Təhsil Nazirliyi: 200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb

”Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur”

Source:


”Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur”

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Bu barədə “Report”a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, II ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub.

“Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 385 nəfər (43,8 faiz) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8 faiz, 2014-cü ildəki göstəricidən 9,1 faiz artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40 faiz), 2014-cü ildə isə 32 159 nəfər (34,7 faiz) təşkil edib.

Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7 faiz, II qrup üzrə 5,3 faiz, III qrup üzrə 0,5 faiz, IV qrup üzrə 9,9 faiz yaxşılaşma qeydə alınıb”, – nazirlikdən bildirilib.

Nazirlik bildirir ki, ali məktəblərə qəbul imtahanlarında bütün ixtisaslarda abituriyentlərin topladığı ballar üzrə müşahidə edilən artım tempi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilən tədbirlərin, təhsilverənlərin, təhsilalanların və valideynlərin səmərəli əməkdaşlığının daha yaxşı təşkili baxımından görülən işlərin sayəsində mümkün olub.

Məlumatda qeyd olunur ki, bu il ilk-peşə ixtisası müəssisələrində qəbul planı üzrə müxtəlif ixtisaslar üzrə 19000-dən artıq yer nəzərdə tutulub.

Ana səhifəXəbərlərTəhsil Nazirliyi: 200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb