Tarix idarə olunur, yoxsa öz təbii axarı ilə gedir?

Tarixin öz təbii axarı ilə getməsi fikrinin tərəfdarlarının qibtəediləsi inamına həmişə heyrətlə tamaşa etmişəm

Source:
Dağlıq Qarabağdan 1991-94-cü illər ərzində çıxan məcburi köçkünlər
Dağlıq Qarabağdan 1991-94-cü illər ərzində çıxan məcburi köçkünlər

Tarixin öz təbii axarı ilə getməsi fikrinin tərəfdarlarının qibtəediləsi inamına həmişə heyrətlə tamaşa etmişəm. Hadisələrin hər bir mərhələsinə bir və ya bir insan dəstəsinin tədbirli müdaxiləsinə dair sübut qoyulduqda onlar deyirlər ki, “bu, belə də olmalıydı…”

Mən də buna zarafatla belə bir misal gətirirəm: “Təsəvvür edin ki, TV jurnalisti məşhur müğənnidən Tayqada müsahibə götürür. Söhbətin sonunda soruşur ki, təzə mahnı nə vaxt oxuyacaqsınız? Müğənni deyir ki, royal olsaydı, lap elə indi çalıb oxuyardım. Jurnalist deyir ki, gəlin Tayqanı axtaraq, bəlkə royal tapdıq. Kamera göstərir ki, jurnalist gedib bir kolu aralayır, kolun arxasında çəməndə ağ royal görünür. Müğənni sevincək qışqırır: nə gözəl təsadüf”!

İndi də SSRİ-ni dağıdan xalq hərəkatlarının yüksəlişi, həmin hərəkatların liderliyinə min bir fırıldaqla DTK ilə sıx təmasları olan cüvəllağıların gətirilməsi mövzusu aktuallaşanda bu Tayqada təsadüfən tapılmış ağ royal misalı yadıma düşür.

Antisovet xalq hərəkatlarının başlanğıcı Dağlıq Qarabağda qoyuldu. Bu hərəkata çox zaman separatçı deyirlər. Əslində onun elmi adı “irridentizm”-dir. Yəni hansısa bir dövlətdə yaşayan xalq qonşu dövlətlərdə öz millətindən olan əhalinin sıx yaşadığı ərazini də özünə birləşdirmək istəyir. Buna misal Hitler Almaniyasının əhalisinin əksəriyyəti alman olan Avstriyanı işğal etməsi, Sudet vilayətini Çexoslovakiyadan qoparıb işğal və ilhaq etməsi ola bilər. Unutmayaq ki, Ermənistan erməni çoxluğunun yaşadığı Cavaxetiyanı da Gürcüstandan qoparmaq üçün mütəmadi olaraq fürsət hərləyir. İsveçdə yaşayan erməni yazıçısı Vahe Avetyan öz xatirələrində yazır ki, onu və bir dəstə millətçi gənci 1987-ci ilin sonunda silahlandırıb Gürcüstanla sərhəddə saxlayırdılar ki, Cavaxetiyada silahlı üsyana təkan versinlər. Bir müddət “hazır” vəziyyətində işarə gözləyən millətçi gənclərə sonra göstəriş gəlir ki, “dağılışın, hərəkat Qarabağdan başlayacaq”.

Üçüncü minillikdə baş verən “rəngli” inqilabların təzahürü və vasitəsi olan kütləvi mitinq və yürüşlərin ilk nümunəsi kimi Qazaxıstan Kommunist Partiyasının Birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü Dinmuhamməd Danişeviç Kunayevin işdən çıxarılıb etnik rus Gennadiy Kolbinlə əvəz edilməsinə qarşı Alma-Atada 1986-cı ildə qazax gənclərinin naşı təşkil edilmiş və amansızlıqla yatırılmış etiraz mitinqini deyil, 1988-ci ilin fevralında kiçik Stepanakertdə (hazırkı Xankəndi) vilayət partiya komitəsinin binasının önündəki meydanda müstəsna yüksək səviyyədə təşkil edilən irridentist mitinqləri göstərmək lazımdır.

