Tarixi seçim: rus caynağından imtina

Üstəlik, SSRİ-nin Almaniyanı yenidən işğal etməsi ehtimalı həmişə qalacaqdı və belə bir müharibənin baş verməsi Almaniya üçün tam işğal demək idi

Foto: Meydan TV


Tarix göstərdi ki, Adenauer haqlı seçim edib

Müasir dünyanın yeni nizamının formalaşdığı İkinci Dünya Müharibəsi bitəndə ən ağır şəkildə cəzalanan Almaniya olmuşdu.

Yaponiya birbaşa ABŞ tərəfindən işğal olunmuşdu və amerikalılar, eyni zamanda nüvə silahı tətbiq etməyin daxili ictimai rəydə yaratdığı mənəvi sarsıntının da təsirilə Yaponiyada möhtəşəm yenidənqurma həyata keçirdilər və artıq 1950-ci ildə Yaponiya tam şəkildə "sağalmışdı".

İtaliya da eynilə Yaponiya kimi, ABŞ və Britaniya tərəfindən işğal olunmuşdu, sürətlə demokratiyaya keçərək ABŞ dövlət katibi Corc Marşallın elan etdiyi yenidənqurma proqramıyla özünə gəldi.

Almanlar isə çox dəhşətli və uzunmüddətli əzablar yaşadılar. Düz 45 il boyunca…

Düzdür, sovetlər təkcə Almaniyada deyil, ayaqlarının dəydiyi hər yerdə cəhənnəm yaratmışdılar. Məsələn, Varşavada polşalı könüllü azadlıq döyüşçülərinin başlatdığı üsyan. Artıq Varşavaya çatan Qızıl Ordu ingilislərə verdiyi sözə xilaf çıxaraq çayın sahilində dayanıb izləmiş, almanlar gələcəkdə sovetlərin kommunizm quruculuğuna təhlükə yaradacaq polşalı azadlıq döyüşçülərini qətl etdikdən sonra şəhərə daxil olub onları məğlub etmişdilər. Varşavanı azad etmək adıyla işğal etmişdilər. Eləcə də Macarıstan, Ruminiya və Çexoslovakiya. Çexoslovakiyada demokratik koalisiya hökumətini amansızca devirən sovet casusları, xüsusi barbarlıq göstərmiş, hətta, çex xarici işlər naziri Yan Masariki nazirliyin binasındakı otağının pəncərəsindən aşağı tullamışdılar.

Lakin bütün bunlar Almaniyaya edilənlərin yanında heç nə idi. Şərqdə Polşadan Hitlerlə anlaşmayla aldığı torpaqları işğal edən sovetlər Almaniyanın 3 nəhəng əyalətini – Qərbi Prussiya, Sileziya və Pomeraniyanı Polşaya verib, bu ölkəni faktiki olaraq 400 kilometr qərbə sürüşdürmüşdülər. Şərqi Prussiyanın da bir hissəsini polyaklara verib, digər hissəsini işğal edərək özlərinə birləşdirmişdilər.

Almaniyaya girən sovet ordusu milyona yaxın alman qadınına təcavüz etmişdi (Bununla bağlı "Berlində bir qadın" adlı kitab var, mütləq tapıb oxuyun).

4 işğal zonasına – ingilis, fransız, amerikan və sovet- ayrılan Almaniyanın öz payına düşən hissəsində hər şeyi barbarcasına qarət edən sovetlər divan-kresloya qədər, əllərinə keçən hər şeyi söküb SSRİ-yə göndərmişdilər.

Lakin bunlar da, onların Almaniyaya və alman xalqına etdiklərilə müqayisədə çox kiçik idi.

İşğal etdikləri Şərqi Almaniyada (ADR) özlərindəki kimi geydirmə bir sistem, kukla kommunist hökuməti və mütləq diktatura quran sovetlər buranı nə qədər gülməli olsa da, "fəhlə cənnəti" adlandırırdılar.

