Xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Tbilisidə avtomobilin şəhərin mərkəzində keçirilən etiraz aksiyası zamanı insanların üstünə sürməsi nəticəsində xəsarət alanlar var.
İyunun 22-si axşam 207-ci gündür ki, davam edən etiraz aksiyası zamanı Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Aksiyalar parlament seçkilərinin yenidən keçirilməsi və etirazlarda iştiraka görə həbs olunanların azadlığa buraxılması tələbi ilə keçirilir.
“Kavkazski uzel” etirazçılara istinadən yazır, sürücü qəsdən bir neçə nümayişçini Rustaveli prospekti yaxınlığında yerləşən piyada keçidində vurub.
“OC Media”nın həmtəsisçisi Mariam Nikuradze özünün “Facebook” səhifəsində bildirib ki, xəsarət alanlardan biri, Mariam Mexantsişvili xəstəxanaya çatdırılana qədər iki dəfə huşunu itirib. Ona qabırğa sınığı diaqnozu qoyulub. İkinci xəsarət alan Lizi Ubilava da təcili tibbi yardım maşını ilə xəsətəxanaya çatdırılıb.
Jurnalistin sözlərinə görə, polis qəsdən maşınla vurma faktının artıq araşdırıldığını bildirib.
Hadisə “Swissotel Tbilisi” yaxınlığında, prezident iqamətgahı olan Orbeliani sarayına yaxın küçələrin kəsişməsində yerləşən piyada keçidində baş verib.
Hadisə yerindən yayımlanan videoda bir neçə nəfərin avtomobili əhatəyə aldığı, sonra isə sürücünün qəfil qaz verərək insanları vurduğu görünür. Kadrda qışqırıq səsləri eşidilir. Hadisə zamanı avtomobilin dövlət nömrə nişanı kameraya düşüb, sürücü isə hadisə yerindən uzaqlaşıb.
2024-cü ilin noyabrından bəri Tbilisidə nümayişçilər Gürcüstan parlamentinin qarşısına toplaşaraq Rustaveli prospektində avtomobillərin hərəkətini dayandırırlar. Onlar Avropa İttifaqına inteqrasiyanı dəstəkləyənlərin azadlığa buraxılmasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. Bu tələblərlə etiraz aksiyaları Gürcüstanın digər şəhərlərində – Qori, Telavi, Zuqdidi, Batumi və Kutaisidə də keçirilir.