Bu mitinqlərin hazırlığı həm Stepanakertin, həm dörd erməni rayonunun partiya komitələrində və “xalq deputatları” sovetlərinin icraiyyə komitələrində, Yerevan və Moskvanın partiya, sovet və təhlükəsizlik orqanlarında aparılırdı. Bu hazırlığın həm də Moskva kabinetlərində aparıldığını iddia edərkən mən iyirmi il ərzində azəri sülhpərvərləri ilə birlikdə iki xalqın düçar olduğu münaqişədən dinc yolla çıxış imkanlarını arayan erməni həmkarlarımın sözlərinə istinad edirəm.

Bizimlə görüşlərin rəsmi hissəsində qeyri-əməli və barışmaz mövqe sərgiləyən erməni ictimai xadimləri dəhlizdəki “qeyri-rəsmi” söhbətlərdə səmimi etiraf edirlər ki, münaqişə erməni xalqına böyük bəla gətirmişdir, bir çox dayaz düşüncəli ermənilərin qürrələndiyi qələbə əslində “Pir qələbəsi”dir və Cənubi Qafqazın bütün xalqlarına böyük fəlakət gətirmiş bu münaqişənin səbəbi həm bu məkanda kütlə təfəkkürünə hakim kəsilmiş əsatirlər, həm də xarici qüvvələrin müdaxiləsidir. Dediklərinin xülasəsi budur ki: “Zarduştcan, mı vıiqrali Karabax, no proiqrali Armenyu” (Zərdüştcan, biz Qarabağı udmuşuq, Ermənistanı uduzmuşuq).

Onlar Qorbaçovun və onun əhatəsinin bu latent münaqişənin və beyinlərdə yatmış xülyaların dövlətin cəza tədbirləri qorxusundan qurtularaq bütün sovet quruluşuna və dəyərlərinə meydan oxuya biləcək bir gücə və vüsətə çatması üçün nə qədər xəyanət və təxribata əl atdığı barədə mənə xeyli hadisənin gizlinlərini açdılar.

Onlardan birinin, yerevanlı elmlər doktoru və professorun acı hekayətini bu texnologiyanın adi bir mərhələsi kimi qəbul etmək olar (təbii ki, Ermənistanda vətəndaşların təhlükəsizliyinə təminatın səviyyəsini nəzərə alaraq, həm də onun razılığı olmadan, onun adını çəkə bilmərəm):

“1987-ci ildə mən Moskva Dövlət Universitetində ixtisası artırma kurslarında mühazirə dinləyir, özüm isə aspirant yataqxanasında qalırdım. Payızın sonunda elə mənim kimi Moskvanın elm və təhsil ocaqlarında ixtisaslarını artıran bir neçə yerevanlı müəllim yanıma gəlib dedilər ki, Dağlıq Qarabağdan erməni nümayəndə heyəti gəlib. Adətən onlarda Qarabağın ləziz nemətləri olur. Yığışıb onlara qonaq getdik. Bizi sevinclə qarşıladılar, süfrə açdılar. Söhbət əsnasinda bəlli oldu ki, onlar Sov.İKP MK katiblərindən birinin qəbuluna “Miatsum”, yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə gəliblər. Mən onlara açıq söylədim ki, bu, mümkün iş deyil. Bundan əvvəl belə xahişlər dəfələrlə olub, Moskva isə sərt və qəti şəkildə bu xahişləri rədd edib. Onlar gülüşərək cavab verdilər ki, bu dəfə məsələ başqa cür olacaq. Ertəsi gün nəticəni bilmək üçün dübarə gəlməyimizi istədilər.

Ertəsi gün axşam yenə hamılıqca qarabağlı nümayəndələrə qonaq getdik. Orada bayram idi: MK katibi Razumovskiy bu işdə hərtərəfli yardım vəd etmişdi və tapşırmışdı ki, “möhkəm durun”. Bir qarabağlı erməni dedi: “Biz soruşduq ki, işimizin uğuruna heç olmasa solğun çəhrayı ümid varmı?” MK katibi Razumovskiy qəti cavab vermişdi: “Solğun çəhrayı yox, al qırmızı ümid var!”

