TƏBİB: Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq

“Şəxsi fikrim budur ki, bir ildən tez xilas ola bilməyəcəyik”.

Source: Specify Source


Adil Qeybulla: “Dünyada koronavirus ətrafında yaradılan ajiotaj virusun öz təhlükəsindən daha çoxdur”

“Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Amma yeni virus ortaya çıxanda dünyanı nə qədər tez dolaşırsa, insanlarda o qədər immunitet yaradır”.

Bu açıqlamanı aprelin 16-da Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı səsləndirib.

Hande Harmancı dünyanın naməlum xəstəliklə qarşı-qarşıya qaldığını vurğulayıb. Ancaq o, şəxsi fikrini açıqlayıb:

“Şəxsi fikrim budur ki, bir ildən tez xilas ola bilməyəcəyik. Amma bu, bir il hamı evdə olacaq demək deyil, sadəcə, gündəmdən çıxmayacaq. Daha azalaraq gündəmdə qalacaq. COVID-19-da görürük ki, hazırlığımız doğru imiş. İndi respirator gigiyenaya daha yaxşı əməl edirik, nə qədər davam edəcəyi bilinmir. Bu xəstəlik hazırda həm soyuq, həm də isti iqlimin mövcud olduğu yerlərdə var”.

“Qafqazinfo” saytının məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir:

“Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.

Professor Adil Qeybulla karantin tədbirlərinin davam etdirilməsinin mövcud durumdan asılı olduğunu düşünür:

“Karantin izolyasiya deməkdir və bununla yanaşı epidimoloji, dezinfeksiya və başqa tədbirlər həyata keçirilməlidir”.

Amma Adil Qeybulla əlavə edib ki, dünyada infeksiyanın söndürülməsindən sonra hansısa qaydalardan söhbət gedə bilməz. Gələcəkdə bu cür infeksiyalara qarşı hazırlığa gəlincə, onun üçün dövlətin müəyyən strukturları yaradılmalıdır ki, intensivlik görə bilsin və mümkün qədər imkanları mobilizasiya etsin. İnsan hüquqları baxımından başqa azadlıqların məhdudlaşıdırlmasından söhbət gedə bilməz”.

Adil Qeybulla
Adil Qeybulla

“Koronavirusun yenidən qayıtması həmin qaydaların saxlanılmasına təsir göstərə bilərmi” sualına professor belə cavab verdi:

“Əslində, bütün dünyada koronavirus ətrafında yaradılan ajiotaj virusun öz təhlükəsindən daha çoxdur. Hətta bu infeksiya əleyhinə heç bir tədbir görülməsə belə, özbaşına buraxılsaydı, düzdür, itkilər daha çox olardı, amma gec-tez lokallaşıb sönəcəkdi. Çünki respirator infeksiyaların hər biri bu cür yolla sıradan çıxırlar. Hər yoluxmada tədricən mutasiya olur, xasiyyətini dəyişir, zəifləyib sıradan çıxır. Ondan başqa yoluxan adamlarda kollektiv immunitet yaranır. Məncə, Azərbaycanda əhali sıxlığı az olduğundan infeksiya ölən xətt üzrə getməlidir. Real olaraq 6 milyona yaxın əhali var. Əksər insanlarımız xaricdədir, əsasən də Rusiyada. Ona görə də biz Ümumdünya Səhiyyə Təşkilatının cızdığı çərçivələrdən çox uzağa gedə bilmərik. Nə zaman ki, epidemiyaya son qoyulduğu haqda açıqlama yayacaqlar, onunla bağlı qaydalar da dayandırılacaq”.

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli dünyanın hər yerində karantin rejiminin tək bir məqsədi olduğunu bildirib:

“Xəstə sayını nəzarətdə saxlamaq, yoluxanların sayının kəskin artmasna imkan verməyərək səhiyyə sistemini artıq yüklənmədən qorumaq – nəticədə də reanimasiya şöbələrinin yüklənməsini, süni nəfəs aparat sayına uyğun xəstəlik artımını tənzimləmək. Amma karantin rejimi daim ola bilməz, bu həm iqtisadi, həm psixoloji problemlərin həndəsi silsilə ilə artmasına səbəb olur-olacaq”.

İqtisadçı aprelin 20-dən sonra karantin rejiminin xeyli yüngülləşdirilməsini vacib hesab edir:

“Birinci, bərbərxanalar və gözəllik salonları açılmalıdı. Amma sosial məsafə qaydalarına ciddi əməl olunmalıdır. Salonlara eyni anda maksimum iki müştəri alına bilər. Müştərilər əyləşən kreslolar arasında məsafə ən azı 3 metr olmalıdır. Ustalar maska və əlcək taxmalı, müştərilər həm salona girəndə, həm də çıxanda əllərini dezinfeksiya etməlidirlər”.

Natiq Cəfərli
Natiq Cəfərli

Daha sonra o hesab edir ki, metronun açılması hələ tez olduğundan, avtobus sayı kəskin artırılmalıdır.

“Bir avtobusa minən sərnişin sayı maksimum dərəcədə az olmalıdır. Həm sürücülər, həm sərnişinlər mütləq maska taxmalıdırlar. İnşaat malları satan mağazalar açılmalıdır. Evdə xırda təmir işlərinə ehtiyacı olanlar indi material tapa bilmirlər. Ustalara da gigienik qaydalara əməl etmək şərti ilə iş icazəsi verilməlidir. Bulvar və parklar açılmalıdır. Havalar istiləşir, təmiz havada yürümək, gəzmək immun sistemi üçün də yararlıdır. Amma qrup halında yürüş etmək hələ də qadağan olunmalıdır. Məhz bu qaydanı pozanlar cərimələnməlidirlər. Tək-tək, maksimum 2 nəfər sosial məsafə saxlamaqla və maska taxmaqla yürüyə, gəzə bilərlər. Telefon, kompüter, məişət avadanlığı təmiri yerləri də açılmalıdır. Nəhayət, SMS-lə icazə sistemi ləğv edilməlidir, bu həm effektiv deyil, həm də Ana Yasamıza uyğun addım deyil”.

Ana səhifəSosialTƏBİB: Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq