Tanrının lütfü ilə kaudilyo

Hakimiyyətin zirvəsinə gedən yolda bəxt Frankonun üzünə o qədər gülmüşdü ki, o, özünü Tanrının sevimlisi sayırdı

Foto: Meydan Tv


Hakimiyyətin zirvəsinə gedən yolda bəxt Frankonun üzünə o qədər gülmüşdü ki, o, özünü Tanrının sevimlisi sayırdı

36 il İspaniyanın diktatoru olmuş Fransisko Frankonun tərcümeyi-halına nəzər salarkən belə təəssürat yaranır ki, sanki fələk onu məhz bu posta hazırlamışdı. Özündən asılı olmayan, özünün iştirakı olmadan baş verən hadisələr onu hakimiyyətin zirvəsinə doğru aparır, bu yolun üzərindəki maneələri təmizləyirdi.

***

Fransisko Paulino Hermenegildo Teodulo Franko Bahamonde 1892-ci il dekabrın 4-də La-Korunya vilayətinin Ferrol şəhərində anadan olub. Şəhər kiçik olsa da, ispan gəmiqayırma sənayesinin mərkəzi sayılırdı və hərbi-dəniz bazası idi.

Frankonun ata tərəfdən 6 əcdadı 200 il ərzində donanmada xidmət etmişdilər. Onun atası və babası general-intendant rütbəsinə qədər yüksəlmişdilər, bu da quru qoşunlarındakı briqada generalına uyğun idi. Qəhrəmanımızın özündən bir yaş böyük olan qardaşı Nikolas da ailə ənənələrini davam etdirərək Kadis hərbi-dəniz məktəbinə daxil oldu. Fransisko da hərbi dənizçi olmaq arzusunda idi.

Ancaq bir zamanlar nəhəng ərazilərə (1790-cı ildə 20 milyon kv. km) malik olan İspan imperiyası XIX əsrdə ərazilərini itirdi. 1898-ci ildə ABŞ-la müharibədən sonra Kuba əldən çıxdı, 1899-cu ildə isə Şimali Okeaniyadakı ərazilər Almaniyaya satıldı. Beləliklə, İspaniya demək olar ki, bütün müstəmləkələrini itirdi. Buna görə də hökumət donanmada ixtisarlara qərar verir və1906-1913-cü illərdə hərbi-dəniz məktəblərinə qəbulu dayandırır.

Belə olduqda Fransisko Franko Toledo şəhərindəki piyada qoşunları akademiyasına daxil olur. Bu, onu hakimiyyətə aparan yola fələyin ilk müdaxiləsi idi. Hərbi-dəniz zabitinin vətəndaş müharibəsi nəticəsində hakimiyyəti gəlməsi xeyli müşkül məsələ idi. Üstəlik, sonra görəcəyik ki, digər donanma zabitlərin aqibəti heç də xoş olmadı.

Bəstə boyu (164 sm) və cır səsi olan, "Frankito" ləqəbi verilən qəhrəmanımız təhsil zamanı elə də parlaq nəticələr göstərmir. O, akademiyanı 1911-ci ildə 312 məzun arasında 251-ci nəticə ilə və kiçik leytenant rütbəsində bitirir. O, dərhal İspaniyanın Mərakeşdə apardığı müharibədə iştirak etmək üçün müraciət edir.

Bu müraciətin arxasında şöhrətpərəstlik dururdu, çünki hərbi əməliyyatlarda iştirak etmədən karyera yüksəlişi çox ləng baş verirdi. Frankonun isə gələcəklə bağlı böyük planları vardı. Lakin akademiyadakı ortabab göstəriciləri üzündən onun müraciətinə yalnız iki il sonra müsbət cavab verilir.

Təhsildəki nəticələri ilə öyünə bilməyən Franko təcrübədə özünü bacarıqlı zabit kimi göstərir və hərbi iyerarxiyada ildırım sürətilə irəliləyir. O, 1916-cı ildə ağır yaralandıqdan sonra mayor rütbəsinə layiq görülür və ispan ordusunda ən gənc mayor olur. 1926-cı ildə isə o, bütün Avropada ən gənc general idi.

Franko sonralar vətəndaş müharibəsində tətbiq edəcəyi üsüla – xüsusi amansızlığa – ilk dəfə Mərakeşdə müraciət etdi. Əsir götürülən düşmənlər, bir çox halda isə dinc insanlar da qətlə yetirilirdilər. Bir yaralanması istisna olmaqla heç bir xəsarət alamayan Frankoya tabeliyində olan yerli əsgərlər "baraka" (uğurlu, bəxtəvər) ləqəbi vermişdilər.

