Qurum yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edib
Şirvan şəhərində koronavirusa (COVID 19) yoluxma faktlarının artması tibb müəssisələrindən qaynaqlanırmış.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) açıqladığı
məlumat
da belə deyilir.
Məlumatda TƏBİB Şirvanda monitorinq apardığını və xəstəxanalarda qüsurlar aşkarladığını bəyan edib. Qurum həmin qüsurların aradan qaldırılması üçün Şirvan şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görüldüyünü söyləyib. Bildirib ki, şəhərin yox, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib:
“Əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək”.
Ölkə üzrə COVID-19-a yoluxma ilə bağlı açıqlanan ən son statistikaya görə, Bakı şəhərində – 56.5, Abşeronda 16.5, Aranda 8.7, Gəncə-Qazaxda 6.9, Lənkəranda 4.6, Quba-Xaçmazda 2, Dağlıq Şirvanda 1.6, Şəki-Zaqatalada 1.5, Yuxarı Qarabağda 0.9 faiz yoluxma olub.
Avqustun 26-da açıqlanan ən son
statistika
ya görə, həmin gün Azərbaycanda koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb. 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
İndiyədək isə ölkədə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 33 281 nəfərin müalicə olunaraq sağaldığı, 522 nəfərin vəfat etdiyi, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.
Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.
Azərbaycanda koronavirusa ilk yoluxa halının 2020-ci il fevralın 28-də aşkarlandığı açıqlanmışdı.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan 820 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.