Fəxri Xiyabana mülki geyimdə gələn təcridxana rəhbəri keçmiş NİDAçılara necə davranmalı olduqlarına dair açıq-aşkar göstəriş verirdi.
Əfv olunan keçmiş Nida üzvlərinin azadlığa çıxması maraqlı hadisələrlə yadda qaldı. Belə ki, gənclər azad olunduqları gün həbsxana rəhbərliyi tərəfindən onlara necə davranmaları ilə bağlı bəzən üstüörtülü, bəzən isə açıq-aşkar göstərişlər verildi. Şahin Novrzulu isə prosedur müddətində, ümumiyyətlə, çox gərgin görünür. Bu gərginlik ona həbsxananı tərk etməsinə dair sənədi təqdim edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovdan başqa, əfv komissiyası üzvlərindən heç kimlə əl verib görüşməməsindən də hiss olunur.
Gənclərin azadlığa çıxması zamanı yaddaqalan məqamlardan biri isə təcridxana rəhbəri Elnur İsmayılovun Elsəvər Mürsəlli ilə birgə 3 saylı İstintaq Təcridxanasından çıxarkən formada olduğu halda Fəxri Xiyabana mülki geyimdə gəlməsi idi. Daha maraqlı məqam isə E.İsmayılovun Bəxtiyar Quliyev və Elsəvər Mürsəlliyə Heydər Əliyevin məzarına necə gül qoymaları, necə gəlmələri və necə əyilmələri haqda təlimat verməsi idi.