Mənbə: Meydan.TV

Təbrizdə haranı ziyarət etməli...

Yaşı dəqiq bilinməyən, lakin minilliklərlə ölçüldüyü şübhə doğurmayan Təbriz tarix boyu Şərqin ən mühüm şəhərlərindən biri, Böyük ipək yolunun üzərində önəmli yaşayış məntəqəsi olub. Azərbaycan Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətlərinin paytaxtı olan Təbrizdə xeyli saraylar, məscidlər, istehkamlar, körpülər, karvansaraylar, gözəl şəxsi evlər tikilib.

Eyni zamanda Təbriz aktiv tektonik zonada yerləşir. Tarix boyu bir neçə dəfə burada güclü zəlzələlər olub. XVIII əsrdə - 1721, 1727 və 1780-ci illərdə - baş verən üç zəlzələ xüsusilə dağıdıcı olub, onminlərlə insanın ölümü və xeyli tikililərin dağılması ilə nəticələnib. Buna görə də Təbrizdə günümüzə gəlib çatan tarixi abidələr bir zaman tikilənlərin mövcud olanların az hissəsidir.

***

İlk ziyarət etdiyim tarixi abidə Ərk qalası oldu. Əslində indi mövcud olan tikili qala deyil, qala qapısıdır. Məsciddən, kitabxanadan və digər tikililərdən ibarət olan kompleksin tikintisinə XIV əsrin birinci yarısında, Elxanilər dövlətinin baş vəziri Tacəddin Əlişahın göstərişi ilə başlanılıb. Bu səbəbdən də ona bəzən "Ərk-e Əlişah" deyilir.

Lakin baş vəzirin ölümündən sonra işlər yarımçıq qalıb. Yalnız XIX əsrdə Qacar sülaləsinin hökmranlığı zamanı tikinti davam etdirilir və hərbi istehkam şəklini alır. Bəzi siyasi səbəblər üzündən ruslar 1911-ci ildə Təbrizə hücum edərkən şəhəri güclü artilleriya atəşinə tutdular. Ərk kompleksinin bir hissəsi dağıldı. İndi duruş gətirən tikilidə də mərmi izlərinə rast gəlinir.

Vaxtilə Əlişah məscidinin olduğu yerdə XX əsrin sonlarından nəhəng məscid tikilib. Mütəxəssislər və tarixçilər bu məscidin Ərkə ziyan vuracağı barədə həyəcan təbili çalırlar.

Ərk qalası

Ərk qalası

Mənbə: Meydan.TV

Ərk qalasından ən uzağı 10 dəqiqəlik piyada məsafəsində Saat meydanı deyilən yol qovşağı yerləşir. Məndə bu nöqtənin Təbrizin mərkəzi olduğu qənaəti yarandı. Ərazi öz adına görə 1934-cü ildə alman mühəndislər tərəfindən tikilən və saat qülləsi olan bələdiyyə binasına borcludur. Bina Təbrizin ən gözəl tikililərindən biridir və Ərk qalası ilə yanaşı Təbrizin simvoluna çevrilib. 1946-cı ildə Pişəvəri hökuməti də bu binada yerləşib. Sonra isə yenə bələdiyyənin olub.

2007-ci ildən etibarən binada həm də bələdiyyə muzeyi fəaliyyət göstərir. Muzeydə Təbrizin tarixi xəritələri, köhnə şəkilləri, şəhərin simvolik qızıl açarı nümayiş olunur. Eksponatlar arasında bələdiyyədə vaxtilə istifadə edilən ilk telefon, teleqraf aparatı, kinoproyektor, şəhərdəki ilk taksilərdən biri və s. var. Muzeydə həmçinin məşhur Təbriz xalçalarından nümunələr də sərgilənir.