Erməni professor ah çəkib dedi:

-Biz nə biləydik ki, Razumovskinin dediyi “al qırmızı ümid” xalqımızın axıdacağı və tökəcəyi qanın rəngiymiş!”

Onu da qeyd edim ki, hadisələr başlayan andan yoldaş Razumovskiy Moskvadakı işini-gücünü atıb vaxtının əksər hissəsini Qarabağ və Ermənistanda keçirdi, hərdən də Bakıya baş çəkdi.

Siyasətşünaslıqda danılmaz bir həqiqət var: separatizm yalnız dağılmaqda olan, zəifləmiş dövlətlərdə, böhran çağında ayaq açır. Sov.İKP MK katibi hansı başla SSRİ-ni dağıdacaq bir hərəkata xeyir-dua verirdi? Kommunist quruluşunun idarəçilik qaydalarını bilən hər bir kəs əminliklə deyə bilər ki, MK katibinin bu siyasi mövqeyi ən yuxarı mərtəbədə, şəxsən Qorbaçovla razılaşdırılmadan sərgilənə bilməzdi.

Separatizmin uğuru üçün digər zəruri şərt xaricdən gələn dəstəkdir. Erməni irridentizmi üçün bu şərt də SSRİ-nin süqutunda maraqlı olan qüvvələr tərəfindən təmin edildi. ABŞ, Avropa və yaşadıqları ölkələrdəki ağalarına işləyən erməni diasporası erməni irridentizminin tonqalına bol-bol yanacaq tökməyə başladılar.

Beləliklə, 1988-ci ildə Dağlıq Qarabağda böyük bir münaqişə ocağı qalamaq üçün zəruri iki şərt təmin olunmuşdu. Qalmışdı icraçıları meydana salmaq, bu işi də təşkil edən qurumlar var idi və onlar ləngimədən işə başladılar. 1987-ci ildən etibarən ta SSRİ dağılana qədər Ermənistanda və Azərbaycanda Moskvadan gəlib DTK-nin yerli qurumlarından asılı olmayaraq müstəqil işləyən xüsusi xəfiyyə dəstələri fəaliyyət göstərməyə başladı.

Millətçilik bəsit, həm də güclü və yırtıcı ideyadır. Hər bir insan toplumunda kasıb və cansıxıcı həyat tərzindən qurtulub zəngin və firavan həyata qovuşmaq istəyən adamlar var. Ənənəvi cəmiyyətlərdə zənginliyə yol dövlət vəzifəsindən keçir. Nə qədər kəmsavad, lakin iddialı insan yüksək vəzifə arzusu ilə alışıb yanır! Məhz onlar “müstəqil milli dövlət” arzulayırlar ki, həmin dövlətdə yağlı bir vəzifəni tutub doğma xalqın malını basıb yesinlər. Belələri üçün dünyada ən əziz şey “müstəqillikdir”.

“Biz müstəqilik, heç kəz bizim daxili işlərimizə qarışıb deyə bilməz ki, niyə rüşvət alırsan, niyə insan haqlarını pozursan!”

Bütün geridə qalmış bədbəxt xalqların müstəqilliyi elə belə, qeyri-insani və antimilli olur. Mən bunu Misirdə və Yəməndə yaşadığım beş ildə yaxından müşahidə etmişdim, lakin xalqım bunu bilmirdi və siyasi müstəqilliyi dünyada mövcud olan bütün müşküllərin sehirli açarı sanırdı.

Az qala 30 ildir müstəqilik, heç cür dayanıqlı tərəqqiyə aparan yola çıxa bilmirik, elə-hey feodalizm və istibdad dairəsində cövlan edirik.

Mediada bu barədə aparılan söhbətləri xalqımın savadlanması üçün faydalı saydığımdan tanıdığım bütün zəka sahiblərini söhbətə qoşulmağa dəvət edirəm.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTarix idarə olunur, yoxsa öz təbii axarı ilə gedir?