Təbiət cəzamızı verir

Ən yaxşı halda, analarımız serial xəstəsi olub…

Source:

Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Baharın nəfəsi yavaş-yavaş bizim şimal tərəflərdə də hiss olunur. Heç qış günü də evdə oturmayan skandinavlar hamısı böyüklü balacalı axışıb çölə. Səhər nə qədər erkən durursan, dur, dəniz qırağında araba sürən, gəzən, uşağını gəzdirən, idman, ya səhər pikniki edən çoxlu adam görəcəksən.

Hansı ağaclığa, hansı sahilə gedirsən, təklik üçün şərait tapa bilməzsən, hər tərəf adamdır. Bir də vəziyyət axşam saat 7-8-dən sonra dəyişir, çünki bu vaxt ailələr uşağını yatızdırmalıdır.

Həftənin şənbə-bazar günləri isə skandinavlar sözün həqiqi mənasında özlərini tamamilə təbiətin ağuşuna atırlar.

Mən hərdən oğlumu səhərlə gəzməyə, açıq havaya çıxarıram. Açığını deyim ki, valideynlik məsuliyyəti olmasa, uşağa təmiz havanın vacibliyini bilməsəm, çox da isti olmayan, boz havada çölə çıxmaq yerinə, oturub internetdə qurdalanaram. Amma çöldə buranın adamlarını görürım və sözün yaxşı mənasında heyrətlənirəm. Adamlar uşaq oldu, olmadı, saatlarla açıq havada oturur, kitab oxuyan kim, haranınsa quru yarpalarını təmiləyən kim, qabaqlarına termosda çay, peçenye qoyub, söhbət edən kim, balıq tutan, qulaqcıqda nəsə dinləyən kim. Demək olar ki, mobil telefonda qurdalanan, təbiət qoynunda selfi çəkdirən, ümumiyyətlə, cibindən telefon çıxaran adamları az-az görərsən.

Adamlar təbiətlə əsl harmoniyada yaşayır, işdən-gücdən, planlardan, səfərlərdən, hesabatlardan, alış-verişdən istirahətə ayırdıqları vaxtı təbiətlə birlikdə keçirirlər.

Sonra da özümüzün nə qədər bədbəxt olduğumuzu fikirləşdim. Rəsmən internetin, sosial şəbəkələrin əsiri olmuşuq. Dostlarla yeməyə gedirik, onlarla zarafatlardan, ünsiyyətdən zövq almaq yerinə hərə əlinə bir telefon alır, internetdə qurdalanır. Yığışıb piknikə gedirik, allah qoymasa.

Piknikdə görmüşük ki, biri odun yığar, biri salat doğrayar, biri samovar qaynadar, biri manqal odlayar, biri DJ-lik edər, mahnı qoyar, deyib-gülüb oynayarsan, yeyib-içərsən, evə gəlib yoğrun düşüb yatarsan. Bizimilər piknikdə ərzağı süfrənin ortasına qoyub, açır interneti, allahın hansı fağırı manqalda bir şey bişirsə, bir də o yemək hazır olanda yeyib, durub gəlirlər evə. Adı da olur ki, piknikə getdik. Onun adı piknik deyil, açıq havada internetdə qurdalanmaqdır.

Uşaqlarımızı da özümüz kimi xəstə etmişik. Yaşlı ata-analarımızı da özümüz kimi xəstə etmişik. Ən yaxşı halda, analarımız serial xəstəsi olub, atalarımız da sosial şəbəkələrdə fake profil açıb, cavan qızlara ağızlarına gələni yazırlar. Hamısı da bizim xidmətlərimizdi. Vaxtında ata kabab çəkəndə, ana qutab bişirəndə, samovar qaynadanda, meyvə doğrayıb ortaya qoyanda, oturub yeyib söhbət etmək əvəzinə, bir tikə götürüb, burnumuzu sallamışıq telefona. Guya ordan bu dəqiqə tale yüklü bir xəbər çıxacaq, həyatımız dəyişəcək.

Burda rus dili öyrənən bir yerli xanım var. Bağça müfəttişidir. Qızı oğlumla yaşıddır. Həftənin beş günü işləyir. Uşaq bağçaya gedir deyə, onu ancaq axşamlar görür. Bir də şənbə-bazar günləri uşağını götürüb mütləq açıq havada 3-4 saat oynamağa çıxarır, ona açıq havada yemək yedizdirir, oynayır, uşaq tədbirlərinə aparır. Məni də qoşur özünə. Bizimlə vaxtını bitirəndə hər dəfə deyir ki, indi də gedirəm valideynərimə vaxt ayırmağa. Ailəcə axşam yeməyi yeyəcəyik, söhbət edəcəyik, filmə baxacağıq. Adam sosial şəbəkələrdən demək olar ki, istifadə etmir, ya da ən zəruri halda istifadə edir.

Hər şey cəhənnəm, təbiətdən uzaqlaşmağı kimə bağışlamaq mümkü olsa da, biz qafqazlılara bağışlamaq mümkün deyil.Belə gözəl təbiətin ola, ilıq havan, minlərlə bulağın ola, dağın bir ayrı, aranın bir ayrı gözəl ola, sən də bütün bu gözəllikləri qoyub, burnunu soxasan internetə. Bəlkə də bu əməlimizin nəticəsidir ki, təbiət də cəzamızı verir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTəbiət cəzamızı verir