Yaxınlıqdakı gözəl quruluşlu Salmasi evində isə unikal ölçü muzeyi yerləşir. Farsca "Muzey-e sənceş" deyilən bu muzeydə müxtəlif dövrlərdə və müxtəlif sahələrdə istifadə olunan ölçü alətləri nümayiş olunur. Burada həm zərgər tərəzisi, həm bazar tərəzisi, həm də ağır çəkidə tərəvəz məhsullarını satmaq üçün tərəzilər görmək olar. Bundan əlavə, muzeydə astrolyabiya kimi astronomiya alətinə, qədimi kompaslara və saatlara, meteorologiyada işlənən alətlərə rast gəlinir.

Saat meydanı tərəfdə ikən XVIII əsrin sonlarında tikilən Behnam evinə və 1870-ci illərdə tikilmiş Heydərzadə evinə baş çəkməyiniz də pis olmaz. Gözəl memarlığı ilə seçilən hər iki bina İranın milli abidələri siyahısına salınıb. Hazırda Behnam evi Təbriz İslam incəsənət universitetinə, Heydərzadə evi isə Şərqi Azərbaycan ostanının Turizm informasiya mərkəzinə məxsusdurlar.

Bələdiyyə binası

Bələdiyyə binası

Mənbə: Meydan.TV

Saat meydanını keçəndən sonra bir qədər də irəlilədikdə Azərbaycan muzeyinə yetişirsən. İstər muzey binasının tikintisində, istərsə də muzey eksponatlarının toplanmasında 1928-1960-cı illər (1953-1956 istisna olmaqla) İran arxeologiya xidmətinə rəhbərlik edən Fransa vətəndaşı Andre Qodarın önəmli rolu var.

1958-ci ildə açılan və əsasən İran Azərbaycanı ərazisində tapılan eksponatlardan tərtib olunan muzey üç hissədən ibarətdir. Birinci hissədə ən qədim dövlərdən İslama qədərki eksponatlar nümayiş olunur. İkinci hissədə İranın İslam tarixinə aid eksponatlar yer alıb. Üçüncü hissədə isə azərbaycanlı heykəltəraş Əhəd Hüseyninin əl işləri durur. Muzeyin kitabxanasında İranın tarixinə və arxeologiyasına, mədəniyyətinə və incəsənətinə həsr olunmuş 2500 kitab saxlanılır.

Azərbaycan muzeyinin lap yanında isə Xaqani parkı yerləşib. Buradakı Xaqani heykəli də Əhəd Hüseyninin əl işidir. Park elə də böyük deyil, hətta kiçik demək olar. Lakin olduqca zövqlə tərtib olunub və ətrafda yaşayan insanların sevimli istirahət yeridir.

***

Xaqani parkından dərhal sonra isə məşhur Göy məscid gəlir. Göy kaşılarla bəzədildiyinə görə belə adlandırılan və "İslamın firuzəsi" kimi tərif edilən məscid 1465-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşah tərəfindən tikilmişdir. İki il sonra Ağqoyunlu hökmdarı Uzun Həsənlə döyüşdə öldrülən Cahanşah özü də bu məscidin zirzəmisində dəfn edilib.

Məscid hələ XVI əsrdə baş verən zəlzələlərdən xəsarət alıb və Təbrizin əsas ibadətgahı funksiyasını itirib. 1780-ci il zəlzələsi isə məscidi demək olar ki, tamamilə dağıdıb və yalnız girişindəki tağ az-çox salamat qalıb. Tikili iki əsrə yaxın xaraba vəziyyətdə qalıb və nəticədə üzərini bəzəyən kaşıların böyük hissəsi itirilib.

1973-cü ildə Məhəmməd Rza şah Pəhləvinin göstərişilə məsciddə bərpa işləri başlanılıb. İslam inqilabı və səkkiz il davam edən İran-İraq müharibəsilə əlaqədar bərpa işlərində bir müddət fasilə yaransa da, sonradan işlər davam etdirilib və hazırda tamamlanmaq üzrədir. Göy məscid Azərbaycan memarlığını ən parlaq nümunələrindən hesab olunur .