Franko 1923-cü ildə Asturiyanın əsilzadə və zəngin ailələrindən birinə mənsub olan Karmen Polo ilə evlənir. Müharibədə göstərdiyi şücaətlərlə yanaşı bu evlilik də yüksək cəmiyyətin qapılarını onun üzünə açır. Karmen öz ərinə kübar ədaları və nəzakət qaydalarını öyrədir. Cütlüyün yeganə övladı Mariya Del Karmen 1926-cı ildə anadan oldu. Dürüst katolik olan Franko ömrünün sonuna qədər öz arvadına sadiq oldu və kənarda heç bur adyulter yaşamadı.

***

XX əsrin əvvəllərində İspaniya krallığında ictimai-siyasi vəziyyət olduqca mürəkkəb idi. Ölkənin möhtəşəm imperiya tarixi keçmişdə qalmışdı. Hazırda isə dərin böhran yaşayırdı. Hətta Mərakeşdəki müstəmləkə müharibəsi belə qələbə ilə başa çatsa da , ispan ordusunun geriliyini aşkara çıxardı. Bundan əlavə müharibə orduda zabitlər arasında "afrikalı" deyilən xüsusi təbəqənin yaranmasına səbəb oldu.

Siyasi müstəvidə kəskin qütbləşmə müşahidə olunurdu. Bir tərəfdə İspaniyanın ənənəvi görüşünə uyğun mühafizəkar, katolik məzhəbinə sıx bağlı qüvvələr vardı, digər tərəfdə həmin dövr Avropasında geniş vüsət alan solçu görüşlərin nümayəndələri. Başqa bir tərəfdə isə əhalinin 1/4 hissəsini təşkil edən milli azlıqların təmsilçiləri milli hüquqlar tələb edirdilər.

1923-cü ildə general Migel Primo de Rivera hərbi çevriliş etdi. Ölkədə hərbi diktatura quruldu, parlament, hökumət, siyasi partiyalar buraxıldı. De Rivera müəyyən islahatlar həyata keçirdi, bunların nəticəsində ölkənin iqtisadi vəziyyətində canlanma müşahidə olundu. Belə görünürdü ki, onun diktaturasının ömrü xeyli çəkəcək.

Lakin bu zaman sanki Frankonu diktator etmək istəyən fələk hadisələrə müdaxilə etdi. 1929-cu ildə başlayan dünya iqtisadi böhranı de Riveranın islahatlarının nəticələrini heçə endirdi. Kral XIII Alfonsonun tələbilə o, istefa verdi və mühacirətə yollanaraq tezliklə öldü.

1931-ci ilin aprelində keçirilən bələdiyyə seçkiləri monarxiyanın ləğv edilməsi və respublika qurulması uğrunda hərəkata çevrildi. Hərəkatın vüsəti kralı taxtdan rəsmən imtina etməsə də, ölkədən getməyə məcbur etdi. Bundan sonra İspaniyada həm də Müəssislər Məclisi finksiyasını yerinə yetirəcək parlamentə seçkilər keçirildi.

Qeyd etmək lazımdır ki, ilkin dövrlərdə respublikaçılıq ideyası kifayət qədər populyar idi və əhalinin ən müxtəlif təbəqələrini, hətta mühafizəkarlıqları ilə seçilən iri və orta torpaq sahiblərini də əhatə edirdi. Nəticədə respublikaçı partiyalar böyük fərqlə qalib gəldilər və 470 mandatdan 394-nə (84%-ə yaxın) yiyələndilər. Onlardan 291 yer sol respublikaçıların idi.

1931-ci il dekabrın 9-da Respublika konstitusiyası qəbul olundu. Demək lazımdır ki, sənədin bəzi, xüsusən də katolik kilsəsinin fəaliyyətini məhdudlaşdıran aşırı sol müddəaları respublikaçılar arasında parçalanmaya səbəb oldu. Bir çox tarixçilər respublikanın sonrakı uğursuzluğunun mənbəyini məhz bu konstitusiyada görürdülər.

Revanş götürməyə hazırlaşan monarxist, mühafizəkar, sağçı qüvvələr bu illərdə təşkilatlanmağa başlayır. Belə təşkilatlardan biri əsası Xose Antonio Primo de Rivera (keçmiş diktatorun oğlu) tərəfindən qoyulan İspaniya Falanqası idi. Təşkilat yaradılarkən İtaliya faşizmindn bəhrələnmişdi.

