Tarix söz azadlığına düşmən olanları bağışlamır

1906-cı il Çar Rusiyası üçün yaxşı heç nə vəd etmirdi. Keçənilki fevral inqilabı çətinliklə də olsa, yatırılmışdı. Fəqət, ortada həll olunası məsələlər qalmaqda idi.

Source:
Bilal Həsən
Bilal Həsən
Bilal Həsənov banner
Bilal Həsənov banner

1906-cı il Çar Rusiyası üçün yaxşı heç nə vəd etmirdi. Keçənilki fevral inqilabı çətinliklə də olsa, yatırılmışdı. Fəqət, ortada həll olunası məsələlər qalmaqda idi.

Bir il öncə, İmperator ikinci Nikolay zorla, məşhur oktyabr manifestnə qol atır. Tətillərin ardı-arası kəsilmir, iki milyondan çox insan işini dayandırır. Sonda dəmiryolçuların etirazı İmperatoru imza atmağa məcbur edir. Ardınca Rusiya Dövlət Duması buraxılır. Çar daxili işlər naziri olan Stolıpini baş-nazir vəzifəsinə təyin edir.

Sonralar bu hadisə tarixə Stolıpinin aqrar reforması adı altında yazılır. Dumanın buraxılması və Stolıpin reformasının vacibliyi hələ 1905-ci ildə duyulurdu.

Çünki həmin ilin yanvarında Çar Rusiyasının soyuq və boz paytaxtı Sankt-Peterburqda imperator əsgərləri dinc aksiya keçirən fəhlələri gülləbaran etmişdilər. Nəticədə onlarla insan öldürülmüş, yüzlərlə aksiyaçı yaralanmışdı.

Manifest imzalamağa, Dumanı dağıtmağa, aqrar reforma keçirməyə səbəb təkcə ölkəni bürüyən kütləvi tətillər və narazılıq deyildi.

Artıq adi insanlar susmaq istəmir, öz haqlarını tələb edir, mitinqlər, aksiyalar, yürüşlər keçirirdilər.

Bu vaxt Stolıpinə qarşı bir neçə dəfə sui-qəsd edilir, onun qızı və oğlu terror aktı zamanı yaralanırlar. İmperator inqilabçı Trotskini tutub Sibirə sürgün edir, sonuncu isə yolüstü aradan çıxmağı bacarır.

Tərs kimi, Amerika dünya bazarına ucuz buğda çıxarır. Və Avropanın buğda tələbatını təmin etməyə başlayır. Bu, Rusiyanın iqtisadiyyatı üçün ciddi zərbə olur. Çünki o dövr Rusiyanın büdcəsinin yarıdan çoxu, məhz dünya bazarına taxıl ixrac etməklə formalaşırdı.

Beləliklə, ilk növbədə, sənaye tənəzzülü, büdcə çatışmazlığı, pul vəsaitinin dəyərdən düşməsi, Rus-Türk müharibəsindən qalma iri dövlət borcu, keçənil Rus-Yapon müharibəsində məğlubiyyətin istər iqtisadi, istər siyasi təsiri, imperiyaya ağalıq edən ailənin çürük, səriştəsiz idarəçiliyi, dövlətdə yenilənmiş qanunverici institutun yoxluğu, xalqın aşağı səviyyəli həyat tərzi, yoxsulluq və ən nəhayət, vətəndaş azadlığının məhdudluğu. Yəni, söz azadlığı, bərabər hüquqluluq, yazı və çap azadlığına qoyulmuş sərt senzura.

Bütün baş verən olayların və təlatümlərin fonunda bolşeviklərin israrla Dumaya can atması, böyük insan kütlələrini ayağa qaldırması, zavod və fabriklərdə tükənməz proletar mitinqləri ikinci Nikolayı əsəbləşdirməyə bilməzdi. İmperator, indiki dillə desək, “təkərə” düşür və bu onu söz azadlığına qarşı daha aqressiv edir.

Əlbət ki, imperiyanı titrədən hadisələr dalğası, onun tərkibində olan Tiflis və Bakı quberniyalarından təsirsiz ötüşə bilməzdi.

Bakı quberniyası o zaman tək Qafqazın deyil, demək olar bütün imperiyanın sənaye ürəyi olduğundan, bu şəhərdə bolşeviklərin proletar sinfi arasında inqilab agenturası çoxşaxəli idi.