Xaqani parkı və Göy məscid

Xaqani parkı və Göy məscid

Mənbə: Meydan.TV

Təbrizdə getməli olduğunuz daha iki yer isə XX əsrin böyük şairi Məhəmmədhüseyn Şəhriyarla əlaqəlidir. Bunlardan biri şairin ev-muzeyidir. Şəhriyar bir müddət Tehranda yaşadıqdan sonra 1969-cu ildə Təbrizə qayıdıb. Ömrünün son 19 ilini şair mərkəzin yaxınlığındakı kiçik küçələrdən birində yerləşən ikimərtəbəli mütəvazi evdə keçirib.

Şəhriyarın 1988-ci ildə vəfatından sonra ev Təbriz bələdiyyəsi tərəfindən satın alınıb və şairin ev-muzeyi yaradılıb. Burada Şəhriyarın məişətdə istifadə etdiyi əşyalar, geyimləri, fotoşəkilləri və portretləri, əlyazmaları, əsərlərindən ibarət və onun haqqında yazılan kitablar nümayiş etdirilir. Sonuncuların sırasında Azərbaycan Respublikasında çap olunan kitablar da var.

Digər muzeylərdən fərqli olaraq buraya giriş pulsuzdur. Onu da deyim ki, muzeylərə giriş əsasən 15 min rial təşkil edir ki, bu da 2 manata yaxındır. Bəzən giriş 20 min rial (2,5 manata yaxın) da ola bilər. Yanılmıramsa, Göy məscidə giriş 20 min rial idi.

***

Təbrizin Surxab məhəlləsində bir çox tanınmış şairlərin dəfn olunduğu qəbiristanlıq mövcuddur. Bizim daha çox tanıdırlarımızdan Qətran Təbrizi, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Zülfüqar Şirvani və digərləri burada dəfn olunublar. 1970-ci illərdə Şərqi Azərbaycan ostanının mədəniyyət naziri Təhmasib Dövlətşahinin təşəbbüsü ilə burada "Şairlər məqbrəsi" tikilir.

Şəhriyar vəfat edərkən bu tikilinin içində dəfn olunub. Məqbərəinin dairəvi mərkəzi zalında yerlşən məzarın üzərində sinə daşı görünür. Mərkəzi zalda Şəhriyarın böyük büstü, bir neçə portretləri və kitabları var. Bundan əlavə istər mərkəzi zalda, istərsə də məqbərəinin digər guşələrində Surxab məzarlığında dəfn olunan digər şair və ədiblər barədə məlumatlar yer alıb, təxmini portretləri asılıb.

Məqbərənin bir guşəsində isə mağaza yerləşir. Burada əsasən kitablar satılır. Eyni zamanda Təbriz şəhərinə aid suvenirlər, fotoşəkillər dəsti və başqa mallar almaq mümkündür.

***

Şairlər məqbərəsindən çıxdıqda sol tərəfə dönüb avtomobil yolunu keçdikdən sonra Qacar muzeyinə yetişirsən. Yaxınlıqda olsa da, bura Təbrizin artıq başqa qədim məhəlləsi - Şişgilandır. Muzeyin yerləşdiyi, Təbrizdə Əmir Nizamın evi kimi tanınan çox gözəl bina XIX əsrin birinci yarısında tikilib.

Evin ilk sahibi başqası olsa da sonradan Azərbaycan canişini vəzifəsini tutan Əmir Nizam (Həsənəli xan Gərrusi) tərəfindən alınıb və onun adı ilə tanınıb. Bina XX əsrdə də dövlət idarəsi kimi işlənilsə də, uzun müddət baxımsız qalması üzündən bərbad hala düşüb. Hətta bir müddət uçurulması barədə təkliflər səsləndirilib. Amma 1993-2006-cı illərdə aparılan əsaslı təmirdən sonra yararlı vəziyyətə gətirilib və burada Qacar muzeyi yaradılıb.

