Tarantinonun qanlı nifrəti

“Əclaf”ların demokratiyası

Source:



Ən maraqlısı isə ordadır ki, bu kiçik cəmiyyətdə təmiz adam yoxdur. Çoxunun işlətdiyi “nigga” sözündən hər dəfə təhqir olunan qaradərili mayor da çox iyrənc bir adam olduğunu danışır. Bu 8 nəfər bir qalenterayada toplanıb və borana görə həmin gün orda qalmalıdırlar.

Tarantinonun 2015-də çəkilmiş “Mənfursəkkizlik” (“Hateful eight” ifadəsini belə tərcümə etdim) filmində qan səhnələri Tarantinonun əvvəl baxdığım filmlərindən daha çox idi. Hətta iyrənc səviyyədə. Həm buna görə, həm də bir-birini axıra qədər qıran “western” filmi təsiri bağışladığından, çox adamın xoşuna gəlməyə bilər. Amma mən ordan başqa mənalar çıxartdım ki, 2 saat 45 dəqiqəmi boşuna itirmiş saymayım özümü.

ABŞ-ın vətəndaş müharibəsindən bir az sonrakı dövr barədə çəkilmiş filmdir. Müharibədə döyüşmüş insanlar – həm qaliblər, həm də məğlublar sülh içində, amma nifrət dolu (“hateful” – filmin adında tərcüməyə “nifrət dolu” sözü uyğun gəlməsə də, filmdəki surətlərin bir-birinə münasibəti bu sözün hərfbəhərf tərcüməsinə uyğun gəlir) yaşayırlar. Hərə başqasına bir cür nifrət edir.

Ən maraqlısı isə ordadır ki, bu kiçik cəmiyyətdə təmiz adam yoxdur. Çoxunun işlətdiyi “nigga” sözündən hər dəfə təhqir olunan qaradərili mayor da çox iyrənc bir adam olduğunu danışır. Bu 8 nəfər bir qalenterayada toplanıb və borana görə həmin gün orda qalmalıdırlar.

Bu qalentereya Amerikanı təmsil edir. İçəridə isə bir normal adam yoxdur. Onların hamısı çirkin keçmişə malikdir və indi də iyrənc əməllərini davam etdirməyə hazırdırlar. Sual oluna bilər ki, əgər bu, Amerikadırsa, necə yəni orda bir normal adam yoxdur, yaxud müsbət adamları xarakterizə edəcək bir surət yoxdur?! Filmin 5-ci hissəsində buna cavab verilir.

Bu mağazadakı bütün normal insanlar (halbuki onların da hamısı mələk deyildi) öldürülür. Analogiya aparsaq, vəziyyət yenə Amerikaya gəlib çıxır. Vətəndaş müharibəsində 600 min adam öldürülüb. Sağ qalanların çoxu bir-birinə hədsiz nifrət edən, sağ qalmaq üçün bir çox rəzillikləri edən adamlardır. Və bu adamlar birlikdə yaşamalıdırlar. Onların çox az ortaq dəyəri var. Bunlardan biri də Linkolndur.

Quldarlığı ləğv edən, ölkəni birləşdirən və bu nifrət dolu insanları bir dövlətdə yaşamağa məcbur edən insan. Filmdə bu dəyəri Linkolnun qaradərili mayora yazdığı məktub canlandırır. Mayor bu məktubu üstündə gəzdirir. Mayorun da dediyi kimi, onu borandan qoruyan, ölməyə qoymayan və bu qalenterayaya sığınmasına səbəb olan məhz bu məktubdur, Yəni amerikanları Amerikada yaşamağa motivasiya edən, qaradərililəri ölməyə qoymayan Linkolndur.

Məktuba tüpürülür, onun mövcudluğuna şübhə edilir, amma sonda – cəmi 2 nəfər (biri Linkolna nifrət edən quldarlıq tərəfdarı) sağ qalanda məktub qanlı əllərdə əzilir. Film elə belə də bitir. Yəni Amerikanın necə Amerika olması göstərilir. Yaşamaq uğrunda vəhşi mübarizə, gücün haqlılığı, amma yenə də sağ qalanlarar asında onları sağ saxlayan bir dəyər qarşısında acizlik.

Filmdə özünü dövlətin rəsmi cəlladı kimi təqdim edən, əslində cinayətkar dəstənin üzvü olan birinin dediyi sözlərdən də film haqqında bu nəticəni çıxartmaq olar. O deyir ki, asılmağa layiq adamların asılmasının 2 üsulu var: xalqın linçləməsi və cəlladın asması. Xalq linçləyəndə kütlənin qisas hissi daha yaxşı təmin olunur, amma bu zaman yanlış adamın asılması ehtimalı çoxdur. Buna görə də, qisas istəməyən, tərəfsiz birinin asması daha məqbuldur. Bu şəraitdə dövlətin cəlladı lazımdır ki, soyuqqanlı şəkildə ədaləti təmin etsin.

Qətliamın yaşandığı bu balaca qalentereyada isə tərəfsiz olmalı mühakimə subyekti yoxdur. Burada hər kəs cəllad, hər kəs asılmalı cinayətkardır. Dövləti əslində Linkolnun məktubundan başqa heç nə təmsil etmir. Bir də 2 fırıldaqçıdan biri şerif, biri də cəllad olduğunu iddia edir. Özünə “hələ and içməmiş şerif” deyən adamın isə doğru və yanlış dediyi axıra qədər bilinmir. Çünki onun legitimliyi yoxdur. Yəni tərəfsiz mühakimə səlahiyyəti legitim hakimiyyətə verilməldir. Əks təqdirdə, hər kəs özünü cəllad, başqalarını cinayətkar sayacaq.

Mənim filmdən çıxartdığım nəticə budur: Amerikanı yaxşı adamlar qurmayıb. Amerika mənəvi dəyərlərin üstündə dayanmaq kimi öhdəlik götürməyib. Amerikanın qurulmasında əclaflar daha çox iştirak edib yəqin. Sadəcə bu əclafların hamısı hüquqca bərabər olublar. Xüsusən də, vətəndaş müharibəsindən sonra cəmiyyət bir-birinə nifrət edən çoxlu cinayətkarla dolu idi. Onların birlikdə yaşamaq üçün hansısa qaydalara tabe olmaq məcburiyyəti var idi, yoxsa bir-birlərini qırıb-qurtaracaqdılar.

Amerika beləcə təbii yolla yaranıb – zəruri olan, müzakirədən ortaya çıxan, əclaflıqların qarşısını alan qaydaların tətbiqi ilə. Amerikanlar qadağanı, hüquqlarının məhdudlaşdırılmasını o zaman tətbiq edirdilər ki, bunu ən əclaflar da zəruri saysınlar. Nifrət dolu cəmiyyətdə təbii olaraq meydana çıxan şərait budur – maksimum azadlıq, minimum məhdudiyyət, bərabər imkanlar, yaşamaq uğrunda vəhşi mübarizənin çərçivəyə salınmış şəkli.

Buna görə də Amerikanın yaşayış tərzi unikal və qalibdir. Onlar mənəvi dəyərlərə o qədər də istinad etmirlər. Diktaturaları da dəstəkləyiblər, soyqırımlar da ediblər. Onlar optimal olanı dəstəkləyirlər. Amerika demokratiyası mənəvi məsələdən daha çox zəruriyyət məsələsidir. Lazım olduğuna görə tətbiq olunub, əxlaqi cəhətdən yaxşı olduğuna görə yox.

P.S. Filmdə ən çox işlədilən sözlərdən biri də “bastard”dır (əclaf).


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəTarantinonun qanlı nifrəti