəllifləri ilə müqavilə bağlayacaq
Nazirlər Kabineti Təhsil Nazirliyinə yeni səlahiyyətlər verib. Bundan sonra qurum Azərbaycan orta məktəb dərsliklərini hazırlamaq, dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq.
Bunu “Report”a açıqlamasında Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular göndəriləcək, həmçinin ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək.
Mikayıl Cabbarov hesab edir ki, dərsliklər hazırlanarkən elm və təhsilin birgə təklifləri nəzərə alınsa, nəticə daha məhsuldar olar.
“Ümumilikdə, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir” – deyən nazir vurğulayıb ki, bir çox halda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur.
“Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək” – nazir fikrini yekunlaşdırıb.