Asından göründüyü kimi muzey Qacar dövrünə həsr olunub. Binanın yarısı yerdən aşağıda olan birinci qatında əsasən hərbi eksponatlar nümayiş olunur: müxtəlif növ odlu və soyuq silahlar, sursatlar, hərbi geyimlər, sərkərdələrin şəkilləri. İkinci qatda isə Qacarlar dövründə buraxılan sikkələr, müxtəlif məişət əşyaları (lampalar, tikiş maşını, musiqi alətləri, qablar və s.) yer alır.

İranın ilk özəl muzeyi olan Ustad Bohtuni muzeyi də Şişgilan məhəlləsində yerləşir. Burada ustad Bohtuninin yaratdığı eksponatlar nümayiş olunur. Bohtuni çox şeyin, xüsusən də meyvə və tərəvəzin, çiçəklərin, Azərbaycan, İran və əcnəbi mətbəxə aid xörəklərin fiqurlarını yaratmışdır.

***

Təbriz bazarı dünyanın ən iri qapalı bazarı olub 1 kv km ərazini tutur. Onun nə vaxt yarandığı dəqiq məlum deyil. Bəzilərinə görə, eramızın IV əsrində, bəzilərinə görə isə regionda İslamın yayılmasından (VII əsr) az sonra təşəkkül tapıb. Təbriz bazarı İpək yolunun üzərində ən mühüm iqtisadi nöqtələrdən biri olub. Marko Polo, ibn Bətutə, Evliya Çələbi və bir çox səyyahların əsərlərində onun haqqında məlumatlara rast gəlmək olar.

5500-dən artıq dükanı olan Təbriz bazarı hazırda müstəqil bazarların kompleksindən ibarətdir. Bu bazarlar müəyyən məhsulların (zərgərlik məmulatları, xalçalar, ayaqqabılar, ədviyyatlar, şirniyyatlar və s.) satışı üzrə ixtisaslaşıblar. Hazırda çoxlu sayda müasir dükanların, eləcədə böyük marketlərin olmasına baxmayaraq, bazar təkcə Təbrizin deyil, İranın bütün şimal-qərb regionu üçün mühüm iqtisadi əhəmiyyəti olan obyektdir.

Onminlərlə insanın fəaliyyət göstərdiyi bazar bir çox siyasi hadisələrdə də önəmli rol oynayıb. İstər 1905-1911-ci illər Məşrutə inqilabı, istərsə də İslam inqilabı zamanı Təbrizdə gedən proseslərdə bazar çox önəmli rol oynayıb. 2010-cu ildən isə UNESCO tərəfində "Dünya irsi siyahısı"na salınmışdır.

Bazarın lap yaxınlığında isə Təbrizin məşhur Cümə məscidi yerləşir. Onun ən qədim hissəsinin Səlcuqlar dövründə tikildiyi söylənilir. Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər zamanında məscidə tikililər əlavə edilib. 1780-ci il zəlzələsi Cümə məscidinə də ciddi xəsarət yetirib, lakin Qacarlar tərəfindən bərpa olunub. Hazırda məscid tarixi abidə kimi dövlət tərəfindən qorunur.

***

Bazarın və Cümə məscidinin yaxınlığında "Məşrutə evi" adlanan muzey yerləşir. İkimərtəbəli ev İranda konstitusiya (məşrutə) uğrunda inqilab zamanı Səttarxan tərəfdarlarının tez-tez toplaşdığı məkan, demək olar ki, qərargahları olması səbəbindən belə adlanır.

Bina 1868-cu ildə Təbrizin varlı tacirlərindən Hacı Mehdi Kuzəkünani tərəfindən tikilib. İnqilab başlayan zaman yetərincə yaşlı olmasına baxmayaraq, Hacı Mehdi onun fəal tərəfdarlarından birinə çevrilir və öz evini inqilabçıların toplantı yeri edir. Gözəl quruluşa malik olan bina hələ Pəhləvi dövründə, 1975-ci ildə mədəni miras kimi qeydə alınır. Muzeyə çevrilməsi isə artıq İslam respublikası dövrünə, XX əsrin son illərinə təsadüf edir.

