Tarixi abidələrin sökülməsi narazılıq yaradıb

Aytəkin İmranova: ”Altı və üstü mədəniyyət abidələri olan Bakıdan heç nə qalmayıb”

Source:
Aytəkin İmranova
Aytəkin İmranova
Aytəkin İmranova
Aytəkin İmranova

Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Xəbər media və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

“Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova Meydan TV-nin bu barədə sorğusunu cavablandırarkən bildirib ki, o, indiyə qədər Bakı şəhərinin Baş Planını görməyib: “2-3 il əvvəl təmsil olunduğum komitə Baş Planla əlaqədar məhkəmə işlərini udsa da, paytaxtın icra hakimiyyəti sənədi təqdim etmədi. Onsuz da Baş Planın olmadığını bilirdik. Bununla bağlı Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə müraciət etmişdik, o zaman da Baş Plan yox, eskizlər hazırlanırdı. İndi Nazirlər Kabinetinin paytaxtın Baş Planını təsdiqlədiyini deyirlər, ancaq bizim bu istiqamətdə sorğumuza Dövlət Şəhərsalma və Memarlıq Komitəsi cavab verib ki, onlar tarixi-memarlıq abidələrinin sökülməsilə bağlı heç zaman rəy verməyiblər. Çünki onlardan bu barədə heç soruşan da olmayıb”.

Aytəkin İmranova bildirib ki, paytaxtdakı tarixi-memarlıq abidələrini Nazirlər Kabineti qorumaya götürüb, invertar nömrəsi verib: “Yəni abidələr Nazirlər Kabineti adından qoruma altındadır. Əgər hər hansı abidə dağınıq vəziyyətə gətirilibsə, yenə cavabdeh dövlət qurumlarıdır ki, vaxtilə lazımi qədər vəsait almadıqlarından diqqət ayırmayıblar. İkinci, yerli icra hakimiyyətlərinin mədəniyyət şöbələrində abidə qoruyucuları var, bu qurum hər bir abidəyə zərər dəyəndə akt yazırdılar. Hazırda həmin qurumların fəaliyyət göstərib-göstərmədiyi məlum deyil. Amma “Mədəniyyət haqda” qanunda tarix-mədəniyyət abidələri bloku var, o cümlədən, Konstitusiyada mədəniyyət abidələrinin qorunmasıyla bağlı maddə və bu cür abidələrin qorunması barədə ayrıca qanun var. Qanunvericilikdə tarixi-memarlıq abidələrinin qorunmasının, öyrənməsinin hər kəsin borcu olduğu bildirilir. Əgər bunlar dağıdılırsa, daha nəyi qoruyub və öyrənəcəyik? Qanunda məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərinə düşdüyü bildirilir, bura Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin mədəniyyət şöbəsi daxildir. Güman ki, Mədəniyyət və Turizm Nazirliyinin dağıntılara müqavimət göstərməyə gücü çatmır. Ancaq bütün hallarda ən böyük cavabdeh Nazirlər Kabinetidir, çünki abidələri qeydiyyata kabinet alır. Dəfələrlə sorğular göndərsək də, heç bir reaksiya yoxdur. Vaxtilə “Qış bulvarı”nın salınması adıyla bir sıra abidələr dağıdılanda AMEA-nın İnsan Haqları İnstitutu etiraz etsə də, onlara “susun” dedilər və məsələ qapandı. Halbuki, Avropa Şurasının mədəniyyətlə əlaqədar saytında bu məsələ təsnifatlaşdırılıb, yüzlərlə təsnifat var. Bura muzeylər, evlər, tramvay xətləri, müasir abidələr də daxildir”.

Aytəkin İmranova bildirib ki, hazırda onların gücü söküləcək abidələrin şəklini çəkib gələcəyə saxlamağa çatır: “Əslində, abidələri yerli və dünya əhəmiyyətli hesab edib sökmək doğru deyil, mərhum professor Şamil Əsədullayev qanunvericilikdə bu bölgüyə etiraz etsə də, nəzərə almadılar. 1960 və 88-ci illərin siyahısında belə şeylər yox idi, bu, son illər yaradıldı. Həmin bölgüdən sonra Bakının əksər tarixi binalarını yerli əhəmiyyətli elan etdilər, bu, doğru deyildi. Avropa ölkələrində tarixi şəhər bütövlükdə dünya əhəmiyyətli elan edilərək, qoruq statusu verilir və UNESCO-nun siyahısına daxil edilir. Təəssüf ki, Bakıda yalnız Qız Qalası və Şirvanşahlar Sarayı dünya əhəmiyyətli elan edildi. Halbuki, Azərbaycan parlamenti 2009-cu ildə Avropa Mədəni və Memarlıq İrsinin Qoruma Konvensiyasına qoşulmağımızı təsdiqlədi, Nazirlər Kabinetinin siyahısındakı abidələr də Avropa irsi sayılır, ancaq yenə də sökürlər. Necə olur ki, Azərbaycan hakimiyyəti bir neçə il əvvəl Litvanın hansısa folklor kəndinin abidələrinin bərpasına 3 milyon avro ayrırır, yaxud, katokombaların bərpasına milyonlarla vəsait verilir, amma öz abidələrimizi dağıdırıq. Nəzərə alın ki, katakombalar memarlıq şedevri yox, tarixi yerdir, yəni ilkin xristianlar orda gizlənib, memarlıq abidəsi ilə tarixi yer fərqli anlayışlardır. Təəssüf ki, altı və üstü də mədəniyyət abidələri olan Bakıdan heç nə qalmayıb”.

Ana səhifəXəbərlərTarixi abidələrin sökülməsi narazılıq yaradıb