Əgər İtaliyada faşistlər qara, Almaniyada nasistlər qəhvəyi rəngli uniforma geyirdilərsə, falanqaçılar göy rəngə üstünlük verirdilər. Onlar da bir-birlərini sağ əllərini yuxarı qaldırmaqla (Roma salamı) salamlayırdılar. Franko diktaturası dövründə Falanqa İspaniyada yeganə leqal partiya olacaqdı.

Solçu hökumətin həyata keçirdiyi tədbirlər ölkə daxilində xeyli qüvvələrin narazılığına səbəb oldu. Nəticədə 1933-cü il seçkilərində Müstəqil Sağların Konfederasiyası (La Confederación Española de Derechas Autónomas — CEDA) qalib gəldi. 1936-cı il seçkilərində isə solçu partiyaların formalaşdırdığı Xalq Cəbhəsi bloku kiçik üstünlüklə qalib gəldi.

***

Sağ iqtidarın dövründə Frankonun karyerasında əhəmiyyətli bir hadisə baş verir. Kommunistlərin və anarxistlərin Asturiya vilayətində qaldırdıqları silahlı qiyamın yatırılmasına o rəhbərlik edir. 1934-cü ilin oktyabrında iki həftə çəkən döyüşlərdən sonra Qərbi Avropadakı bu son sosialist üsyan qəddarlıqla yatırılır (insafən demək lazımdır ki, üsyançılar da az qəddarlıq etmirdilər). Bununla da Franko solçuların düşməninə, sağların dostuna çevrilir.

Xalq Cəbhəsi hakimiyyətə gələndə Franko İspaniya ordusunun Baş qərargah rəisi idi. Onun Asturiyada qiyamının yatırılmasında rolunu xatırlayan solçular metropoliyada qalmasını təhlükəli hesab edərək uzaq Kanar adalarında qarnizon komandiri təyin etdilər. Bu əslində sürgün idi.

Həmin dövrdə özünün monarxist baxışları ilə tanınan, buna görə də respublikanın ilk ilini həbsdə keçirən general Emilio Mola hərbi qiyam hazırlıqlarına başlayır. O, İspaniyanın müxtəlif yerlərindəki muhafizəkar hərbçilərlə, o cümlədən Franko ilə əlaqə saxlayır. Bu təşkilatçılığına görə sui-qəsdçilər onu "direktor" adlandırırdılar.

Sui-qəsd planı ondan ibarət idi ki, müəyyən bir gündə ölkənin bütün yerlərindəki, xüsusən də böyük şəhərlərindəki qarnizonlar çıxış edərək hakimiyyət orqanlarını devirməli, idarəçiliyi öz əllərinə almalı idilər. Üsyanın rəhbəri hələ 1932-ci ildə respublikaya qarşı qiyama rəhbərlik etmiş, indi Portuqaliyada sürgündə olan Xose Sanxurxo seçilmişdi.

Franko bu planın uğurlu olacağına o qədər də inanmır. Buna görə də dərhal razılıq vermir. Əksinə, iyunun 23-də o, baş nazir Kiroqaya məktub yazaraq ikibaşlı ibarələrlə hərbçilərin üsyan edə biləcəyini xəbər verir, hökumətə öz xidmətlərini təklif edir, bunun üçün metropoliyaya qaytarılmasını istəyir. Amma hökumət bu məktuba gərəkən əhəmiyyət vermir.

İyulun 12-də Franko Molaya göndərdiyi teleqramda qiyamda iştirak etmək istəmədiyini bildirir. Bu Molanı çox qəzəbləndirir. Xəbər Sanxurxoya çatdıqda isə "Frankito ilə, ya Frankitosuz, biz hərəkət edəcəyik" deyir. Lakin cəmi iki gün sonra Franko fikrini dəyişir və üsyana qoşulduğunu bildirir.

Molanın planına görə, Franko qiyam başlayandan sonra təyyarə ilə Kanar adalarından İspaniya Mərakeşinə uçmalı və burada ispan ordusunun ən döyüşəqabil hissələri olan Afrika ordusuna rəhbərliyi öz üzərinə götürməli idi. Daha sonra həmin birliklər üsyana qoşulan donanma gəmiləri vasitəsilə İspaniyaya keçəcəkdilər.

***

Qiyam iyulun 17-də İspaniya Mərakeşində başladı. Bir sutkadan sonra hökumət tərəfdarlarının müqaviməti qırıldı, bütün müstəmləkə qiyamçıların nəzarətinə keçdi. İyulun 18-də İspaniyanın bütün dənizarxası əraziləri üsyançıların əlində idi. Ancaq metropoliyanın özündə hər şey planlaşdırılan kimi olmadı.

