Bağlandı, yoxsa açıldı?
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi çıxışını edib. YAP-dan qabaqkı hakimiyyəti yamanlayıb, öz hakimiyyətlərinin analoqsuz işlərindən danışıb. Əsas iradlarından biri isə 1 illik hakimiyyətin demokratiyanı ləng inkişaf etdirməsi olub. “…demokratik inkişaf ləng gedirdi, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü”.
Şübhəsiz, illərdir eyni çıxışı təkrar-təkrar eşidənlər də, elə çıxışçı özü də zaman keşdikcə deyilənə, dediyinə inanır. Həm də başqalarının da inandığını düşünür. Hakim partiyaya şəxsi maraqlar üçün gələnlərisə tarix maraqlandırmır. Onlara yaxın keçmişdən çox, yaxın gələcək maraqlıdır. O üzdən belə çıxışları gurultulu, sürəkli, ardı-arası kəsilməyən, bəzən də hamı ayağa qalxmaqla, alqışlayır. Olsun, istənilən halda onların da həqiqətləri bilməsində fayda var. “Demokratik inkişaf ləng gedirdi, demokratik mühitdən söhbət belə gedə bilməzdi”, ardıcıl deyilən bu sözlər özü bir-birini təkzib edir, yəni demokratiya ləng də olsa inkişaf edirdisə, deməli, az da olsa demokratik mühit də var idi. Bunun sübutu isə Yeni Azərbaycan Partiyasının yaranması, təsis konfransı keçirməsi və həmin konfransdan cəmi 28 gün sonra Ədliyyə Nazirliyində partiyanın dövlət qeydiyyatına alınmasıydı. Təsəvvür edirsinizmi? Bugünkü şərtlər daxilində hansısa müxalif mövqeli qrup partiya yaratmaq məqsədilə təsis konfrans keçirir, sonra sənədləri Ədliyyə Nazirliyinə göndərir və qısa müddətdən sonra partiya dövlət qeydiyyatına alınır.
Orda kimsə İlham Əliyevə sual vermədi, baxmayaraq ki, bütün “konstruktiv müxalifət” (el arasında onlara “avtobus müxalifəti” deyirlər) ordaydı, kimsə soruşmadı: necə olur ki, konfransın keçirilməsinə mane olan, ölkədə demokratik mühit yaratmayan hakimiyyət – “AXC-Müsavat cütlüyü” – YAP-ın qeydiyyatına imkan verir? 28 gün ərzində nə dəyişib ki, müxalif, sonradan çevriliş yoluyla hakimiyyətə gələn bir partiyanı dövlət qeydiyyatına alıb? Bəs bir illik hakimiyyətdən demokratiya, demokratik inkişaf tələb edən, 30 ildir hakimiyyətdə olan partiya nədən demokratik mühitin yaranmasında, nəinki yaranmasında, demokratiyanın ölkəyə ayaq açmasında belə maraqlı deyil? Tutaq ki, həqiqətən, o vaxt Bakıda YAP-ın təsis konfransının keçirilməsinə icazə verilməyib, ancaq o yığıncaq Naxçıvanda baş tutub, Naxçıvan da Azərbaycandır axı. İstəsəydilər, heç Naxçıvanda da imkan verməzdilər, ən azı o dövrü xatırlayanlar bilir ki, AXC-nin Naxçıvan şöbəsi ən fəal şöbələrdən idi, paytaxtdan göstəriş verilsəydi, kimsə orda toplantı keçirə bilməzdi; bu gün AXCP-nin rayon şöbələrinə konfrans keçirməyə heç bir rayonda imkan verilmədiyi kimi. Dəfələrlə olub ki, müxalif partiyaların rayon şöbələrinin yığıncaqları polis gücünə dağıdılıb; 30 illik hakimiyyətin ölkədə yaratdığı “demokratik mühit” sayəsində…
\Bu gün hansı müxalifət partiyasının normal qərargahı var? AXCP-nin icarəyə götürdüyü qərargah bu hakimiyyətin dövründə partladıldı, partiyanın icarəyə götürdüyü başqa bir binada evin qapısı qaynaq edildi. Artıq neçə ildir partiya qərargahsızdır, həm də dövlət qeydiyyatı yoxdur. Ədliyyə Nazirliyi AXCP-nin sonuncu qurultayının nəticələrini tanımır…
İlham Əliyev tədbirdə “AXC-Müsavat cütlüyü”nün hakimiyyətdə olduğu dönəmdə media azadlığı olmadığını vurğulayıb. Bilməyənlər üçün deyək: həmin dövrdə müxtəlif qəzetlərdə, o sıradan AXC-nin orqanı olan “Azadlıq” qəzetində Heydər Əliyevin mövqeyi dərc olunurdu…
Sonra İlham Əliyev ötən əsrin ortalarına ekskurs edib:“Məhz onun (Heydər Əliyevin – R.H.) rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir”. YAP sədri İlham Əliyev çıxışında belə deyib.
Tamamilə doğrudur, Heydər Əliyevin dövründə Azərbaycan hər il ümumittifaq sosializm yarışının qalibi olub keçici Qırmızı Bayraq alırdı, ölkə vətəndaşlarısa Tbilisiyə və Yerevana ərzaq almağa gedirdi. Çünki inəkləri hər il iki bala verən Azərbaycanda yağ tapılmırdı, yazıq inək neyləsin, 2 buzova süd çatdırmaq olardı?!.
P.S.28 noyabr tarixində İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın (18 bənd) təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 18 bəndin 14 bəndində tədbirlərin il ərzində keçirilməsi tapşırılıb, yəni il boyu…
Tədbirlərə hazır olun!