Muzeyin həyətində Səttaxan və Bağırxanın heykəlləri durur. İçəridə isə ev sahibi də daxil olmaqla Məşrutə inqilabının bir sıra görkəmli nümayəndələrinin büstü mövcuddur. Onların arasında Hovard Baskervil adlı ABŞ vətəndaşının və Zeynəb Paşa adlı qadının da büstləri var.

Muzeyin otaqlarında Məhəmməd Əmin Rəsulzadənin, Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin şəkillərinə rast gəlmək olar. Məlum olduğu ki, Rəsulzadə Məşrutə inqilabında bilavasitə iştirak edib. Mirzə Cəlil və Sabir isə yəqin ki, inqilabi hadisələri işıqlandırdıqlarına görə bu diqqətə layiq görülüblər.

Muzeydə həmçinin silahlar, hərbi ləvazimatlar, fotoşəkillər, fotoaparatlar, məişət əşyaları, sənədlər və digər eksponatlar nümayiş olunur. "Məşrutə evi"ni ziyarət edənlərə eksponatlarla yanaşı, binanın quruluşuna, interyerinə diqqət ayırmalarını məsləhət görərdim.

El gölü

El gölü

Mənbə: Meydan.TV

Təbrizlilərin ən sevimli istirahət yeri yəqin ki, Elgölü parkıdır. Şəhər mərkəzindən 7-8 km aralıda yerləşən parka metro ilə də getmək olar. Əvvəllər Şah gölü adlanan süni gölün hələ Ağqoyunlular zamanı yaradıldığı və kənd təsərrüfatının su ehtiyacını ödəmək məqsədi güdüldüyü söylənilir.

Qacar sülaləsi zamanı qaydalara görə, şahın böyük oğlu Azərbaycan valisi təyin edilirdi. O zaman gölün ortasında süni ada yaradılır və vali üçün kiçik saray tikilir. Pəhləvilər dövründə adanı ətraf ərazi ilə birləşdirən keçid çəkilir. Məhz bu zaman Şah gölü istirahət məkanına çevrilir. İslam inqilabından sonra isə adı dəyişdirilərək Elgölü qoyulur.

İnqilabdan 40 il keçməsinə baxmayaraq, təbrizlilərin əksəriyyəti buranı Şahgöl adlandırmağa üstünlük verir. Bu meyl onların heç də monarxist əhvallarından və şah dövrü üçün xiffətlərindən irəli gəlmir. Əhali bununla gölün şahanə gözəlliyini vurğulamağa çalışır.

Göl və park isə həqiqətən də gözəldir. Burada olmamısınızsa, Təbriz səfərinizi tam saymaq olmaz. Adanın ortasında yerləşən pavilyonda xörək yeyə və çay içə bilərsiniz. Qiymət Təbrizin başqa yerlərindən bir qədər baha olacaq, lakin Bakının analoji obyektlərilə müqayisədə ucuzdur. Burada görüşdüyüm bir təbrizli ilə iki çaynik çay və adama iki türk paxlavası yedik, buna görə 40 min rial (5 manatdan bir qədər çox) ödədik.

Təbrizlilərin başqa bir istirahət yeri şəhərin mərkəzində Ərk qalasının yaxınlığında yerləşən geniş Gülüstan parkıdır. Lakin son zamanlar buranı köhnə əşyaların küçə satışı ilə məşğul olanlar zəbt ediblər. Buna görə də bir hissəsi istirahət yerindən ticarət ərazisinə çevrilib. Parkda idman təmrinlərini yerinə yetirmək üçün qurğular, görkəmli təbrizlilərin büstləri quraşdırılıb, böyük fəvvarə tikilib.

