Təhsil kreditlərinin verilməsi qaydası dəyişib

Təhsil krediti. Foto: “azedu.az”

Daha iki kateqoriyadan olan tələbələr tələbə krediti ala biləcəklər

“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, əhalinin sosial həssas qrupuna aid daha iki kateqoriyadan olan tələbələr – ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbə krediti ala biləcəklər.

2021-ci il iyunun 17-də Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Məqsəd aztəminatlı təbəqələrin təhsilə əlçatanlığını təmin etməkdir.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.

Kredit Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Qiyabi təhsil alanlara şamil olunmur.

Ana səhifəSosialTəhsil kreditlərinin verilməsi qaydası dəyişib