Tarix müəllimi: ”Facebook”dakı paylaşımlarıma görə polisin təzyiqinə məruz qalmışam

Sabirabadda polisin vətəndaşı siyasi mənsubiyyətinə görə incitdiyi bildirilir

Source:
Qulu Məmmədov
Qulu Məmmədov


Sabirabadda polisin vətəndaşı siyasi mənsubiyyətinə görə incitdiyi bildirilir

Sabirabad rayon Kovlar kənd orta məktəbinin tarix müəllimi Qulu Məmmədov təzyiqə məruz qaldığını deyir.

Tarix müəlliminin Meydan TV-yə bildirdiyinə görə, yanvarın 11-də və 16-da Sabirabad Rayon Polis Şöbəsinə çağırılıb. Buna AXCP üzvü olmasını və sosial şəbəkələrdəki paylaşmlarını səbəb göstərir. Onun sözlərinə görə, ötən il, mitinqlər ərəfəsində də Sabirabad Rayon Təhsil İdarəsi, hətta qohumları tərəfindən təzyiqlərə məruz qalıb. Bu dəfə isə polisin hədəfindədir.

Qulu Məmmədov yanvarın 12-də Polis Şöbəsinin rəis müavini Aqşin Tağıyevlə görüşdüyünü deyir:

“Mənə söylədi ki, dövlət sənə iş, maaş verir, sən isə “Facebook”da dövlətin əleyhinə yazır, yazılanları da bəyənirsən, belə olmaz. Cavab verdim ki, AXCP üzvüyəm və vətəndaş olaraq ifadə azadlığı mənim konstitusion hüququmdur, burda qanunazidd heç nə yoxdur. Əgər qanunsuz hərəkət edirəmsə, cinayət işi qaldırıb həbs edin. Söhbət normal atmosferdə 20 dəqiqə davam etdi, sonda dedi ki, telefonun açıq olsun, əlaqə saxlayacağıq”.

Müəllimin sözlərinə görə, yanvarın 15-də ona təkrar zəng edilsə də, telefonu bağlı olub, 1 gün sonra yenidən zəng ediblər.

“Sahə müvəkkili idi, mən də məktəbdə dərsdəydim, gəldi ki, polis rəisi səninlə görüşmək istəyir. Məni maşınla apardılar Rayon Polis İdarəsinə, bu dəfə tanımadığım rəis müavini qəbul etdi, sərt və kobud danışdı, əsasən “dövlətdən maaş alırsan, amma əleyhinə yazırsan” və s. dedi. Mən də əvvəlki kimi qeyri-qanuni hərəkət etmədiyimi söylədim, bundan sonra polis rəisi Namiq Camalovun kabinetinə apardılar. Namiq Camalov yüksək səslə dövlətə qarşı çıxdığımı dedi. Mən qanunsuz heç nə etmədiyimi bildirəndə, kobud ifadələr işlətdi. Yanındakı rəis müavini də dedi ki, onunla müəllim kimi rəftar etməyin”, – müəllim bildirir.

Qulu Məmmədovun sözlərinə görə, onu yenidən rəis müavininin otağına aparıblar, ardınca Aqşin Tağıyev də gəlib. Ona deyiblər ki, “Facebook” hesabını bağlamasa, başqa cür rəftar edəcəklər:

“Cavab verdim ki, məhkəməyə müraciət edin, əgər qanunsuzluq edirəmsə, məhkəmə qərar qəbul edəcək. 2 saatlıq danışıqdan sonra sərbəst buraxıldım”.

Qulu Məmmədovun sözlərinə görə, idarədə ona fiziki təzyiq olmasa da, kobud davranılıb və hədə-qorxu gəliblər:

“Mən yenə də o fikirdəyəm ki, statuslarımda qanunları pozan fikir yoxdur, bu, mənim konstitusion hüququmdur”.

Sabirabad Rayon Polis İdarəsinin növbətçi hissəsindən Meydan TV-yə deyiblər ki, rəis Namiq Camalov və müavini Aqşin Tağıyev yerlərində olmadığından onlarla əlaqə yarada bilməyəcəklər. Özləri isə bu barədə açıqlama verə bilməzlər.

Bu, Azərbaycanda ilk hadisə deyil. 2017-ci ilin 28 aprelində AXCP-nin Neftçala rayon təşkilatının sədri

Əflatun Əhmədzadə

və xanımı Ülkər Əhmədzadə işlədikləri orta məktəblərdən çıxarılıblar.

Ə.Əhmədzadə Mayak kənd 1 saylı məktəbində fizika, xanımı Ülkər Əhmədzadə isə rayonun 3 saylı məktəbində rus dili fənnindən dərs deyib. Onların işdən çıxarılmasının səbəbi kimi Milli Şuranın 8 aprel aksiyasında iştirak etmələri və AXCP üzvü olmaları göstərilir. Sonradan rayon məhkəməsi onları işinə bərpa edilməsi barədə qərar çıxarıb.

2017-ci ilin iyununda isə AXCP-nin Masallıdan olan Ali Məclis üzvü

Laçın Mirəsgərli

və həyat yoldaşı işdən çıxarılıb.

Bu barədə Meydan TV-yə danışan Laçın Mirəsgərli başlarına gələnin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:

“Mən Çaxırlı kənd məktəbində müəllim, həyat yoldaşım isə kənd tibb məntəqəsində çalışırdıq. Mayın 2-də məni rayon Təhsil Şöbəsinin əmriylə Əmək Məcəlləsinin 70-ci bəndinin tələblərini pozmaqda ittiham edib, müəllimlikdən uzaqlaşdırdılar”.

Ana səhifəXəbərlərTarix müəllimi: ”Facebook”dakı paylaşımlarıma görə polisin təzyiqinə məruz qalmışam