Qədim zamanlarda Bakıdakı alman kilsəsinə getmişdim. Çox getmişəm, amma Erkin müəllimin, Rəşad Şirinin, Emin Millinin Kapellhaus söhbətlərinə. Bu dəfə isə bazar günü moizələrə qulaq asmağa getmişdim.
Bir moizə, bir caz, bir moizə, bir rok – təxminən belə gedirdik. Moizələrin birində də orta yaşlı bir kişi qayıdıb bizə kapitalizmin protestant əxlaqını başa saldı. Qısa və konkret – dedi, “Bibliya” tanrı ilə sizin aranızda müqavilədir. Müqavilədə isə hər iki tərəfin hüquqları da olur, vəzifələri də. Bəli, tanrının da vəzifələri var.
Tanrı o kitabda vəd verib. Deyib ki, bu cür yaşa, filan-filan şeyləri elə, filan-filan şeylərdən çəkin, mən səni cənnətə salacağam. Rahib dedi ki, birdən öləndən sonra o biri dünyada tanrı sizə qarşı ədalətsizlik eləsə, siz cənnətə layiq olduğunuz halda sizi ora salmasa, yəni müqaviləni pozsa, tutun onun yaxasından, deyin ki, belə deyil e, biz söhbət eləmişik neçə min il əvvəl, mən sən deyən qaydalarla yaşamışam, sən də sözünü yerinə yetirməlisən. Sitatın sonu…
İndi fikirləşirəm ki, protestant puritan amerikanlar elə öz tanrılarına oxşayırlar – müqaviləyə – vədə sadiq, demokratiyası öz yerində, azad bazarı da həmçinin. Katoliklər də öz tanrılarına oxşayırlar – Polşada abortu qadağan etmək istəyirlər, Latın Amerikasında camaat bir-birinin ətini yeyib həmişə. II İohann Pavel deyirdi ki, katolisizmin Avropa və Latın Amerikasından sonra ən böyük dayağı Afrikadır. Afrikanı da görürsünüz də.
Müsəlmanlar da öz allahlarına oxşayırlar – əsas məsələ namaz qılmaq, 4 arvad almaq, baş bağlamaq, saqqal saxlamaq kimi şeylərdir. Rüşvətdir, demokratiyadır, məhkəmənin azadlığıdır, mətbuata hörmətdir – bunlar “Quran”da nə qədərdirsə, elə müsəlman cəmiyyətlərində də onlara hörmət o qədərdir.
Bədbəxt xalqlar da öz diktatorlarına oxşayırlar. Fikir verin, ölkədə rejimin qəddarlığı artdıqca, metroda ayağımızı tapdalayanlar, eskalatorda solda dayananlar, düşənlərə imkan verməyib minənlər artır. Prinsipə, yoxlaya bilərsiniz. Həmişə elə olur. Adamlar nəinki köləsi olduqlarına, hətta əleyhinə mübarizə apardıqlarına oxşayırlar.
Bayaq uşağı uşaq arabası ilə gəzdirəndə bir eşşək maşını dal-dala verib az qala belimizə çıxırdı, bundan yayınanda da başqa maşın düz qabağımızdan piyada keçidində qırmızıda keçdi. Evə gələndə fikirli idim. Bir də özümü orada yaxaladım ki, qeyri-iradi olaraq ağlıma o sürücüləri tutub çırpmaq gəlir.
Bilirsiniz, təmizliyi qorumaq vacibdir. Bu vaciblik isə rejim sərtləşdikcə, get-gedə artır. Bəlkə 2001-də əfv yazmamaq təmizliyi qorumaq idi, indi isə sənə qarşı eşşəklik edəni döyməməkdir. Çünki artıq çox zaman keçib. Get-gedə əleyhinə mübarizə apardıqlarımıza, allahlarımıza, diktatorlarımıza oxşayırıq. Bundan qorunmaq lazımdır. Təmizlik budur.
Svetlana Alekseyeviç “Vremya Sekond Xend” kitabında Stalin repressiyasına məruz qalmış bir qadının dəhşətli taleyi barədə yazır ki, yataqxana tipli hər ailəyə bir otaq verilən evlərdə yaşayan bir qadını NKVD həbs etməyə gələndə, o, qızını qonşudakı Anyaya tapırır. 17 illik KULAK-dan sonra qadın geri qayıdır, görür ki, Anya onun qızına baxıb. Anyanın ayaqlarına düşür, ağlayır, minnətdarlıq edir. Amma bir az sonra Stalin ölür, qadına bəraət verilir, ona cinayət işi ilə tanış olmağa imkan verirlər. Başda donoslar gəlir. Donosu elə Anya yazıbmış – onun qızına baxaraq, evini ələ keçirsin deyə.
Qadın, bilirsiniz, neynir? Özünü asır. Çünki o hadisəyə dözsə, təmizliyini qoruya bilməyəcəkdi. Oxşayacaqdı bunu normal qəbul edənlərə, Stalinə, Partnomenklaturaya, Anyaya… Mən belə şərh edirəm özüm üçün. Stefan Zweig I Dünya müharibəsi haqqında elə gözəl yazıb ki, o, II Dünya müharibəsində özünü öldürməsə idi, yəqin ona hörmətim indikindən az olardı. Təmiz qalmaq çətindir. Tanrılarımıza oxşamaqdan qaçmalıyıq, nə qədər bacarsaq, o qədər. Bacarmayanda da Stefan Zweig-a oxşayarıq.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.