Tədqiqatçı ev dustaqlığına buraxılmadı

İqbal Əbilov, foto: Ülviyyə Əli

İqbal Əbilov dövlətə xəyanət ittihamının əsassız olduğunu deyib

Talış tarixini araşdıran azərbaycanlı tədqiqatçı İqbal Əbilovun ev dustaqlığına buraxılması üçün vəkili vəsatət vermişdi. Vəsatətə avqustun 31-də Səbail Rayon Məhkəməsində baxılıb və təmin olunmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan və bu qurumun əməkdaşlarının əhatəsində məhkəməyə gətirilən İqbal Əbilov maşından düşürülüb məhkəmə binasına salınarkən ətrafdakılara təqsirsiz olduğunu deyib.

Onun ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə qapalı məhkəmədə baxılıb.

Müstəntiq onun həbsdən buraxılmasına etiraz edib. Deyib ki, dövlətə xəyanət kimi xüsusilə ağır cinayətdə ittiham olunur, həbsdən buraxılması istintaqın gedişinə mənfi təsir göstərə bilər. İstintaqdan yayınmaq, proses iştirakçılarına təsir göstərmək ehtimalı var.

Özü isə dövlətə xəyanət ittihamının əsassız olduğunu, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlandığını bildirib. Onun fikrincə, talışların hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.

Vəkili də deyib ki, İqbal Əbilovu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. Onun Azərbaycanda yaşayış yeri var, elmi fəaliyyətlə məşğuldur və s.

Hakim İqbal Əbilovu ev dustaqlığına buraxmaqdan imtina edib.

Müdafiə tərəfi bu qərardan apelyasiya şikayəti verəcək.

Özü də milliyyətcə etnik talış olan İqbal Əbilovə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
İqbal Əbilov uzun illər Belarusda yaşayıb. Yaxınlarının bildirdiyinə görə, o, iyun ayında Azərbaycana qohumlarından birinin toyuna görə gəlib: “İyunun 27-də qayıdanda hava limanında onu buraxmayıblar. Üstəlik, pasportunu və telefonunu da əlindən alıblar. İyulun 22-də onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Masallı şöbəsinə çağırıblar, deyiblər ki, pasportu və telefonu qaytaracaqlar. Bundan sonra ondan xəbər çıxmayıb”.

Yaxınları deyir ki, onun Bakıya – DTX-ya gətirilməsi barədə ailə üzvlərinə məlumat verməyiblər. Onun yerini, niyə saxlandığını öyrənmək üçün Ombudsman Aparatına müraciət ediblər. Bu yolla İqbal Əbilovun dövlətə xəyanət və mili zəmində ədavət salmağa yönəlik hərəkətlər ittihamı ilə saxlandığını öyrəniblər.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

Ana səhifəXəbərlərTədqiqatçı ev dustaqlığına buraxılmadı