Təhsil Nazirliyi: 8 Martda pul yığılması faktına rast gəlsəniz, “Qaynar xətt”ə müraciət edin

Kamran Əsədov: “Nazirlik pul yığılması kimi halların qarşısını almaq istəyirsə, anonim sorğuları qeydə almalıdır”

Foto: Elm və Təhsil Nazirliyi


Kamran Əsədov: "Nazirlik pul yığılması kimi halların qarşısını almaq istəyirsə, anonim sorğuları qeydə almalıdır"

Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə pul yığılması ilə bağlı ictimaiyyətə müraciət edib.

Bayramla əlaqədar hansısa təhsil müəssisəsində pul yığılması faktına rast gəlindiyi halda, nazirliyin “Qaynar xətt”inə (146-1), ya da office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət etmək tövsiyə edilib.

Təhsil eksperti Kamran Əsədov Meydan TV-yə deyir ki, nazirlik hər il Müəllilər Günündə, 8 Martda, yaxud əlamətdar günlərdə bəyanat yaysa da, bunun heç bir nəticəsi olmur: “Nazirliyin yaydığı, bəyanatdan o tərəfə gedən bir addım deyil. Qurum pul yığılması kimi halların qarşısını almaq istəyirsə, anonim sorğuları qeydə almalıdır. "Qaynar xətt"ə zəng edən şikayətçidən uşağın, həmçinin müəllimin ad-soyadını istəyirlər. Bilirik ki, şikayətlər zamanı müəllimə maksimum xəbərdarlıq edib, töhmət verəcəklər. Yəni cəzası yumşaq olacaq. Anonim şikayətlər mütləq qeydə alınmalı, qeyd olunan məktəbdə araşdırma aparılmalıdır. Belə olanda, təhsil müəssisəsinin rəhbərliyi narahat olacaq və bu kimi hallara yol verməyəcək. Rüşvətin qarşısını almaq üçün anonim şikayətlər qiymətləndirilməli, məktəblərdə mütəmadi monitorinqlər aparılmalıdır”.

Kamran Əsədov
Kamran Əsədov

“Azərbaycanda 4447 orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 81 faizi qadınlardır. Təbii ki, şagirdlərin valideynləri onları həm müəllim, həm də bir qadın kimi olaraq təşəkkür etməlidir”, – ekspert belə deyir.

O hesab edir ki, hər bir şagird ona təhsil verən müəllimə təşəkkürünü bildirməlidir: "Bu gül, yaxud açıqca, ya da şagirdin çəkdiyi rəsm olmalıdır. Təəssüf ki, Azərbaycanda bu tipli hallar ancaq “Məlikməmmədin nağılı”nda olur. Onu da deyim ki, bəzi kişi direktorlar da 8 Martda pul yığır, yaxud pul yığılmağında iştirak edir. Hətta bəzi məktəblərdə müəllimlər konkret qiymət qoyublar: 50 manat pul ödənilməlidir. Sanki Vergilər Nazirliyindən təsdiq edilmiş xidmət haqqıdır. Pulu ödəməyən uşaq və valideynə qarşı təzyiq göstərilir. Xatırlayıram, ötən və ondan əvvəlki illərdə Bakının bir neçə kəndindəki məktəblərdə 50 manat verilməsi ilə bağlı konkret şərt qoyulmuşdu. İmkansız ailənin bir neçə uşağı 20 manat pul vermişdi. Müəllim adına layiq olmayan həmin şəxslər pulu uşağın üstünə atmışdılar ki, lazım deyil, pulun başına dəysin. Uşağa qarşı kobud ifadələr, nalayiq sözlər işlətmişdilər. Bu tipli halların qarşısı alınmalıdır. Müəllimlər etik davranış qaydalarının tələblərinə riayiət etməlidirlər”.

Kamran Əsədov deyir ki, məktəblərdə bayramlar kommersiyalaşıb, pul yığmaq mərasiminə çevrilib: “Müəllim bazar alverçisinə çevrilməməlidir. İndi müəllimlər kreditini ödəmək, maddi problemlərini həll etmək üçün Müəllimlər Gününü, 8 Martı, bayramları gözləyir. Düşünür ki, 5 oktyabr Müəllim Günündə bu qədər pul yığaram. 8 Martda da filan qədər pul yığaram. Hesab edirəm ki, bunun qarşısı birmənalı şəkildə alınmalıdır”.

Ana səhifəXəbərlərTəhsil Nazirliyi: 8 Martda pul yığılması faktına rast gəlsəniz, “Qaynar xətt”ə müraciət edin