Təhsil İdarəsi: “Məktəblinin saçına irad bildirən müəllimə töhmət verilib”

Foto: https://edu.gov.az/

Şagirdin valideyni məktəbə dəvət edilib

116 nömrəli tam orta məktəbin V sinif rəhbəri Yeganə Qasımova 11 yaşlı şagirdə saçının uzun olması ilə bağlı etdiyi irada görə cəzalandırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı press-relizdə bildirilir ki, məktəb rəhbərliyi tərəfindən müəllimə töhmət verilib.

“Həmçinin valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun zamanda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb”, – məlumatda qeyd edilir.

Almaniyadan deportasiya olunmuş jurnalist Röya Rəfiyevanın sözlərinə görə, dekabrın 13-də müəllim Yeganə Qasımova oğlunu V sinif şagirdlərinə qız kimi təqdim edib.

Röya Rəfiyeva bununla bağlı “Facebook”da status paylaşıb. Müəllimin övladı Aminin oğlan olmasından xəbərdar olduğunu yazıb.

Onun sözlərinə görə, məktəbdə səlahiyyətlilərlə yanaşı, adı çəkilən müəllim oğlanın qısa zamanda saçını kəsdirməyi anaya məsləhət biliblər.

116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova daha öncə müəllim Yeganə Qasımovanın 11 yaşlı Amini doğrudan da qıza bənzətdiyini deyib:


“Sadəcə bircə kəlmə demək istəyirəm ki, uşaq bizim məktəbə dünən gəlib, müəllimə birinci dəfə görüb. Uşağı görən hər bir kəs… Həmin anda bir göz baxışı var, biz azərbaycanlıyıq, uşaq həqiqətən, qız uşağına bənzəyir. Yəni onu özündən soruşmadan heç kəs deyə bilməz bu nədir. Müəllimənin də ona heç bir qeyri-adi iradı olmayıb, sadəcə əzizləyib. Səhvən, elə bilib ki, həqiqətən qız uşağıdır. Biləndə ki, oğlandır, qucaqlayıb, öpüb və bütün sinifin içində deyib ki, üzr istəyirəm, mən bilmədim ki, sən oğlansan. Valideynindən də üzr istəyib, bununla da məsələ bitib. Bunu belə ictimailəşdirməyə məncə, heç bir ehtiyac yoxdur”.

Ana səhifəSosialTəhsil İdarəsi: “Məktəblinin saçına irad bildirən müəllimə töhmət verilib”