İçəri girdi, soruşdum ki, “Rafiq, nəsə olub?” Dedi: “Məni bıçaqla vurdular”. Nəsə elə bil ürəyimə dammışdı. Çünki yazılarına görə evə kimlərsə zəng edirdi, hədə-qorxu gəlirdi. Deyirdim, Rafiq, səni vuracaqlar. Ən çox da o yoldan qorxurdum. Gecə oradan gəlirdi. Elə o yolda da vurdular…” Bu sözləri yazıçı-jurnalist Rafiq Tağının həyat yoldaşı Mailə xanım yazıçının bıçaqlandığı günün xatırlayarkən deyir. Bu gün yazıçı, jurnalist, həkim Rafiq Tağının 65 yaşı tamam olur.
Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunda təhsil alıb. 1990-cı ilə qədər müxtəlif xəstəxanalarda çalışıb. 90-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs olunaraq, 3 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il tarixli Əfv Fərmanı ilə azadlığa buraxılıb.
Yazıçı bıçaqlandıqdan 4 gün sonra vəfat edib. Ölümü ilə bağlı müəmmalar hələ də qalmaqdadır. Bəziləri yazıçının məhz “Tapdaqıstan. Laplandiya” məqaləsinə görə öldürüldüyünü düşünür. Məqalə “Quruca adı var – “prezident”. “Prezident”, əslində, bir şah vəzifəsidir. Bu iki söz sinonimikdir. Gəl gör, o, şahların yerişini yeriyə, onların kiçik bir dırnağı ola bilərmi?” cümlələrilə başlayır. Rafiq Tağının qətlindən sonra onun “Avropa və biz” məqaləsinə görə ölüm fətvası çıxaran iranlı ayətulla Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində “İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacaq” -yazmışdı.
Bu gün də hər il olduğu kimi dostları Rafiq Tağını məzarı başında yad edib, yazıçı barədə fikirlərini dilə gətiriblər.
Rafiq Tağının yaradıcılığı həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub. O, 2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə…” adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib.
Rafiq Tağı müsahibələrinin birində deyirdi: “Heç də Fransız və ya Rus yazıçısı olmaq istəməzdim. Bəzən deyirlər kosmopolitsən. Xeyr, kosmopolit deyiləm. Mən öz milli dəyərlərimi dəyərləndirən adamam. Sadəcə müəyyən fikir azadlıqları var ki, cəmiyyətin fikirləri ilə üst-üstə düşmür.”
Bıçaqlanmasının yaradıcılığı ilə bağlı olduğu ehtimal edilən yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyirdi. Rafiq Tağı “EQO” Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub. “Dalğa” Gənclər Hərəkatı Rafiq Tağının xatirəsinə “Rafiq Tağı Mükafatı” təsis edib.
(Sujetdə Azadlıq Radiosu, ANS və youtube kanalındakı videolardan istifadə edilib.
)