TƏBİB rəsmisi: Yoluxmaların sayında kəskin artım müşahidə olunur

“Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub”.

Source: Meydan.TV


Şahmar Mövsümov: "Epidemioloji vəziyyət pisləşsə, ölkə qapanmağa məcbur olacaq"

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının azı 80 faizi COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması tələb edilir.

Elektrik enerjisi, qaz, istilik ilə təchizat, su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi, tullantıların yığılması, emalı və məhv edilməsi, dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti, liman xidmətləri, logistika xidmətləri, telekommunikasiya və rabitə xidmətləri, poçt və kuryer fəaliyyəti, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti göstərənlərə COVİD pasportu tələb olunur.

Ticarət və ictimai iaşə sahəsi üzrə çalışanlardan da COVİD pasportu tələb edilir. Məsələn, topdan və pərakəndə ticarət mərkəzlərində, ictimai iaşə yeməklərin göndərilməsi və çatdırılma xidmətlərində çalışanlardan da pasportunun olması tələbi var və s.

Turizm sahəsində çalışanlardan, maliyyə xidməti göstərənlərin (sığorta fəaliyyəti, bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) də COVİD pasportu olması tələb edilir.


Başqa COVİD pasportu tələb olunan sahələr isə bunlardır

:


poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;


bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;


kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;


avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;


kirayə və lizinq fəaliyyəti;


daşınmaz əmlakın alınması və satılması xidmətləri;


memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;


reklam fəaliyyəti və bazarın öyrənilməsi;


işə düzəltmə agentliklərinin fəaliyyəti;


tədris və repetitor xidmətləri;


tərcümə üzrə xidmətlər;


dizayn fəaliyyəti;


fotoqrafiya sahəsində fəaliyyət;


sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);


istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;


dezinfeksiya xidmətləri;


toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;


dərzi xidmətləri;


bərbərxana və gözəllik salonları;


baytarlıq fəaliyyəti;


heyvan sığınacaqları.

Eyni zamanda, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur: “Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda, istifadə edə bilərlər”.

“Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur. Bütün vaksinləri Bakıda vurdurmaq olar”, – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün regionlarda hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur: “Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub”.

Yaqut Qarayeva bildirib ki, bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər: “Son günlər yeni yoluxmaların sayında kəskin artım müşahidə olunur”.

Yaqut Qarayeva bildirib ki, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür: “İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 faizə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır”.

Yaqut Qarayeva onu da bildirib ki, bu günədək ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb.

Onun sözlərinə görə, yeni ailə quranlara vaksinasiya olunub-olunmaması ilə bağlı suala da cavab verib: "Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan və uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur".

Ancaq tələbələrdən COVİD pasportu tələb ediləcək. Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.

Bu barədə isə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayan şəxslərdir”, – Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov belə deyib.

O bildirib: "Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir. Həmçinin sentyabradək bir sıra müəssisələrdə məcburi peyvəndlənmə də olacaq”.

Şahmar Mövsümov bildirib ki, əgər epidemioloji vəziyyət pisləşsə, ölkə qapanmağa məcbur olacaq: “Çünki insanlar ölür, xəstəxanalar dolur. Bunun qarşısını qapanmadan almaq çox çətindir. Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq”.

Eyni zamanda, Şahmar Mövsümov deyir ki, yaxın müddət ərzində Azərbaycanın quru sərhədlərinin açılması müzakirə olunmur: “Məsələ hazırda müzakirə mövzusu deyil”.

Ana səhifəSosialTƏBİB rəsmisi: Yoluxmaların sayında kəskin artım müşahidə olunur