***

Kəndovan Təbrizdən 58 km-lik məsafədə yerləşir. Türkiyənin Kappadokiya ərazisindəki kimi qayalıqda yerləşən yaşayış məskənləri ilə məşhurdur. Amma Kəndovanı Kappadokiyadan daha maraqlı edən bu evlərdə hələ də insanların yaşamasıdır.

Qayalardakı konusvari məskənlərdə XXI əsrdə insanların yaşaması qəribə təsir bağışlayır. Bu məskənlərin darısqallığından əlavə kənddə hərəkət yetəincə çətindir, hər dəfə aşağı düşmək, sonra yuxarı qalxmaq lazım gəlir. Buna baxmayaraq, burada 600-dən çox insan yaşayır.

Kəndovan

Kəndovan

Mənbə: Meydan.TV

Elə həmin qayalıq məskənlərdə və sonradan tikilən daha müasir dükanlarda yerli məhsullar və suvenirlər satılır. Qeyd etmək lazımdır ki, suvenir məsələsi Təbrizin də, Kəndovanın da zəif cəhətidir. Buranın özəlliyini əks etdirən suvenirlər tapmaq xeyli çətindir. Kəndovanda Eyfel qülləsinin maketinin satılması anlaşılmaz idi. Bu, mənə monqol dublyonkasını monqol turistlərinin almasını xatırlatdı.

Yaşayış məskənlərindən savayı cəhətlərinə görə də Kəndovan olduqca səfalı yerdir. Bura səfər etməyinizi mütləq məsləhət görürəm. Maraqlananlar üçün deyim ki, Təbrizdə tutduğum taksi məni Kəndovana aparmaq, orada 2-3 saat gözləmək və geri gərimək üçün 100 min rial aldı, bu da 13 manata yaxın edir.

***

Hündürlüyü 23 metr olan Təbriz Yanğın qülləsi 1917-ci ildə tikilib. Əvvəllər burada günböyu keçik çəkilər, şəhərin hansısa hissəsində tüstü və alov gördükdə yanğınsöndürənlərə xəbər verilirdi. Onu da deyim ki, İranda ilk yanğınsöndürmə stansiyası 1832-ci ildə Təbrizdə yaradılıb.

Sahibüləmir məscidi Təbrizin Səfəvilər dövlətinin paytaxtı olduğu zaman, I Təhmasibin hakimiyyətinin ilk illərində tikilmişdir. Osmanlıların Təbrizi tutması zamanı və 1780-ci il zəlzələsi nəticəsində məscid dağılsa da, sonradan bərpa olunub. Söz düşmüşkən onu da qeyd edim ki, İran İslam Respublikasında məscidlərin sayı Türkiyə şəhərlərində olduğundan nəzərəçarpacaq dərəcədə azdır.

Təbriz dəmir yolu və avtobus vağzalalrının binası da öz gözəlliklərilə seçilirlər. Acıçay körpüsü, Daş körpü və Qarı körpüsü şəhərin qədim körpülərindəndir. Təbrizin "Torqovı"sı sayılan və görkəmli Azərbaycan maarifçisi, şəhərin ilk meri Məhəmmədəli Tərbiyətin adını daşıyan küçədə gəzintini də məsləhət görərdim. Əgər səfəriniz yanvar-mart aylarına təsadüf edirsə, Səhənd dağındakı xizək kurortuna baş çəkin.

***

"Təbriz gözəldirmi?" sualına düşünmədən müsbət cavab verirəm. Eyni zamanda anlayıram ki, cavabım subyektivdir. Mən bir tarixçi kimi Təbrizin Azərbaycan tarixində oynadığı əvəzsiz roluna görə hələ görmədən ona vurulmuşdum. Təbriz hansı şəkildə olsaydı belə, onu sevəcəkdim. Çünki tariximizi, mədəniyyətimizi sevən şəxsin Təbrizi sevməməsi mümkün deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/onmckm

Ən çox baxılan