2005-ci ilin martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov evinə gedərkən qətlə yetirilib. Mərhum jurnalistin qətl günündə məzarı başına həmkarları, siyasi liderlər, gənc fəallar toplaşıb.
Elmar Hüseynov 1990-cı illərin əvvəllərindən jurnalistikaya gəlib. Bir neçə rusdilli mediada işləyəndən sonra “Monitor” jurnalını təsis edib. Jurnal Əliyevlər ailəsini sərt tənqid edən məqalələri ilə tanınırdı.
Elmar Hüseynovun qətlindən sonra da jurnalist ölümləri baş verib. Publisist Rafiq Tağı və Rasim Əliyev öldürülüb.
Azərbaycan “Sərhədsiz Reportyorlar” təşkilatının hazırladığı hesabatda Mətbuat Azadlığı indeksinə görə 180 ölkə içərisində 163-cü yerdədir. Siyasi məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu ötən il yaydığı hesabatda 6 jurnalist və bloqqerin həbsdə olduğunu açıqlayıb.