Teatrda yoxlamaların aqibəti: nazirlik susur, direktor da danışmaq istəmir

Kukla Teatrı. Mənbə: “kuklateatri.az”

Yoxlamaların yekun nəticəsi ictimaiyyətə açıqlanmır

2022-ci ilin sonlarına doğru sabiq mədəniyyət naziri Anar Kərimovun əmri ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başlanıldı.

Nazirliyin məlumatında deyilirdi ki, teatrda baş verən nöqsanlarla əlaqədar müraciətlər əsasında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb və nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Bunun ardınca teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının rəhbəri, rejissor Saida Haqverdiyeva nazirliyin yoxlamalara başlanılmasını 2022-ci il noyabrın 14-də “Qaynarinfo”ya verdiyi müsahibəsi ilə əlaqələndirdi.

Rejissor həmin müsahibəsində demişdi ki, Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsindəykən teatrın direktoru Rəşad Əhmədzadəyə biletlərin qiymətinin artırılmasını təklif edib.

Rəşad Əhmədzadənin təklifə etiraz etməsi Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra da teatrın illik plan proqnozu 50 faiz artırılıb.

Saida Haqverdiyevanın iddialarına cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova 2022-ci il noyabrın 22-də APA-ya açıqlamasında bildirdi ki, Kukla Teatrında yoxlamalar rejissorun müsahibəsinə görə yox, nazirliyə teatrla əlaqədar daxil olan şikayətlərə əsasən aparılır.

Nuridə Allahyarova açıqlamasında onu da demişdi ki, daxil olan şikayətlərə görə teatr rəhbərliyinə həm şifahi, həm də yazılı xəbərdarlıqlar edilib. Bundan sonra isə yoxlamalara başlanılıb.

Yoxlamalara 2022-ci ilin noyabrın 18-də başlanıldığı deyilsə də, teatr rəhbərliyi bundan dörd gün sonra xəbər tutduğunu açıqlayıb.

Saida Haqverdiyeva Meydan TV-yə açıqlamasında yoxlamaların keçirilməsini noyabrın 22-də bildiklərini deyib.

“Kukla Teatrının direktoru Rəşad Əhmədzadə heç bir halda Mədəniyyət Nazirliyinə dəvət olunmayıb. Ona nə şifahi, nə də yazılı xəbərdarlıq edilib”, – Haqverdiyeva bildirib.

Kukla Teatrında yoxlamaların məhz Saida Haqverdiyevanın Elnur Əliyevlə bağlı söylədiyi fikirlərə görə başlanılması iddiasının nə dərəcədə əsaslı olması fikri mübahisəlidir.

Teatrda yoxlamalara başlamazdan 18 gün öncə, yəni noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı Elnur Əliyev saxlanılmışdı.

Noyabrın 3-də təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin istintaq dövrü üçün onun barəsində həbs yox, alternativ növdə qətimkan tədbiri seçilib. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Elə həmin gün, noyabrın 3-də Prezident İlham Əliyev Elnur Əliyevi tutduğu vəzifədən kənarlaşdırıb.

Kukla Teatrında yoxlamalar isə 2022-ci ilin noyabrın 18-də başlanılıb.

2022-ci il dekabrın 22-də isə İlham Əliyev Mədəniyyət Nazirliyi ilə əlaqədar növbəti göstəriş verib. Onun sərəncamı ilə mədəniyyət naziri Anar Kərimovun səlahiyyətləri əlindən alınıb.

Nazirlikdəki struktur dəyişikliyindən sonra Kukla Teatrındakı yoxlamaların nəticələri bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib.

2023-cü il yanvarın 3-də Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova “Facebook”da bu haqda status yazıb.
Bildirib ki, Kukla Teatrındakı yoxlamalar dayandırılıb.

“Yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb”, – nazirlik rəsmisi qeyd edib.

Hətta Mədəniyyət Nazirliyinin Yeni il bayramı ilə əlaqədar Zəngilanın Ağalı kəndində təşkil etdiyi tədbirdə Kukla Teatrının da kollektivi iştirak edib.

Sabiq nazir Anar Kərimovun başlatdığı yoxlamaların nəticəsi – yarımçıq dayandırılması, yaxud da yekun nəticəsi ilə əlaqədar ictimaiyyətə məlumat verilmir.

Yoxlamalar başlayanda mətbuata açıq olan teatr səhbərliyi də nədənsə susur.

Meydan TV əməkdaşı Kukla Teatrının direktoru Rəşad Əhmədzadədən münasibət öyrənməyə çalışıb, lakin teatrın direktoru məsələyə qəzəblə reaksiya verib.

O deyib ki, nazirlik bununla bağlı artıq açıqlama verib və o, bu haqda danışmaq istəmir.

Kukla Teatrının mətbuat xidmətinə və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının rəhbəri, rejissor Saida Haqverdiyevaya isə zəng çatmayıb.

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, yaxın günlərdə yoxlamaların nəticəsi ilə əlaqədar məlumat veriləcək.

Ana səhifəMədəniyyətTeatrda yoxlamaların aqibəti: nazirlik susur, direktor da danışmaq istəmir