Hətta Avropanın ortasına kimi irəliləməyin və tutduğu ölkələrə kommunist diktaturalar sırımağın gətirdiyi qələbə sərxoşluğu ilə Stalin 1948-ci ilin may ayında şərqdə anklav kimi qalan Berlinin qərbinə blokada tətbiq etmək kimi avantüraya da getdi. Nəysə ki, ABŞ qətiyyətli davrandı və "hava körpüsü" vasitəsilə Berlini 1 il boyunca qida və zəruri mallarla təmin etdi. Sovet İttifaqı isə Şərqi Almaniyanın sərhədlərini pozan ABŞ təyyarələrinə atəş açmağa risk etmədi və mənasız blokada yekunlaşdı.

SSRİ-nin blokadasına cavab olaraq ABŞ-ın təşəbbüsü ilə Almaniyanın qərb işğal zonaları qısa müddət sonra birləşdi və Federativ Almaniya (AFR) yaradıldı və yenidən silahlandırılaraq NATO-ya üzv qəbul edildi. Marşall proqramı ilə sürətlə yenidən qurulan və çiçəklənən Qərbi Almaniya şərqdəki kölə almanların və sovetlərin gözündə əməlli başlı tirə çevrilmişdi.

"Fəhlə cənnəti" olan Şərqi Almaniyadakı fəhlələr, təkcə onlar da yox, alimlər, sənətçilər, mühəndislər, intellektuallar, bir sözlə, şərqin qaymaqları bu "cənnət"-dən sürətlə aradan çıxır və qərbə köçürdülər. Bunun üçün onlara sadəcə Şərqi Almaniyanın ortasında anklavda olan və Almaniyanın özü kimi 4 işğal zonasına bölünən Berlinin şərqində qatara, avtobusa minib Qərbi Berlinə gəlmək lazım idi. Orada isə miqrasiya idarəsinə müraciət edib 2 saata Qərbi Almaniyanın vətəndaşı ola bilirdilər (bu proses sonda Xruşşovun dözməyib Berlin divarını tikməsi ilə nəticələnəcəkdi).

Bütün bunları görən və narahatlıqla izləyən Stalin çıxış yolu axtarmağa başladı. Çünki əhalinin qaymağının aradan çıxdığı Şərqi Almaniyanın, eləcə də sovetlərin işğal etdikləri digər ölkələrin yenidənqurması və buradakı kukla rejimlərin saxlanılması müharibədən ağır itkilərlə çıxan, maddi gücü zəif olan və özünə gəlməsi üçün ən azı bir neçə il lazım gələn SSRİ üçün ağır xərc idi (və bu xərc, sonralar sarsaqcasına başladılan silah yarışı ilə birlikdə dünya müharibəsinin Avropadakı qalibi olan sovetlərin iqtisadi cəhətdən kasıb, əhalisi ac bir ölkə olaraq qalmasında əsas rolu oynayacaqdı). Eləcə də demokratik ADR-in qərb alyansında olması, Stalin üçün isə dəhşət və qarşısında real gücün dayanması demək idi.

Avropanın yarısına dəmir pərdə çəkən və müharibə zamanı qazandığı "Co əmi" imicini itirərək qərbin gözündə tirana çevrilən Stalin həm yaranmış qarşıdurmanı yumşaltmaq, həm çiynindəki yükü bir az azaltmaq, amma ən əsas artıq lazımi fişkaları əlində topladığı üçün rahatlıqla bazarlığa girə biləcəyini düşünən qumarbaztək sövdələşərək qərb ittifaqına qoşulan Qərbi Almaniyanı, Şərqi Almaniyanı vermək bahasına da olsa neytral dövlətə çevirmək niyyətilə məşhur taktiki gedişini etdi.