1908-ci ildə Stalin yazacaq, “Bakı fevral inqilabının uğursuz başa çatmasına rəğmən sakitləşmir, inqilab zamanı əldə olunan müəyyən azadlıqdan maksimum yararlanır və digər Rusiya şəhərlərinin yaxşı mənada qibtə edəcək dərəcədə 1 may, proletar bayramını qeyd edirdi”.

Bir il sonra Bakıda “Mazut Konstitusiyası” qəbul ediləckdir. Hələ ki, Çar hökuməti fabrik və zavodlarda tətilləri yavaşlatmaq üçün şəhər əhalisi arasında etnik zəmində münaqişə yaradır və Bakıda erməni-tatar qırğını başlayır. Buna cavab olaraq bolşeviklər “Bakı fəhləsi” qazetini çap edirlər. Ardınca Çarın əmri ilə Bakı quberniyasında şəhər rəisi vəzifəsi yaradılır və Qubernator səlahiyyətlərinə malik olur. Həmin il Bakıda ilk Azərbaycan Həmkarlar İttifaqı qurulur. Bundan əlavə, 1906-cı ildə H.Z.Tağıyevin də üzv olduğu “Hidayət” müsəlman cəmiyyəti, Bakı camaatını təngə gətirmiş şəhər qoçularına qarşı amansız mübarizəyə başlayır və onlara divan tuturlar.

1906-cı il Tiflisdə isə yadda qalan hadisələrdən biri, Koba adlı cinayətkarın öz dəstəsi ilə birlikdə böyük məbləğdə qızıl, pul oğurluq etməsi olur. Tiflis Qubernatoru həmin şəxsin axtarışına bütün gücünü sərf edir, quldurların bolşeviklərlə bağlı olduğu bildirilir.

1906-cı ilin aprelində Tiflisdə, Mirzə Cəlil və Ömər Faiq Nemanzadənin müştərək aldığı “Qeyrət” mətbəəsində “Molla Nəsrəddin” məcmuəsinin ilk nüsxəsi çap olunur.

Bu olay Qafqazda və cəmi Çar İmperiyasında ən möhtəşəm hadisə olur. “Molla Nəsrəddin” nəyin ki zəmanəsinin, elə bütöv Azərbaycan mətbuat tarixinin bəlkə də ilk və sonuncu real dissident məcmuəsidir.

Jurnalın baş redaktoru faktiki Bakıya gəlib jurnal çap edə bilmirdi, demək olar Tiflisdə mühacir olaraq yaşayırdı.

Onun həmkarı, Ömər Faiq Nemanzadə hətta Tiflisdə türmədə də yatmışdır. Sonralar Çar polisi jurnalın karikaturaçıları Şmerlinqi, Rotteri və bir zaman pay sahibi olacaq Əliqulu Nəcəfovu həbs edib Tiflisdə, Metex qalasında saxlayacaqlar. Bir neçə kərəm jurnal çapını dayandıracaq, hətta bir dəfə şəxsən İmperatorun əmri ilə.

Jurnal çap olunan illərdə iki əməkdaşı bıçaqlanacaq, bəziləri fiziki təcavüzə məruz qalacaq. Nəcəf şəhərində, şiə-məzhəb müsəlmanlarının baş müctəhidi jurnalı haram, onun baş redaktoru naxçıvanlı Mirzə Cəlili kafir adlandırıb, ədibin qətlini hər bir müsəlman üçün vacibiyyat elən edəcək.

Sonra Bakı qoçuları Mirzə Cəlili öldürmək üçün Tiflisə killer göndərəcək, Mirzə dostlarının köməyi ilə gizlənəcək və o gündən sonra özünə brauninq alıb silahla gəzəcək. Jurnal bircə ay idi çapdan çıxmışdı, amma polislər artıq bir neçə dəfə redaksiyada və Faiq Nemanzadənin evində axtarış aparmış, inqilaba dəstək olan sənədlər axtarmışdılar.

Ən absurd hadisə 1906-cı ilin 19 aprelində baş verir. Jurnalın ikinci tirajının bütün nüsxələri qırmızı rəngdə olduğu üçün polislər tərəfindən, birbaşa Tiflis Qubernatorunun göstərişi ilə müsadirə edilir.

