Vaxt deyilmi ki, soruşaq: “Nəyin hesabına vətəndaslarımızın qəsb olunmuş hüquq və azadlıqlarını qaytara biləcəyik?”
1941-ci ildə başlamış müharibədə sovet xalqı olmazın qəhrəmanlıq və qurbanlar hesabına qəsbkar düşmənə qalib gəlib doğma torpaqlarını işğaldan azad etdi və 1945-ci ilin mayında onu zəfərlə başa vurdu.
Qələbə ziyafətində Ali Baş Komandan İosif Vissarionoviç Stalin xalqın bu xidmətlərini qeyd edib qəhrəmanların şərəfinə və qurbanların xatirəsinə məzmunlu nitq söylədi.
Lakin eyni zamanda bu qəhrəmanlar “qudurmasın” deyə cəza qurumlarına müvafiq tapşırıqlar verdi.
Qələbəsindən razı, həddən ziyadə məğrur və özünə lazımi hörməti tələb edən müzəffər sovet əsgər və zabitlərini əzməyə, döyməyə və tutmağa başladılar. Lap dikbaşları QULAQa saldılar, tez sınanları sadəcə döyüb onlara izah etdilər ki, Böyük Vətən Müharibəsində şanlı zəfər heç də o demək deyil ki, zalım siyasi quruluşun mahiyyəti dəyişib. Xalq partokratların istibdadından qurtula bilməyəcək, yaxşısı budur ki, başını aşağı salıb səsini çıxarmasın, haqqını tələb etməsin.
Bu acı tarix barədə, müzəffər sovet döyüşçülərinin vətəndaş qürur və ləyaqətinin qırılması barədə rus ədəbiyyatı və tarixi kifayət qədər yazıb, təsvir və təhlil edib.
İndi bizim ədib və tarixçilərimiz öz borclarını yerinə yetirməlidirlər, Azərbaycan Respublikasına ağalıq edən siyasi zümrənin bizim Vətən Müharibəsində qələbə çalmış döyüşçülərimizi dövlətin cəza maşını vasitəsilə sındırmasını təsvir və təhlil etməlidirlər. Bacaracaqlarmı?
44 günlük savaşda canı və qanı hesabına qələbə çalmış qazi dövlətdən nə istəyir? Deyir ki, çəkilib hakimiyyəti və neft milyardlarını mənə ver? Deyir ki, mahiyyəti və bacarığı bir abbasıya dəyməyən oğru məmur bahalı villasından çıxıb onu evsiz-eşiksiz qaziyə versin?
Əsla yox, bizim qazi insaflı və təvazökar insandır, o, sadəcə özünə və ailəsinə yuva, iş və çörək istəyir. Yuva, yəni mənzil, iş, yəni zəhmətilə halal ruzu qazanmaq imkanı istəyir. Vəssalam.
Zəfər nitqində Azərbaycan döyüşçüsünün rəşadəti barədə ağızdolusu danışmış Ali Baş Komandanın xəbəri varmı ki, Azərbaycan polisi müzəffər qaziləri basıb döyür?
Niyə? Onlar hansısa müstəsna imtiyaz deyil, işləmək, ailələri üçün ruzu qazanmaq hüququnu tələb edir.
Sizi bilmirəm, fəqət mən əzəldən bilirdim ki, yadelli əsarətdən qurtuluş heç də ictimai əsarətdən qurtulmaq deyil. Milli qurtuluş sadəcə ictimai qurtuluş üçün zəmin yaradır. Heç də bütün xalqlar bu zəmindən lazımi bacarıqla istifadə edir. Elə xalqlar var ki, 70 ildir yadelli qəsbkarları ölkəsindən qovub, lakin yerli qəsbkarlardan heç cür xilas ola bilmir. Ən parlaq misal ərəb xalqlarıdır, ingilis və fransız müstəmləkəçilərini qovandan bəri keçiblər doğma, Etibar Məmmədov demişkən, “öz millətindən olan diktator”ların çənginə.
Bu diktatorlar üçün ən əziz, ən dəyərli məfhum nədir? İstiqlaliyyət! Suverenlik!
Nədir bu suverenlik? Dünyada heç kim gəlib soruşmasın ki, siz bu məzlum xalqı niyə belə qəddar üsullarla əzib-soyursunuz? Niyə bu yazıq insanların hüquqlarını tapdalayırsınız? Niyə kasıb xalqın cibinə girib oğurladığınız milyardları bəyənmədiyiniz Qərb dövlətlərinə daşıyırsınız? Niyə milli gəlirin şir payı bir ovuc hakim zümrəyə, miskin payı milyonlarla sayı olan əsas xalqa çatır? Niyə hakimiyyətdən sui-istifadə edib dövlətin bütün gəlirli sahələrini ailə və tayfa inhisarına götürmüsünüz?