Şərqi Almaniyanın təklif etdiyi birləşmə və azad seçki keçirməklə bağlı danışıqlar təklifinə AFR rədd cavabı vermişdi. Çünki bu, şərqdəki kukla rejimi müstəqil dövlət kimi tanımaq demək idi və AFR bunu istəmirdi.

Lakin nümayəndələr vasitəsilə müəyyən danışıqlar da olmuşdu. Amma uğursuz. Sovetlər öz işğal hüquqlarını müstəqil dövlət adıyla sırıdıqları ADR-ə ötürmüşdü və onun bu danışıqlarda tərəf kimi qəbul edilməsini istəyirdi. Qərb isə bu təklifi ciddiyə almamışdı.

Lakin nəyin bahasına olursa olsun, ADR-i qərb ittifaqından qopartmaq və bununla da yeni yaradılan NATO daxilində çat yaratmaq istəyən Stalin, 1952-ci ilin mart ayının 10-da "Almaniya üzrə sülhpərvər nota" olaraq tanınan sənədi Qromıko vasitəsilə qərbə təqdim etdi.

Qərb bu təklifdən çox ciddi şəkildə təəccüblənmişdi. Stalindən belə yumşaq tonda təklif gözlənilməz idi. Lakin təklif Almaniya üçün cəzbedici olduğu qədər də, təhlükəliydi.

Təklifdə, Almaniyanın yenidən birləşdirilməsi, bir il ərzində bütün işğal güclərinin Almaniyadan çıxarılması, Almaniyanın neytral və hərbi ittifaqlara qoşulmayan, lakin özünü qorumaq üçün silahlanmasına icazə verilən dövlət olması, birləşmiş Almaniyada demokratik (Stalinin özünün anladığı mənada "demokratik") seçkilər keçirilməsi nəzərdə tutulmuşdu.

Təklif almanlar üçün çox başgicəlləndirici idi. Dağıntı və ağır cəzalarla nəticələnən müharibədən cəmi 7 il sonra Almaniya, torpaq itkilərini çıxmaq şərtilə, müharibədən əvvəlki vəziyyətinə qayıdacaqdı.

Təklif Almaniya daxilində ciddi müzakirələrə səbəb oldu. Cəmiyyətin bir qismi bu təklifi dəstəkləyirdi. Almaniya xarici işlər naziri Yakob Kayzer ən çox ağzı sulananlar arasında idi və bu təklifi Almaniyanın şərqlə qərb arasında körpü olması imkanı kimi görürdü.

Lakin, Baş nazir Adenauer başqa cür düşünürdü və sovetlərə cavab olaraq, Şərqi Almaniyada ifadə və siyasi azadlıqların dərhal verilməsi, seçkilərin beynəlxalq nəzarət altında, qərb standartlarıyla keçirilməsi, eləcə də Almaniyanın əvvəlki sərhədlərinin bərpası, istədiyi hərbi və siyasi ittifaqa daxil olması kimi sovetlərin qəbul etməyəcəyi başqa bir neçə şərt irəli sürdü. Qərb müttəfiqləri sovetlərə cavab olaraq göndərdikləri 25 mart notasına bu şərtləri daxil etdi. Stalin ardınca sülhpərvər tonda daha bir nota göndərdi. Qərbin cavabı yenə məğzi müzakirələrdə batırmaq oldu və beləcə sentyabr ayına qədər qarşılıqlı göndərilən 4 nota hər dəfə sovetlərin bir az da güzəşt etməyə razılaşması istiqamətində irəliləsə də, hətta Stalinin həqiqi demokratik seçkilərə razılaşmasına baxmayaraq heç bir nəticə əldə etmədi. Sonra isə Stalin öldü və bu məsələ arxivə getdi…

