Rövşən Ağayev: ''Hökumətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən, kifayət edəcək''
Əhali qrupu üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 500 kubmetr artırılıb.
Qərar aprelin 30-da Tarif (qiymət) Şurasının iclasında verilib. Qurumun yaydığı məlumatda bildirilir ki, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılıb:
“İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq. Qeyd edək ki, 1,5 milyondan artıq abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edir. Yeni qərara əsasən, əlavə olaraq daha 300 minə yaxın əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizdək artacaq”.
Qərar 2019-cu ilin mayın 1-dən qüvvəyə minir.
İqtisadçı Rövşən Ağayev deyir ki, hökumətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən, kifayət edəcək:
"Bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında apardığımız sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir. Mənizlin sahəsi 100 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, coğrafiyada qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir".
İqtisadçı bildirir ki, rəsmi məlumatdan da görünür, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kebmetr intervalındadır:
"Hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçisi var. Bu rəqəmlərdən çıxış etsək, deməli, indidən sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30 faizi 2.2 min illk qaz istehlak edir".
R. Ağayev deyir ki, bütün abunəçilərin 56 faizi(1.2 mln.) illk 1.7 min kubmetrdən az qaz istehlak edir. Statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunal xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir:
"Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kubmetrdir. Tarif Şurasının məlumatın görə, hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 mln. təşkil edir. Nəticə çıxarmaq və araşdırmaçılar üçün çox yaxşı faktlardır".
2016-cı il fevralın 28-də Tarif Şurası qazın və elektrikin qiymətini qaldırmışdı. Həmin qərarda qeyd edilirdi ki, illik istehlak həcmi 1500 kubmetrədək (sonra həmin il dekabrın 22-də bu 1700-ə qaldırıldı) olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kibmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanır.
Ancaq illik istehlak həcmi 1500 (1700) kubmetri aşan hissəyə bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilir.Tarif Şirası bu gün,aprelin 30-da verdiyi qərarla bu limiti 1700-dən 2200 kubmetrə qaldırıb.
Elektridə isə limit olduğu kimi qalıb. 2016-cı ildə Tarif Şurası 250 kilovat-saata kimi (sonra 300-ə qaldırldı) elektrikin qiyməti də dəyişmədən 7 qəpik saxlamışdı.
Aylıq istehlak həcminin qeyd edilən rəqəmdən çox olan hissəsindən ötrü isə 11 qəpik müəyyən edilmişdi.