”Təhlükəsizliyimiz üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir”

Ceyranbatan su anbarına çirkab suları axır?

Source:
foto trend.az
foto trend.az


Ceyranbatan su anbarına çirkab suları axır?

Ceyranbatan su anbarının yaxınlığında yaşayan sakinlər narazıdır. Onlar Bakı və Sumqayıt şəhərlərini içməli su ilə təmin edən du anbarının ətrafını üfunət qoxusunun bürüdüyünü deyirlər. Sakinlər Meydan TV-yə şikayətlənərək bildiriblər ki, yağış yağan kimi su anbarının ətrafında gölməçələr yaranır. Onlar yağış yağan zaman su anbarına çirkab sularının axdığından şübhələnirlər.

Anbarlardakı içməli su hansı qaydalarla təmizlənməli və əhalinin istifadəsinə verilməlidir?

Diqqət edilmədiyi halda fəsadlara yol aça, kütləvi epidemiya mənbəyi ola bilər. Bu səbəbdən içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji vəzifədir.

İçməli su anbarlarının mühafizəsi ilə bağlı Trend-in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyətli olduğunu deyir.


Cavabdeh kimdir?

Bildirir ki, su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var:

“Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı “Sanitar epidemioloji salamatlıq haqqında” Qanun və Azərbaycan Su Məcəlləsi də var. Qanunvericilik aktlarda su anbarlarının mühafizəsi, onların hidrotexniki qurğularla təchizatı göstərilib. Deməli, anbarlarının mühafizəsi qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib”.


“Su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb olar”

Elmar Nurəliyev bildirir ki, insanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir: “Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır”.


“Su anbarının ərazisini müşahidə edən nəzarət kameraları quraşdırılmalıdır”

E.Nurəliyev deyir ki, su anbarlarının ətrafında yaşıllıq zolağının olması, ətrafda işıqlandırma sisteminin quraşdırılması vacibdir: “Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən nəzarət kameraları quraşdırılmalıdır. Su anbarının qapısı həmişə bağlı olmalı və buna xüsusi nəzarət edilməlidir. Hər hansı su anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən əhalinin həyatına təhlükə yaranar. Qanunvericiliyə görə, su anbarlarında baş verəcək hər hansı neqativ hadisəyə görə, həmin anbarlara cavabdeh şəxslər məsuliyyət daşıyırlar”.


“Azərsu xüsusi diqqət yetirir”

Məsələyə münasibət bildirən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, su anbarlarının mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara lazımi səviyyədə nəzarət edilir: “Bununla bağlı Bakıdakı yaşayış məhəllələrində və binaların həyətlərində olan su anbarlarında mütəmadi yoxlamalar aparılır. Köhnə su anbarları standartlara uyğun təmir edilir. Xətai və Suraxanı rayonlarında artıq 10-a yaxın su anbarının ətrafı abadlaşdırılıb, hasarları yenidən qurulub, ərazidə işıqlandırma sistemləri quraşdırılıb. Anbarların içi mütəmadi təmizlənir və əhalinin təmiz içməli su ilə təminatına xüsusi diqqət yetirilir”.

Ana səhifəXəbərlər”Təhlükəsizliyimiz üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir”