Təcili tibbi yardımın gecikməsi səbəbindən azyaşlının xeyli qan itirdiyi bildirilir

Təcili tibbi yardım, foto: president.az

İkinci mərtəbədən yıxılan qıza görə 7 dəfə təcili yardım çağırılıb

Abşeronda ikinci mərtəbədən yııxılan uşağa görə çağırılan Təcili Tibbi Yardımın hadisə yerinə gəlmədiyi bildirilir.

Şahidlər bildiriblər ki, qız saat yarım beton üzərində ağrılar içində gözləyib. Bu müddət ərzində təcili tibbi yardıma 7 dəfə müraciət ediib. Qonşular məcburiyyət qarşısında uşağı özləri Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya gec çatdırıldığı üçün qan itirib, yaxınları əməliyyat üçün qana ehtiyac olduğunu bildiriblər.

Əməkdar həkim Tamella Kərimova isə bildirib ki, dünən binanın balkonundan yıxılan 13 yaşlı qızın atası ilə əlaqə saxlayıb:

“Hadisə Masazırda baş verib. Uşaq ehtiyatsızlıqdan yıxılıb. Hadisədən dərhal sonra 103-ə zəng edib, Təcili Tibbi Yardımı xeyli gözləsələr də, (1 saatdan çox) çağırışa heç kəs gəlməyib. Bunu qonşular da təsdiq edir. Gözlədikləri müddətdə uşaq xeyli qan itirib. Məcbur qalıb uşağı özləri xəstəxanaya çatdırıblar. Uşaq hazırda xəstəxanadadır. Əməliyyata alınması üçün təcili 1+ qana ehtiyac var. Digər qrup qan da ola bilər, xəstəxanada dəyişirlər”.

Həkim bildirib ki, uşağın atası fəhlə, anası təmizlikçidir. Kasıb ailədir. İmkanı olan şəxslər ailəyə yardım edə bilərlər. “TƏBİB, sizin məsuliyyətsizliyiniz, laqeydliyiniz, vicdansızlığınız, yarıtmazlığınız ucbatından uşağın vəziyyəti ağırlaşıb. Əlinizdən gələni edin, uşağa nəsə olmasın. Qan tapın, uşaq əməliyyat edilsin”,-Kərimova qeyd edib.

TƏBİB-dən isə bildiriblər ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qurumdan bildirilir ki, Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb:

“Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq”. “Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.

Ana səhifəTövsiyəTəcili tibbi yardımın gecikməsi səbəbindən azyaşlının xeyli qan itirdiyi bildirilir