Niyə neft-qaz ölkəsi olan Azərbaycanda yanacağın və enerjinin qiyməti durmadan bahalaşır? Niyə sizin məhkəmələr hökm verəndə qanunlara deyil, Prezident Aparatının göstərişlərinə əsaslanır? Niyə Avropa Şurasının üzvü, yəni Avropa qitəsinə mənsubluğu mötəbər beynəlxalq təşkilatın üzvlüyü ilə təsdiqlənmış Azərbaycanda polis nəfərləri vətəndaşlara heç nədən və heç kimdən çəkinmədən işgəncə verir? Bu müasir gestapo üsul-idarəsi barədə bütün dünya bilirsə və etiraz səsini ucaldırsa, özünü mədəni və müasir insan kimi təqdim etməyə çalışan Prezident İlham Əliyevin xəbəri yoxdur?
Soruşan kimi ərəb dövlətlərinin başçıları da, Vladimir Putin də, Aleksandr Lukaşenko da, Orta Aziya dövlətlərinin rəhbərləri də, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də, xülasə, bütün müstəbidlər bağırır: “Qarışmayın bizim daxili işlərimizə! Biz suveren dövlətik və heç kəsə imkan vermərik ki, bizim müstəqil dövlət işlərimizə qarışsın!”
Etiraf edək ki, bu fənd gözəl işləyir. Avam kütlə bu fəndə uyub onu minib sürən müstəbidin əcnəbi tənqidçilərə cavabını alqışlayır və bu riyakar cavabı əsl vətənpərvərlik nişanəsi sayır.
Bəs nə! Bizim müstəqillik dönməzdir, əbədidir, heç kəsə imkan vermərik ki, bizim daxili işlərimizə qarışsın!
Sizin həqir bəndəniz hamının bildiyi bu həqiqətlər barəsində yazanda, hansı məqsədi güdür? Məqsədim əsla hakimiyyəti tənqid etmək deyil. Azərbaycan hakimiyyəti sıravi vətəndaşı, o cümlədən onu tənqid edən vətəndaşı saya almır. Hakimiyyət üçün mən yoxam. Mənim yazdıqlarımın onlar üçün qara qəpiklik qiyməti yoxdur.
Mənim məqsədim vətənpərvərlik horrası ilə qidalanıb vətəndaşlıq ləyaqətinin və azadlıqlarının mövcudluğunu unutmuş həmvətənlərimə insan xoşbəxtliyinin heç də İnternetdə “Qarabağ Azərbaycandır!” yazmaqdan ibarət olmadığını xatırlatmaqdır. Bəli, Qarabağ Azərbaycandır, sübhanə-l-lah, qazilərimizin canı və qanı hesabına vətən torpağını özümüzə qaytara bilmişik. Vaxt deyilmi ki, soruşaq: “Nəyin hesabına vətəndaslarımızın qəsb olunmuş hüquq və azadlıqlarını qaytara biləcəyik?”
İnanın mənə, bu azadlıqların qaytarılması Qarabağın qaytarılması mücadiləsindən heç də asan olmayacaq. Rus-erməni qəsbkarları xalqımızdan alınmış torpaqları özlərində saxlamaq məqsədilə hansı hiylə və fəndlərdən istifadə etmişdilərsə və edirlərsə, yerli qəsbkarlar da özlərinin halal qəniməti saydıqları Azərbaycanı onlardan minqat artıq hiylə və fəndlərlə qorumağa çalışacaqlar.
İndi isə ictimai qurtuluşu səmimi-qəlbdən istəyən həmvətənlərimə üzümü tutub deyirəm: bu mücadilədə sizin heç nəyiniz yoxdur. Nə pulunuz, nə qoşununuz, nə xarici havadarlarınız. Bunlardan heç biri!
Sizin iki xəzinəniz ola bilər, o da onlardan istifadə etmək istəyiniz olsa və qabiliyyətiniz çatsa.
Biri insanın daxilindən qidalanan azadlıq və ləyaqət hissidir ki, heç də hamıda olmur. Təəssüf ki, kütləyə mənsubluq, fərdin vücudunun səlamətliyi istəyi, zəif insanın maddiyyat qarşısında nəfsinə məğlub olması – bütün bunlar insan azadlığı və ləyaqəti naminə meydana atılanların sayını hədsiz azaldır, hakimiyyətə imkan verir ki, zəifləri qorxudub sındırsın, tamahkarları satın alıb tövləsinə qatsın.
İkincisi zəkadır ki, Allah onu yalnız insana bəxş edib, amma heç də hamı ondan bəhrələnə bilir. Bu zəkanın sayəsində xalq yaxşını pisdən, haqqı nahaqdan, savabı günahdan, düzü əyridən ayırmağı bacarmalıdır.
Əgər şanlı milli-azadlıq mücadiləmizin tarixini dürüst öyrənsəniz, nə demək istədiyimi dərk edərsiniz. Həmin bu mücadilə tarixində xalqımız zəka xəzinəsindən əsla bəhrələnə bilməmişdi.
Bəs necə bəhrələnə bilər? Bircə yolu var: açıq danışmaqla, Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri deməklə və görməklə.
Buna demokratik müzakirə və mükalimə deyirlər.
Mən başqa yol, başqa çarə görmürəm və tanımıram.
İctimai qurtuluşun başqa yolu yoxdur. Başqa yollar bizi olduğumuz məkana və zamana gətirir.