Təbii fəlakətdən zərər görmüş şəxslər evlərinin tikintisindən narazıdır

“Ağsuda çox adamın evini yarımçıq qoyublar, ya da başdangetdi tikiblər”

Source: Specify Source


“Ağsuda çox adamın evini yarımçıq qoyublar”

Ötən il fevralın 5-də episentri Ağsu rayonu olan 6 ballıq zəlzələdən sonra orada qəzalı vəziyyətə düşən fərdi evlərin təmiri ilə bağlı aparılan işlərdə nöqsanların olduğu deyilir.

Ağsu sakinlərinin sözlərinə görə, təmir olunan evlərin əksəriyyətinin ya tikintisi başa çatdırılmayıb, ya da fəhlələrin əməkhaqqı tam ödənilmədiyi üçün onlar işi yarımçıq qoyublar. Ev sahibləri dəfələrlə aidiyyəti üzrə müraciətlər etsə də, bildiriblər ki, şikayətlərinə baxılmır.

Ötən il Murad Soltanovun qəzalı vəziyyətdə olan evi Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülərək yenidən tikilib. Fərdi yaşayış mənzili altı ay öncə istifadəyə verilib. Murad Soltanov deyir ki, ötən ilin ortalarında tikilən evin döşəməsi şişib, tavanı sökülüb, divarlarda çatlar yaranıb:

“Mən ev təmiri ustasıyam. Evim tikilən zaman Rusiyada idim. Gələndə də gördüm ki, evi yalandan tikiblər. Dövlət rüsumunu ödəyib, qaz və işığı, həmçinin kanalizasiya sistemini çəkdirməyə pulum olmadı. Qonşudan işıq xətti çəkmişdim, bir otağı onunla işıqlandırırdıq. Rayonda iş tapmaq mümkün deyildi, ailəmi dolandıra bilmirdim. Bakıya gəldim, hazırda üç övladım, həyat yoldaşım və xəstə anamla birlikdə Digah qəsəbəsində 120 manatlıq evdə kirayə yaşayıram. Yeni ildə evə gedəndə qapıları aça bilmirdim. Döşəmələr necə yuxarı qalxıbsa, dəniz ləpələrinə bənzəyir. Gərək döşəməyə 5-6 yüz kiloqram ağırlığında nəsə qoyasan ki, aşağı yatsın. Bazaya getdim, dedilər ki, sən səhv danışırsan, orada yaşayış olmayıb deyə döşəmə nəmişlikdən şişib. Onların məntiqiylə yanaşsaq, gərək tikilən və illərlə yaşayışı olmayan evlərin döşəməsi şişməlidir. İş icraçısına sübut edə bilmədim ki, 3-4 taxtaya bir mismar vurulub. Evi başdansovdu işləyiblər. Ustaları da qınamalı deyil. Tikinti materialını az verirdilər. Onların əməkhaqlarını vermirdilər. Müxtəlif bəhanələr gətirirdilər, ustaları bezdirir, yalandan işlərində qüsur axtarıb beş yüz əvəzinə iki yüz manat verərək, pullarını kəsirdilər. Ustalar da işi yarımçıq qoyub gedirdilər. Ağsuda çox adamın evini yarımçıq qoyublar, ya da başdangetdi tikiblər. İndiyədək tikdikləri evlərin əksəriyyətindən şikayət edirlər”.

radim_q__mb__rovun_evi.jpeg
“Evi başdansovdu işləyiblər”

Ağsu rayonu Kələğaylı sakini Radim Qəmbərov da anoloji vəziyyətlə üz-üzədir. Onun evi ötən il iyulun 26-da elektrik naqillərinin qısaqapanması nəticəsində yanmışdı. Fövqəladə Hallar Nazirliyi tərəfindən ailə üçün yeni ev inşa olunsa da, tikinti işləri yarımçıq qoyulub. Hazırda evin nə qapısı, nə də pəncərələri var:

“Evimiz yanandan sonra aylarla çadırda yaşadıq. Dəfələrlə aidiyyətli orqanlara müraciət etsək də, şikayətimizə məhəl qoymadılar. Uzun mübarizədən sonra 2019-cu ilin sentyabr ayının sonlarında evin tikintisinə başlanıldı. Tikinti davam edən müddətdə işləyən fəhlələrin pulları gecikdirilirdi. Gecikmə ilə yanaşı, hər ay puldan yüz-iki yüz manat kəsirdilər. Evimiz ötən ilin dekabrında təhvil verilməli idi. Lakin Zəlzələ bölgəsi üzrə Qərargah fəhlələrin əməkhaqlarını gecikdirdiyi üçün onlar da işi yarımçıq qoymuşdular. Sonradan pulun bir hissəsini ödəsələr də, bizə tikinti materialları vermədilər. Evi tikib, dəhlizin tikintisini yarıda saxladılar. Hazırda dəhlizin ön hissəsinin beş cərgə hörgüsü yarımçıq qalıb. Evin qapı və pəncərələrini də qoymayıblar. Mənə dedilər ki, layihədə belə verilib. Biz onu yuxarıya kimi hörə bilmərik. Yağış yağanda hamısı taxta döşəməyə yağır. Məcbur olub döşəməyə sellofan səririk. Evin tavanını və döşəməsini vuran ustaya isə doxsan manat borcları vardı, vermədilər. Kərpici, sementi və əsas qapı-pəncərələri versələr, yaxşı olardı. Mənim imkanım yoxdur, onlar da işi yarımçıq qoyub gediblər. Təxminən ayyarım bundan öncə Hafiz müəllimə müraciət etdim, dedi ki, bizlik deyil, işimiz bura qədərdir”.

murad_soltanovun_evi-2.jpeg
“Evin qapı və pəncərələrini də qoymayıblar”

Zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətin məsul nümayəndəsi Hafiz adlı şəxs Meydan TV-yə açıqlamasında bildirib ki, koronavirusla əlaqədar olaraq hazırda işlər dayandırılıb:

“Radim Qəmbərovun evi yandığı üçün onlara yüz faiz qapı və pəncərə düşür və veriləcək. Hazırda bizdə Ağsu rayonu üzrə dörd yanan ev var. Onların hamısına qapı-pəncərə veriləcək. Murad Soltanova gəlincə, ola bilsin ki, onun evinə gətirilən taxtalar yaş olub. Bununla bağlı mayın 4-dən sonra Fövqəladə Hallar Nazirliyinin Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət etsin, şikayətinə baxılacaq”.

Ötən il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

radim_q__mb__rovun_evi-3.jpeg
“Hazırda dəhlizin ön hissəsinin beş cərgə hörgüsü yarımçıq qalıb”

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş rayonlara ümumilikdə 7 milyon manat ayrılıb.

Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və inşaat şöbəsinin müdiri Mirəli Qurbanovun Meydan TV-yə verdiyi məlumata görə, rayon üzrə ümumilikdə 2104 evin təmir, bərpa və tikintisi nəzərdə tutulub. İndiyədək 642 ev hazır olaraq təhvil verilib. Tikinti işləri bu ilin sonlarına kimi davam etdiriləcək

radim_q__mb__rovun_evi-1.jpeg
“Evi tikib, dəhlizin tikintisini yarıda saxladılar”
Ana səhifəBölgəTəbii fəlakətdən zərər görmüş şəxslər evlərinin tikintisindən narazıdır