“Zaur Hüseynov heç bir işçinin şikayətinə baxmır”
37 il “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində çalışan Nazim Abdullayev işdən çıxmağa məcbur edildiyini deyir.
“Bakı Metropoliteni” Baş Müfəttişlik Aparatında hərəkətin təhlükəsizliyi üzrə müfəttiş vəzifəsində işləyən Nazim Abdullayev bildirir ki, ötən ilin oktyabrından ona hədə-qorxu gələrək, vəzifədən azad etmək istəyirlər.
“Baş müfəttiş Elxan Məmmədov dedi ki, sədr deyib ərizəsini yazıb işdən çıxsın. Mən onunla işləmək istəmirəm. Mən yazmadım. Ərizə yazmadığıma görə mənə məzuniyyət verdilər. Hər gün dalbadal zəng vurub deyirdilər ki, “gəl, ərizəni yaz”. Deyirdilər, sədr bildirib ki, elə etməsin o səviyyəyə salım, respublikada iş tapmasın”.
Nazim Abdullayev hazırda bülletendədir. Deyir ki, yerinə işçilər götürüblər. Özünü də ixtisara salacaqlarını deyiblər. İşdə verdiyi mübarizə əsəblərini, ürəyini də zəiflədib. Bu səbəbdən də elə o vaxtdan bülletenə çıxıb:
“Onlar məni elə əsəbləşdirdilər ki. Dalbadal da zəng vurub deyirlər ki, gəl, çıxarışını al. O dərəcəyə çatdırdılar ki, əsəbdən ürəyim tutdu. Halım ollmadı, bülleten götürdüm. O qədər bizdə bu şəkildə adamları işdən çıxarıblar ki. Yerinə də başqasını gətiriblər. Bülletendə olduğum halda zorla qol çəkdirmək istəyirlər”.
Müfəttişin sözlərinə görə, sədr Zaur Hüseynov Bakı Metropoliten QSC-nə təyin olunandan heç bir işçini qəbul edib şikayətlərinə baxmır. Ancaq ixtisarlar artan xətlə davam edir.
“Zaur Hüseynovun dəstəsinin hansından düzgün işləmək tələb ediriksə, “sədri Mehriban Əliyeva təyin etdirib, bizə heç kim bata bilməz”- cavabını eşidirik”.
Qatarların hərəkətinin təhlükəsizliyi üzrə müfəttiş “Bakı Metropoliten” QSC- də təhlükəsizlik qaydalarına əməl olunmadığını deyir. Onun sözlərinə görə, odsöndürənlər istismar müddətini başa vursa da, rəhbərlik onların müvəqqəti istifadəsinə icazə verir:
“Həmçinin metro vaqonlarında istehsalçı zavodla razılaşdırılmadan konstruktiv dəyişiklərin edilməsi qadağan olunduğu halda vaqonların ayrı-ayrı aparatları, maşinist kabinaları yanğın təhlükəsizliyinə məhəl qoyulmadan dəyişdirilir. 2719-2720 saylı qatarın hər iki maşinist kabinasının ön hissəsində fövqəladə hallar zamanı hərəkət qismən və ya tam dayandırıldıqda, sərnişinlərin təxliyyəsindən ötrü qapı və açılıb-yığılan pilləkən olduğu halda onları ləğv edərək, yeni kabina quraşdırılıb. Quraşdırılan kabina da hər tərəfdən çat verib. Bu da nə sərnişinlərin, nə də maşinistlərin təhlükəsizliyini təmin edir”.
Məsələyə münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyir ki, Nazim Abdullayev şikayətindən ürək xəstəliyi ilə bağlı bülletenə çıxdığını bildirsə də, oktyabr ayından müxtəlif tibb müəssisələrində müxtəlif vaxtlarda və müxtəlif xəstəliklərlə (məsələn, kəskin bronxit) bülleten açdırıb və hələ də işə çıxmır:
“Sizə şikayətində sadaladığı bütün iddialar bunun kimi cəfənqiyyatdır. Ancaq ixtisarla bağlı onu deyə bilərik ki, ümumiyyətlə, aparılan optimallaşdırma zamanı bəzi ştat vahidləri ixtisar oluna bilər. Bu zaman isə həmin vəzifədə çalışan şıxslərə başqa iş təklif olunur. Həmçinin Nazim Abdullayevin çalışdığı strukturda da optimallaşdırılma aparıldığından bir ştatın ixtisar olunması zərurəti yaranıb. Strukturun rəhbəri Nazim Abdullayevin işə göstərdiyi laqeyd münasibəti və məsuliyyətsizliyi nəzərə alaraq, onun ixtisar olunmasının məqsədəuyğun olduğu hesab edilib”.