Bir sıra böyük şəhərlərdə, o cümlədən paytaxt Madriddə qiyam respublikaya sadiq qüvvələr tərəfindən yatırıldı. Özlərinə "millətçilər" deyən qiyamçılar əsasən şimal-qərbdə daha çox uğur qazandılar. Onlar İspaniyanın yalnız 1/3 hissəsinə, böyük şəhərlərdən Sevilyaya, Saraqosaya, Valyadolidə, Kordovaya nəzarət edirdilər. Üstəlik, Afrika ordusunun İspaniyaya keçməsində problem yarandı.

Hərbi-dəniz donanması matrosları respublikaya sadiq qaldılar. Onlar qiyama qoşulan zabitləri həbs edib güllələdilər (yuxarıda dənizçi ola bilməməklə Frankonun bəxtinin gətirməsini iddia edəndə həm də bu hadisəni nəzərdə tuturdum) və gəmilərə komandanlığı üzərilərinə götürdülər. Həmin gəmilər Mərakeşlə İspaniya arasında keşik çəkir və "afrikalılar"ın metropoliyaya keçməsinə imkan verməməyə çalışırdılar.

Üsyanın rəhbəri seçilən general Sanxurxo iyulun 20-də ikinəfərlik yüngül təyyarə ilə İspaniyaya qayıtmağa cəhd etdi. Pilot generala yükünün çox olduğu barədə söyləyəndə Sanxurxo "Mən İspaniyanın yeni rəhbərinə layiq şəkildə geyinməliyəm" cavabını verdi. Təyyarə havaya qalxarkən artıq yük səbəbindən yerə çırpıldı, general və pilot həlak oldular. Fələk İspaniyanın yeni başçısı olmağa Sanxurxonu deyil, Frankonu hazırlayırdı. O isə hələ Mərakeşdə ilişib qalmışdı.

Çıxılmaz vəziyyətdə qalan Franko yardım üçün Mussolini və Hitlerə müraciət edir. Mussolini dərhal, Hitler isə hərbi kəşfiyyatın (Abver) rəhbəri admiral Kanarisin israrından sonra Frankoya yardım etməyə razı olurlar. İyulun 26-da almanların iyirmi ədəd "Junkers Ju-52" nəqliyyat təyyarəsi Mərakeşə endi. Dörd gün sonra isə İtaliyadan ilk doqquz qırıcı-bombardmançı təyyarələr gəldi.

Bu qüvvələrlə Franko hava körpüsü yaradaraq qoşunlarını İspaniyaya ötürə bildi. 800 təyyarə uçuşu nəticəsində 15 minə qədər hərbçi metropoliyaya keçdi. Sonralar Hitler deyəcəkdi: "Franko Ju-52-yə abidə ucaltmalıdır. O, İspaniya inqilabının qələbəsinə görə bu təyyarəyə borcludur".

Qeyd edək ki, Franko özü avqustun 5-də gəmi ilə Cəbəllütariq boğazını keçərək İspaniyaya qədəm qoydu. Müttəfiqlərin köməyi havada üstünlüyü ələ keçirməyə və respublika donanmasını zərərsizləşdirməyə imkan vermişdi. Onun təyyarə ilə uçmaq istəməməsi bəlkə də Sanxurxonun aqibətini yaşamaqdan qorxması ilə əlaqəli idi.

Afrika korpusunun cənub sahillərindən şimala doğru hərəkəti respublikaya sadiq qalan qüvvələrə qarşı amansız repressiyalarla müşayiət olunur. Təsadüfi deyil ki, çağdaş ispan tarixçisi Maestre bu irəliləmədən bəhs edən kitabını "Ölüm qafiləsi" adlandırdı. Xüsusən Badaxos şəhərini ələ keçirdikdən sonra millətçilərin 4 minə qədər respublikaçını güllələdikləri iddia olunur.

Döyüşlərin birində Frankonun əmioğlusu, respublika tərəfdə döyüşən Rikardo de la Puente Baamonde millətçilərə əsir düşdü. O, hərbi tribunal tərəfindən ittiham olundu və güllələndi. Qeyd etmək lazımdır ki, qarşı tərəf də repressiyalarda millətçilərdən geri qalmırdılar. Hələ gələcəkdə stalinçi kommunistlər onlarla birlikdə döyüşən trotskiçi kommunistlərə divan tutacaqlar, lakin vətəndaş müharibəsinin detalları ayrıca bir mövzudur.