Əslində jurnalın müdriyyəti bunu bilərəkdən etmir. Sadəcə mətbəədə işləyən fəhlə bu işdə naşı olur və rəngi lazım olduğundan çox qoyur. Bu səbəbə jurnal qırmızı rəngdə alınır. Polislər bunu rəmzi olaraq bolşeviklərə dəstək bilib, tam olaraq bütün nüsxələri müsadirə edirlər. Düzdü, sonradan jurnallar redaksiyaya qaytarılır, lakin iki nüsxəsi əskik gəlir. Bir sözlə, Çar hökuməti artıq jurnalın rəngindən hürkür. Kağızın rənginə görə məcmuəni müsadirə etmək artıq bir isteriya idi. İnqilabın qaçılmaz olduğunu anlamaq, monarxiyanın süqutunu şüuraltı bilmək, hakimiyyətin iflasın görmək, siyasi meydanda can verməyə bərabər bir haldır.

Di gəlin dönək öz zəmanəmizə. Yuxarıda yazdıqlarıma əsasən sanki tarix təkrarlanır. Rusiya artıq imperiya deyil, ancaq imperialistik xasiyyətindən əl çəkmir. Amerikanın neft bazarını çökdürdüyü yerdə, Rusiya dərin maliyyə quyusuna yuvarlanıb.

Bizim hakimiyyətin isə pulu var ikən güya müstəqil görünmək naminə geydiyi maskası artıq cırılıb.

İnflyasiya, total yoxsulluq, iqtisadiyyat və ümumi istehsalat olmayan yerdə camaatın nə zaman qalxacağını proqnozlaşdırmaq çətindir.

Pul vahidinin dəyərdən düşməsi, Qarabağ münaqişəsi, bankların iflası, dayanmadan yaranan işsizlik, intiharlar və insanların psixoloji durumu. Hökumət toy-bayram, oyunlar və yarışlar keçirsə də, bu, ümumi toxtaxlıq yaratmır. Bədbinlik, ölkəyə və hakimiyyətə inamsızlıq sürətlə artır. Deyinənlər, deyənlər, siyasi məhbuslar, vicdan məhbusları, etiraz edənlər çoxalır.

Və sonda hakimiyyət sonuncu, ən mühüm rıçaqa əl atır. İnsan hüquqları, vətəndaş azadlığı, söz və yazı azadlığı. Ölkədə virtual mətbuata, beş müxalif internet sayta qadağa qoyulur. Daha doğrusu onlara giriş ölkə ərazisində bloklanır. Bu saytlarda işləyən jurnalistlərə qarşı cinayət işi açılır, bloqqerlər tutulur, gənc aktivistlər şərlənir, digərləri qeyri-rəsmi olaraq ölkədən qovulur, mühacir olurlar.

Bu, artıq siyasi isteriyadır. Vəziyyət eynən o illəri, hətta rənginə görə qəzeti müsadirə edilən dövrü xatırladır. Təəssüf ki, idarə etməyi bacarmayanlar, tarixin səhifələrindən nəticə çıxarmağı da öyrənmədilər. Bəs sonra nə olacaq?

Sonra insanlar şüarlarını, sözlərini, istək və diləklərini divarlarda qanla yazacaqlar. Çünki siyasi əlacsızlıqdan yaranan isteriya əks təsir verəcək və bu uçuruma gedən yolu qısaldacaq.

İndi fürsətdən istifadə edib ağızları skoçlamaq, yazıları sildirmək, qəzetləri bloklamaq olar. Amma tarix hər bir xırdalığı yazır və qeyd edir.

Tarix söz azadlığına düşmən olanları bağışlamır və amansız cəzalandırır. “Molla Nəsrəddin” jurnalının rəngindən qorxan İmperatorun sonu Ekaterinburqda, İpatyevin evində, yarımçıq zirzəmidə bitir.

Jurnal isə inqilabdan sağ çıxır, hələ xeyli müddət çap olunur. Mirzə Cəlilin məcmuəsi, onun redaktorunun ölümündən sonra da öz işığı ilə cəmiyyətmizin maariflənməyə, savadlanmağa, aydınlanmağa gedən yolunu işıqlandırır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTarix söz azadlığına düşmən olanları bağışlamır