Mikayıl Cabbarov: ”Bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”
Vurğun Əyyub: ”Təhsil Nazirliyi ali məktəblərə imtahan keçirilməsi sifarişi verirsə, pulunu da ödəməlidir”
Dövlət İmtahan Mərkəzinin (DİM)rəhbəri Məleykə Abbaszadə bildirib ki, Azərbaycanda imtahanların keçirilməsi üçün xərcləri dövlət deyil, abituriyentlər ödəyəcəklər.
Onun sözlərinə görə, bu, dövlət qulluğuna imtahanlar da daxil olmaqla, bütün səviyyələrdə qəbul imtahanlarına aiddir. Azərbaycanda orta təhsil pulsuz olduğundan yalnız buraxılış imtahanları istisna təşkil edəcək. DİM sədri yeniliyin bu il imtahan verənlərə şamil edilməyəcəyini, onların ancaq hazırkı tarif üzrə dövlət rüsumunu ödəyəcəyini söyləyib.
Lakin o, qəbul imtahanlarında iştiraka görə ödəniləcək məbləği və bu ödənişin ail məktəbə və ya ixtisas qrupuna görə dəyişib-dəyişməyəcəyini açıqlamayıb.
Təhsil naziri Mikayıl Cabbarov isə iyulun 14-də jurnalistlərlə söhbətində bildirib ki, həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır: “Bu, dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcək? Ona görə də düşünürəm ki, bu məsələ geniş şəkildə müzakirə olunacaq”.
M.Cabbarov nazirliyə bu barədə müraciət olunduqdan sonra rəsmi mövqe bildiriləcəyini deyib: “Mənim baxışım ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, təhsil üzrə ekspert Vurğun Əyyub Meydan Tv-yə bildirib ki, M.Abbaszadənin söylədikləri doğrudur: “Yeni qurum hakimiyyətdən asılı olmamalıdır. Dövlət İmtahan Mərkəzi qiymətləndirməklə məşğuldursa, sifarişi verən qurumlar da onun xərcini ödəməlidir. Mən Məleykə xanımın fikirlərində bir məqamla razılaşmıram, o da imtahan xərcini vətəndaşların ödəməsidir. Vətəndaşın üzərinə onsuz da kifayət qədər yük qoyulur, insanların sosial durumları elədir ki, bütün ödənişləri etməyə imkanları çatmır. Əgər Təhsil Nazirliyi ali məktəblərə imtahan keçirilməsi sifarişi verirsə, pulunu da ödəməlidir”.