Məqalə
JAMnews
saytında dərc olunub
Mübarizə hələ təzə başlayır – aksiya iştirakçıları deyir
Noyabrın 18-də xüsusi təyinatlılar Gürcüstan paytaxtı Tbilisidə, parlament binası qarşısındakı izdihamlı etiraz aksiyasını dağıdıb.
Etirazlar noyabrın 14-dən bəri davam edir, əsas səbəb isə proporsional (partiyalı) seçki sisteminə keçilməsi haqda qanun layihəsinin parlamentdə dəstəklənməməsindən ibarətdir.
Bu arada 2019-cu ilin iyununda irimiqyaslı etirazlar məhz iqtidarda olan “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin şəxsən müxalifətə konstitusiya dəyişikliyinin həyata keçiriləcəyinə və hazırkı qarışıq, proporsional-majoritar seçki sisteminin tam olaraq partiyalı sistemlə əvəzlənəcəyinə dair söz verməsindən sonra sakitləşmişdi.
Noyabrın 17-də axşama doğru etirazçılar parlament qarşısında çadırlarda gecələməyə başlayıblar, onlar parlamentin giriş və çıxışlarını bağlayıb, deputatlara binaya girməyə imkan verməyiblər.
Günortadan sonra parlament binası qarşısında maskalı, xüsusi qalxan və dəyənəklərlə təchiz olunmuş yüzlərlə polis nəfəri səfərbər olub, onlar Parlament binasını tam əhatəyə alıblar.
Noyabrın 18-də gündüz nümayişçilər səsgücləndiricilər vasitəsilə ərazini tərk etməli olduqları, əks təqdirdə polisin etiraz aksiyasını güc tətbiq edərək dağıdacağı ilə bağlı xəbərdar ediliblər.
Aksiyanın dağıdılması təxminən 16:00-da başlayıb. Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. İyunun 20-də keçirilən aksiyadan fərqli olaraq bu dəfə rezin güllələr istifadə olunmayıb.
Etirazçılardan bəziləri yerə oturub və ya uzanıb ki, polisin hərəkətinə mane olsun.
Amma xüsusi əməliyyat başlanandan saat yarımdan sonra parlamentin etirazçılar tərəfindən bloklanan bütün girişləri azad edilib.
Polis nümayişçilərin Rustaveli prospektində qurduğu bütün çadırları söküb. Prospektdə hərəkət bərpa olunub.
18 nəfər etirazçı həbs edilib. Xəsarət alanlar da var – onlar maşınlarla xəstəxanalara aparılıblar.
Yüzlərlə etirazçı hələ də Rustaveli prospektində qalır, amma onlar parlament binasının kənarlarına doğru çəkilməli olublar. Mitinq davam edir, çıxışçılar tribunada bir-birini əvəz edir.
Etirazçılar bildirirlər ki, dağılışmaq niyyətində deyillər və hökuməti dəyişmək üçün bütün konstitusion imkanlardan yararlanacaqlar.