Təcridxana rəisi Xədicə İsmayılı kars cəzası ilə hədələyib (VİDEO)

 “Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov məni kabinetinə çağıraraq dedi ki, böhtan və təhqir xarakterli məqalələr yazdığınıza görə sizə töhmət verirəm.  Mənə xəbərdarlıq etdi ki,  bir daha belə hallar olsa, ailələnizlə nə görüşə, nə də telefonla əlaqə saxlamağa icazə veriləcək”. Bu sözləri araşdırmaçı jurnalist Xədicə İsmayıl 28 apreldə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə deyib.

Xədicə İsmayıl yazıları yayımlanandan sonra kamerasında axtarış aparıldığını və çarpayısında saxlanc yeri aşkar edildiyini açıqlayıb. Jurnalist bildirib ki, bu çarpayı 2009-cu ildə kameraya yerləşdirilib və ondan əvvəl sabiq deputat Gülər Əhmədova bu kamerada cəza çəkib. Təcridxananın rəisi Azər Seyidov jurnalistdən məktubları mətbuata necə ötürdüyünü soruşub? Xədicə İsmayıl deyib ki, telepatiya üsulu ilə fikirlərini çatdırır.

“Azər Seyidov dedi ki, sizin əlinizə fürsət verib karsa salmaq istəmirəm, yoxsa Avropa Oyunları ilə bağlı yazdığınıza görə karsa salındığınızı vurğulayacaqsınız. Məncə, o xəbərdarlıq edirdi. Demək istəyirdi ki, bir də belə hallar olsa, mən karsa salına bilərəm. Bildirdim ki, əgər belə bir niyyətiniz olsa, bir də məni kabinetinizə çağırmayın, cəzanı icra edin”.

Jurnalistin vəkili Yalçın İmanov məhkəmənin qismən istintaq aparmaqla işə baxması ilə bağlı vəsatət verib. O, Elman Türkoğlunun şikayəti əsasında Binəqədi rayon Məhkəməsinin heç bir istintaq aparmadan, fakt əldə etmədən 2500 manat cərimə cəzası çıxardığını bildirib. Elman Türkoğlu və onun nümayəndəsi vəsatətin təmin olunmamasını istəyiblər. Hakim Qail Məmmədov vəsatəti təmin etməyib. Vəkil Fariz Namazlı qərardan kasasiya şikayəti verəcəklərini bildirib.

Ana səhifəVideoTəcridxana rəisi Xədicə İsmayılı kars cəzası ilə hədələyib (VİDEO)