Sentyabrın 21-də qiyamçı generallar özlərinə yeni rəhbər seçmək üçün toplandılar. Rəhbərliyə daha yüksək rütbəli generallar, o cümlədən Emilio Mola namizəd olsalar da, Mussolini və Hitlerlə yaratmış olduğu əlaqələrin önəmini nəzərə alaraq Franko hərəkatın hərbi, daha bir həftə sonra isə həm də siyasi rəhbəri seçildi. Ona generalissimus rütbəsi və kaudilyo (rəhbər) titulu verildi. Beləliklə, 3 ay öncə hökumətə öz xidmətini təklif edən Franko indi qiyamın rəhbərinə çevrildi.

Bununla belə Emilio Molanın millətçilər arasında böyük nüfuzu qalmaqda idi və Franko bununla hesablaşmalı olurdu. Amma fələk bu problemi də həll etdi. 1937-ci il iyunun 3-də "direktor" da təyyarə qəzasında həlak oldu və Franko qiyamın şəriksiz liderinə çevrildi.

İtaliya, Almaniya və Salazar Portuqaliyasının köməyi, eləcə də İspaniyanın peşəkar hərbçilərinin əksəriyyətinin qiyamçıların tərəfində olması Xalq Cəbhəsi hökumətinin vəziyyətini xeyli ağırlaşdırırdı. Ölkədə böyük nüfuzu olan ispan katolik kilsəsi də birmənalı olaraq qiyamçıları dəstəkləyirdi.

Hökumət qüvvələri isə azsaylı peşəkar hərbçiləri nəzərə almasaq, əsasən müxtəlif solçu cərəyanların nümayəndələri olan könüllülərdən təşkil olunmuşdu və nizam-intizam çox aşağı səviyyədə idi. Buna görə də baş verən demək olar ki, bütün döyüşlər millətçilərin qələbəsilə nəticələnir. Madridin də tezliklə süqut edəcəyi şübhə doğurmurdu.

Lakin bu zaman respublikaçılara da kömək gəlməyə başladı. SSRİ İspaniya hökumətinə canlı qüvvə və texnika göndərdi, dünyanın müxtəlif ölkələrindən sol görüşlü insanlar İspaniyaya gələrək beynəlmiləl briqadaların tərkibində respublika tərəfində döyüşdülər. Buna görə də qiyamçıların sürətli qələbəsi baş tutmadı. Yalnız 1939-cu ilin martın sonlarında millətçilər Madridi tutdular və İspaniya respublikası süqut etdi.

Vətəndaş müharibəsi əksər hissəsi respublikaçılar olan 450-500 minə qədər insanın həlak olması ilə nəticələndi. Ölənlərdən hər beş nəfərdən biri döyüş meydanında deyil, tərəflərin repressiyalarının qurbanı idi. Məşhur rəssam Pikasso da daxil 600 minə qədər ispan öz ölkəsini tərk etdi və onların ən azı yarısı bir də vətənlərini görmədilər (burda qeyd edim ki, başqa bir rəssam – Salvador Dali gələcəkdə Frankonun heyranı olacaq).

Hələ 1937-ci ildə respublika hökuməti dünya ölkələrinə müraciət edərək evsiz-eşiksiz qalmış uşaqları qəbul etmələrini istədi. 50 min ispan uşağı müxtəlif ölkələrdə sığınacaq aldı. SSRİ onlardan 3 minini qəbul etdi. Həmin uşaqlardan biri gələcəkdə Sovet İttifaqının əfsanəvi hokkeyçisi Valeri Xarlamovun anası olacaq.

Vətəndaş müharibəsindən sonra monarxiyanın bərpa ediləcəyini və XIII Alfonsonun taxta qaytarılacağını düşünənlər bərk yanıldılar. Nə respublika, nə monarxiya olduğu bilinməyən quruluş yarandı və generalissimus Fransisko Franko onun rəhbəri (kaudilyo) oldu. Beləcə, İspaniya 36 il davam edəcək Franko diktaturasına yuvarlandı.

Hakimiyyətin zirvəsinə gedən yolda bəxt Frankonun üzünə o qədər gülmüşdü ki, o, özünü Tanrının sevimlisi sayırdı. Bir qədər sonra o, sənədləri belə imzalayacaqdı: Fransisko Franko, kaudilyo, Tanrının lütfü ilə. Onun 36 illik hakimiyyətindən isə növbəti məqaləmizdə bəhs edəcəyik.

Ana səhifəXəbərlərTanrının lütfü ilə kaudilyo