”Teatr məsciddən fərqlənməlidir” (VİDEO)

“MimOda 18+” tamaşasındakı rolları fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlov canlandırıb. “MimOda 18+” tragikomediyası ilə teatr ölkə mədəniyyətində yeni xətt yaratmaq istəyir.

Rejissor İmam Həsənov  tamaşanın məzmunu haqqında danışır: “İnsanlar görüşür, sevişir, ölür, bir-birini tərk edirlər. Sonra əsl tamaşa başlayır. Onlar necə görüşürlər, niyə qız xəstədir, niyə oğlan dəlidir? Əslidə onlar kimsəsiz insandırlar. Evsiz-eşiksiz insanlardır. Onlardan biri müalicə almaq, digəri qayğı istəyir. Sonra onlar qovuşurlar. Hər şey mim janrında davam edir. Mimdən sonra biz keçirik real həyata. Biz o qədər reallaşırıq ki, bir-birimizi söyürük, döyürük, qışqırırıq, sevirik. Bir-birimizə nifrət edirik, həm də çox sevirik”.

Rejissor deyir ki, real həyatda da istər dost, istər ana, bacı olsun, insanlar bir-birinin qədrini bilmir. O bildirir ki, tamaşada qəhrəmanlar ayrılandan sonra, anlayırlar ki, onlar belə yaşaya bilməzlər. Rejissor İmam Həsənov əslində kainat qarşısında insanlaın çox gücsüz olduğunu deyir.

İmam Həsənov tamaşanı izləməyə daha çox adamın gələcəyini düşünüb: “Mənə elə gəlirdi ki, tamaşaya daha çox acgöz insanlar gələcək. Elə bu səbəbdən biletin qiymətini 10 manat təyin etmişdik. Tamaşanı duyan, anlayan insanların gəlməyini istəyirdik. Biz şou yox, insanların düşüncəsində inqilab etmək istəyirik. İnsanlar artıq öyrəşsin ki, Azərbaycanda belə bir tamaşa var”.

Tamaşa bitdikdən sonra izləyicilərin alqış sədaları eşidilir. “MimOda 18+ tamaşasını izləməyə gələnlərin arasında hüquqşünas Samira Ağayeva da var. O, tamaşanın gözlədiyindən daha möhtəşəm olduğunu deyir: “Fərqli bir tamaşa idi. Məncə,hər bir tamaşaçının incə hisslərinə toxundu. Aktyorlar, rejissor işi və musiqi çox gözəl idi. Hər biri səhnəyə uyğun idi”.

Kinoşünas Aygün Aslanova düşünür ki, əgər əsərin ideyası soyunmağı, açıq-saçıqlığı  tələb edirsə, olmalıdır: “Sujet adi həyatda dəfələrlə rastlaşdığımız, hər gün oxuduğumuz hadisələrdən biridir. İki nəfər rastlaşır, görüşür, bir-birilərini sevir, evlənir və ayrılırlar. Belə sujetlərə adətən hind filmlərində, melodramlarda rast gəlirik. Əgər bu sujet ənənəvi qaydada – sözlərlə, pafosla, “mən səni sevirəm” kimi çatdırılsaydı, maraqlı olmazdı. Rejissor həmin banal sujeti orijinal şəkildə çatdıra bilib. İki insanın ən müdafiəsiz, özü olduğu situasiyanı – onların çılpaq olduqları, sevişdikləri anla hər şeyi göstərib.Bununla rejissor uğurlu həllini tapıb”.

Yazıçı Mövlud Mövlud tamaşanın ən gözəl xüsusiyyətinin soyunma səhnələrinin olduğunu bildirib: “Çoxlu soyunmaq lazımdır. Bütün sezon boyu teatrlarda soyunma, sevişmə səhnələri olmalıdır. İnsanların, aktyorların, rejissorların beynindəki qəlibi dağıtmaq lazımdır. Keçən il Azərbaycanın yaşı yüz ilə çatan bir teatrında gedən “Qatil” tamaşasında sevişmə səhnəsi olub. Xalq artistləri az qalmışdı ki, özlərini teatrın damından atsınlar. Teatrla məscidin fərqi olmalıdır. Teatrda adam soyunar, ağlayar, gülər. Teatr sənət məbədidir”.

Yazıçı həmçinin Azərbaycanda müstəqil teatr və məktəbin olmadığını vurğulayır.

Tamaşanı izləyən yazıçı Seymur Baycan soyunmadan da sənət əsəri yaratmağın mümkün olduğunu deyir. O, Azərbaycanda cəsarətli sənətin olmamasını böyük faciə adlandırır.

Teatrın bədii rəhbəri Elmin Bədəlovun sözlərinə görə, bu tamaşa Fransanın Oriak şəhərində nümayiş olunacaq.

“Fransada məşhur Oriak Festivalı var, bizə də oradan dəvət gəldi. Bütün teatrlar Oriak meydanında gəlib tamaşalar göstərir. Biz də həmin festivalda “MimOda 18+” tamaşasını təqdim edəcəyik. Ümid edirəm ki, tamaşa Fransada uğurla qarşılanacaq”.

“MimOda 18+” tamaşası avqustun 8 və 9-da təkrarən təqdim olunacaq.

Ana səhifəVideo”Teatr məsciddən fərqlənməlidir” (VİDEO)