Bütün bu müzakirələr Almaniyada, kreslosu heç də möhkəm olmayan, öz partiyasının 9 üzvünün səs verməkdən imtina etdiyi və cəmi 1 səslə(öz səsi ilə) kansler seçilən Konrad Adenauerə qarşı çox ciddi ittihamlara səbəb olmuşdu. Almaniyanın Baş naziri faktiki olaraq ana vətənin birləşməsindən imtina etmişdi. Üstəlik, Almaniyanın yenidən silahlanmasına və özünü müdafiə etməsinə icazə verilirdi. Bu, şərqdəki milyonlarla alman üçün böyük ümid, qərbi almanlar üçün isə vətənin birləşməsi və ağrı-acıların bitməsi demək idi. Hitler Almaniyası dönəmindəki ləyaqətli duruşu ilə bütün dünyanın rəğbətini qazanan sosial demokratlar böyük hay-küylə təklifin qəbul edilməsini istəyirdilər. Üstəlik, onlar Adenauerin bu təklifdən imtinası ilə onun, ABŞ-ın təkidilə nasist canilərindən dövlətin yenidənqurmasında istifadə etməsini bir dəstdə cəmləşdirərək, Adenaueri qərbin kuklası olmaqda və vətən xainliyində ittiham edirdilər.

Lakin tarix göstərdi ki, Adenauer haqlı seçim edib. Adenauer qatı dindar katolik idi və prussiyalı protestantların militarizminin başlatdığı iki dünya müharibəsinin ağrı-acısı keçməmiş, Şərqi Almaniyadakı döyüşçü ruhlu protestant almanlarla tezliklə birləşmək istəmirdi. Üstəlik, Avropanın ortasında müharibədən dağıntı və dəhşətli məğlubiyyətlə çıxmış, yenidən birləşən nəhəng Avropada sabitlik üçün əsl təhdid olacaqdı və gec-tez itirdiyi torpaqlara yenidən iddia edəcəkdi. Və beləcə qonşuları da gec-tez Almaniyaya qarşı birləşməyə məcbur edəcəkdi. Avropada yaranmaqda olan birlik isə, belə deyək, cəhənnəmə gedəcəkdi.

Üstəlik, SSRİ-nin Almaniyanı yenidən işğal etməsi ehtimalı həmişə qalacaqdı və belə bir müharibənin baş verməsi Almaniya üçün tam işğal demək idi: qərbdən qopmuş neytral Almaniya sovetlərə qarşı təkbaşına döyüşməli olacaqdı.

Ən əsası isə möhkəm demokratiya ənənəsi olmayan Almaniyanın kövrək demokratiyası militaristlərin güclənməsi ilə yenidən ölümcül zərbə ala bilərdi.

Adenauer Stalinin peşəkarlıqla siçan tələsinə yem qoyarcasına, Almaniyanın qarşısına qoyduğu tələdə olan yemi gördü və bu yemdən imtina etdi. Ölkəsinin azad, demokratik və ləyaqətli olmasını seçdi. Bunun qiyməti isə Şərqi Almaniyanın daha 38 il rus işğalında qalması oldu.

Almaniya, yalnız SSRİ soyuq müharibədəki qarşıdurma və daxilindəki yarıtmaz idarəçilik nəticəsində çökdükdən sonra birləşdi. Sakitcə inkişaf etmək və iqtisadi uğurlar qazanmaq yolu ilə əvvəlcə Avropanın əsas iqtisadi gücünə çevrildi, ardınca siyasi liderliyə şərik oldu, daha sonra isə siyasi liderliyi də Fransanın əlindən alaraq Avropanın vahid liderinə çevrildi. Və yenidən güclü ordu qurmaq və ağır silahlarla silahlanma qərarı verməyə çox yaxındır. Bu dəfə vahid Avropa evini rus çəkməsindən qorumaq üçün…

Rusiyadan və onun hər cür asılılığından 38 illik işğal bahasına imtina edən Adenauer isə, bu gün müasir Almaniyanın qurucu atası sayılır…

Ana səhifəXəbərlərTarixi seçim: rus caynağından imtina