Nazirlik: “Həmin lövhələr bütün məktəblərə pulsuz paylanılır”
Prezident İlham Əliyevin şəkli əks olunan İkinci Qarabağ müharibəsi ilə bağlı məlumat lövhələrinin Təhsil Nazirliyi tərəfindən bölgələrdəki məktəblərə 300 manata satıldığı deyilir.
Adlarının çəkilməsini istəməyən ayrı-ayrı rayon məktəblərində işləyən tədris hissə müdirləri və müəllimlər Meydan TV-yə bildiriblər ki, plakat nazirlik tərəfindən məktəbə göndərilir.
“Məktəb direktorlarını əlavə xərclərlə yükləyirlər. Hətta dövlət başçısının şəkillərini də məktəb direktorlarına satırlar. Direktorlar isə bu pulları müəllimlərdən yığmaq məcburiyyətində qalırlar. Direktor pulunu ödəyir, sonra da müəllimlərin maaşından tutulur”, – şikayətçi olan müəllim bildirib.
Azərbaycanda ümumilikdə 4432 məktəb var.
320 orta ümumi təhsil müəssisəsi Bakıda, 4112 məktəb isə bölgələrdədir.
Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarına əsasən, məktəblərdə bu kimi plakatlar, şəkil, informasiya xarakterli məlumat lövhələrinə görə pul yığılması nəzərdə tutulmayıb.
Həmin vəsaitlər məktəblərə dövlət büdcəsinin vəsaiti hesabına göndərilir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehli Meydan TV-yə deyib ki, məsələ araşdırılıb: “Yanlış məlumatdır. Birmənalı olaraq həmin lövhələr bütün məktəblərə pulsuz paylanılır”.
Təhsil eksperti Kamran Əsədov Meydan TV-yə deyir ki, bölgədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində bu kimi hallara rast gəlinir:
“Desəm ki, belə hallar yoxdur, yalan olar. Məndə də məlumatlar var. İcra başçıları, rayon təhsil şöbələri məktəb direktorlarına deyiblər ki, lövhələrin pulu verilməlidir. Amma həmin plakatlar, informasiya xarakterli məlumat lövhələri dövlət büdcəsinin vəsaiti hesabına çap olunaraq göndərilir”.