”Təcridxanada əlavə kömək olmadan intihar etmək mümkün deyil”

Təşkilatlar Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat verdi

Source:


Təşkilatlar Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat verdi

Avropada fəaliyyət göstərən “Oyan” Hərəkatı siyasi fəal Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat verib.

Mehman Qələndərovun aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib.

“Oyan” Hərəkatı hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslərə edilən dövlət səviyyəsindəki təzyiq təcili surətdə durdurulmalı, o cümlədən işgəncə, qeyri-insani rəftar və hətta ölüm dərəcəsinə çatdıran basqılara son qoyulmalıdır:

“Həbsdə olan bloger, siyasi məhbus Mehman Qələndərovun intiharının (?) məsuliyyəti birbaşa hakim rejimin üzərindədir və rejim bunun hesabatını ictimaiyyət qarşısında verməyə borcludur.

Keçmiş siyasi məhbusların dediklərinə istinad edərək bildiririk ki, Kürdəxanı İstintaq Təcridxanasının saxlanma kameralarında intihar üçün şəraitin mümkünsüzlüyünü nəzərə alaraq, işin qətl olması üzərində durulması və bu yöndə istintaq aparılması zəruridir.

Əgər iddia edildiyi kimi məhbus intihar edibsə, bu fakt qanunla nəzərdə tutulmuş 125-ci maddəyə uyğun olaraq araşdırılmalı, intihara sövq edən, intihar həddinə çatdıran səbəb və ya şəxslər müəyyən edilməli, qanuna uyğun olaraq cəzalandırılmalıdır”.

Bəyanatda deyilir ki, Mehman Qələndərov həbsdə həyatını itirən ilk siyasi məhbus deyil:

“Bu özbaşınalıq davam etdiyi müddətcə, son olmayacağını nəzərə alaraq, rejimin bu əməldən çəkilməsini, həbsdəki siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxmasını tələb edirik.

Siyasi məhbusun ölümündən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birbaşa məsuliyyət daşıdığını, ictimaiyyətə yalan məlumat verməklə M.Qələndərovun həyatda olmasını bildirməsi və bundan sonra yalanın ifşası üzərinə mərhumun cənazəsini ailəsinə verməkdən imtina etməsi nəzərə alaraq ən azından Penitensiar Xidmətinin rəisinin istefa verməsini qətiyyətlə tələb edirik”.

Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus da Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat verib.

İctimai-siyasi fəalların təzyiq və həbslərə məruz qaldığını vurğulayan hüquq müdafiəçisi deyir ki, bu şəxslər əsasən “narkotik maddənin saxlanması və istifadəsi” maddəsi ilə həbs olunur. Belə şəxslərdən biri də Mehman Qələndərov idi. O, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.

Sülh və Demokratiya İnstitutu Mehman Qələndərovun ölümündən sarsılıb və narahatdır. Hesab edir ki, Azərbaycandakı avtoritar rejim azadlıq və demokratiya uğrunda mübarizə aparan fəalları təhdid edir, həbs edir və öldürür.

“Bakıda, 1 saylı Kürdəxanı Təcridxanasında 16 ay həbsdə olmuş biri kimi deyə bilərəm ki, orada əlavə kömək olmadan özünü asaraq intihar etmək mümkün deyil”.

Hüquq müdafiəçisi Leyla Yunus belə deyir.

Sülh və Demokratiya İnstitutu beynəlxalq hüquq müdafiə təşkilatlarını, Avropa Parlamentinin İnsan Haqları Komitəsini, Avropa Şurasına üzv dövlətləri, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığını Azərbaycan hökumətindən M. Qələndərovun ölümü ilə bağlı şəffaf istintaq tələb etməyə çağırır:

“Avropa Birliyinin öz vətəndaşlarıın hüququnu pozan, işgəncə verən, öldürən avtoritar rejimlə əməkdaşlıq etməsi Azərbaycanın inkişafını yavaş-yavaş “Suriya yolu”na yaxınlaşdırır”.

Bu siyasət qisasçılıq hissini artırır

Müsavat Partiyası Divanı da Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında müəmmalı ölümü ilə bağlı bəyanat yayıb. Partiya bir siyasi məhbusun həbsxanada həyatının itirməsini cəmiyyəti sarsıdacaq hadisə hesab edir.

“İlk gün bu haqda ziddiyyətli məlumatların yayılması, mərhumun tələsik və ictimaiyyətdən gizli dəfn olunması onun intihar etməsinə əsaslı şübhələr yaradır” – bəyanatda vurğulanır.

Müsavat Partiyası bəyanatında qeyd edir ki, bu ölüm hadisəsi ilə eyni günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində olan gənc “NİDA”çılar – İlkin Rüstəmzadə və Bayram Məmmədovla bağlı xəbərlər də həbsxanalarda siyasi məhbuslara qarşı mənəvi-psixoloji və fiziki təzyiqlərin artdığını, qisasçılıq siyasətinin gücləndiyini göstərir:

“İşgəncə faktları ilə əlaqədar artan xəbərlər intihar etdiyi iddia olunan Mehman Qələndərovun da ölümü ilə bağlı şübhələri möhkəmləndirir.

Müsavat Partiyası baş verənləri bütün mənəvi dəyərlərin tapdanması, mənəvi böhranın daha da dərinləşməsinə gətirən hal kimi qiymətləndirir. Bu siyasətin cəmiyyətdə qisasçılıq və nifrət hissinin artmasına, daha ağır nəticələrə gətirib çıxara biləcəyini hakimiyyətin diqqətinə çatdırır.

Müsavat Partiyası hakimiyyətdən siyasi məhbus Mehman Qələndərovun ölümü, eyni zamanda “NİDA”çı siyasi məhbuslar – İlkin Rüstəmzadə və Bayram Məmmədova qarşı işgəncələr barədə yayılan məlumatların dərhal araşdırılıb, ictimaiyyətə məlumat verilməsini tələb edir”.

Ana səhifəXəbərlər”Təcridxanada əlavə kömək olmadan intihar etmək mümkün deyil”