Qənirə Quliyeva: “Oğlum arzuladığı kimi ucqar kənddə müəllim oldu, amma bir gün də dərs deyə bilmədi”
“Tarix müəllimi kimi işləyə bilməsəm də, bəlkə tarix yaza bilərəm”.
Bu, İkinci Qarabağ Müharibəsinin ömrünü sonlandırdığı minlərlə gəncdən biri, Elgün Quliyevin gündəliyinə yazdığı sonuncu cümlədir.
28 yaşlı Elgün Şamaxı rayonunda doğulub. Üç bacının tək qardaşıdır. Anası Qənirə Quliyeva deyir ki, oğlu müharibəyə könüllü gedib, müharibənin sonuncu günü, noyabrın 9-da Şuşada həyatını itirib.
“Həmin gün təkcə Elgünün yox, hamımızın həyatının son günü oldu. Bu, yaşamaq deyil, işgəncədir. Elgün bir an belə nə mənim, nə atasının yadından çıxır”, – ana deyir.
“İşə qəbul olması ilə bağlı cavab gələndə oğlum müharibədə idi”
Elgün Quliyev Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bacıları və anası kimi o da müəllim olmaq istəyib. Ən böyük arzusu da ucqar kəndlərin birində işləmək olub:
“Deyirdi, “ucqar bir kənddə işə düzələcəm. Nənəmi də götürüb gedəcəm”. Sentyabrın əvvəli imtahan verdi. 60 baldan 52-ni topladı və Lerikin ucqar kəndlərindən birinə qəbul oldu. Cavab gələndə özü müharibədə idi. Atası ilə gedib sənədlərini verdik. Başa saldıq ki, müharibədədir, özü gələ bilmir. Həmin axşam zəng etmişdi, muştuluğu verdik. Dedim, balam, Lerik elə bil cənnətdir, amma yaman soyuq olur. Dedi: “Ana, narahat olma, qalın geyimlərimi özümlə götürəcəyəm”. Sonra da dedi ki, bəlkə bir gün işğaldan azad edilən bölgələrdə də dərs demək qismət olar”.
““Narahat olmayın, yerim rahatdır”, – söyləyirdi”
Elgün həm də dini təhsil alıb.
« İsmayıllıda və Şəkidə dini təhsil də alıb. Səsi qəşəng idi, “Qurani-Kərim”i avazla oxuyurdu. Müharibə Elgünlə bərabər bizim də bütün arzularımızı yarıda qoydu, puç elədi. Gedəndən bizə harada olduğunu demirdi. “Narahat olmayın, yerim rahatdır”, – söyləyirdi. Sən demə, odun-alovun tən ortasındaymış. Müharibənin son günü Elgün və bir neçə əsgər Şuşaya top mərmisi qaldırırmış. Bu zaman Xankəndi tərəfdən hücum olub və atılan mərmi parçası onun ayağının arxa hissəsindəki şah damarına tuş gəlib. Qanaxmadan həyatını itirib. Dostları gəlmişdi, deyirdilər ki, həmin vaxt yaralıları çıxarmaq, şəhidləri aşağı düşürmək imkanları olmayıb. Yoxsa Elgünün yarası elə dərin deyilmiş”, – anası danışır.
“Axırıncı gün hamımızla danışdı”
Ailəsi Elgünlə ən son noyabrın 5-də danışıb. Anası deyir ki, özünün telefonu olmayıb, həmişə başqalarının telefonundan zəng edib. Hər dəfə də ya atası, ya da onunla danışıb:
“Deyirdi, “salamatam”, vəssəlam. Ancaq sonuncu zəngində bacısı, atası və mənimlə danışdı. Hiss edirdim ki, danışmaq istəyir. Bilmirdim ona nə deyim. Kənddən, məhəllədən söhbət açdım, ordan-burdan danışdıq. Yaxşı deyildim, ürəyimə xoş olmayan hisslər gəlirdi. Düz hiss etmişəm, həmin gün oğlumla son danışığımız oldu. Ondan sonra Şuşa alındı, qələbə çaldıq, amma mənim gözümün yaşı dinmirdi. Çünki Elgündən xəbər ala bilmirdik. Axırda da qara xəbəri gəldi. Valideyn üçün həyatda bundan ağır heç nə ola bilməz”.
“Kaş bütün şəhidlərin adı əbədiləşə”
Elgünün atası Vasif Quliyev deyir ki, oğlu nə anasına, nə də ona bənzəyirdi. Tamam fərqli, şən əhval-ruhiyyəli, zarafatcıl biri olub:
“Nə anası, nə mən sözümüzü deyə bilirik, dilimiz var, ağzımız yox. Amma o bizdən çox cəsarətli idi, həmişə haqqını tələb edirdi. Gələndə qapı-baca səsi-sədası ilə dolurdu. Böyükdən-kiçiyə hamı xətrini çox istəyirdi. Özü dediyi kimi, tarix dərsi deyə bilmədi, amma tarixin özünə çevrildi”.
“Arzu edirik, Elgünün, eləcə də bütün şəhidlərin adını əbədiləşdirilsin. Bu, bütün şəhid ailələrinə təsəlli olar. Müəllim olub işləyə bilməyən biri kimi kaş kəndlərdən birinin məktəbinə Elgünün adını verələr. Bəli, bu, onu geri gətirməyəcək, amma ailəsi olaraq bizə təsəlli olacaq”, – atası deyir.
Elgün Quliyev ölümündən sonra “Şuşanın Azad Olunması Uğrunda”, “Vətən Uğrunda” və “Döyüşdə Fərqlənməyə Görə” medalları ilə təltif edilib.