Özümdən uğursuz Amerika kəşf etməkdənsə, ləyaqətli bir insan hekayəti yazmağa çalışdım…
Qırx ildən artıq işlədiyi məktəbin öz əlilə yaratdığı səliqə-sahmanlı kitabxanasında yaşa dolan zəngin dünyagörüşlü, təvazökar qadını Tutu müəllimə kimi tanımışdım. Bu gün ana şəfqətli ipək insanın ömür kitabının səhifələdikcə, ona daha dərindən heyran oldum…
Qohum himayəsində böyüyən Tutu müəlliməyə valideyn nisgilinin əvəzində tanrı gözəl ailə qismət edir. Özəl, xoşbəxt yuvasında yetimliyini unudan gənc ananın bu dəfə övladları atasız qalırlar. Ardınca oğlanlarından biri düşdüyü qəzanın ağır fəsadlarından qurtulmayaraq dünyasını dəyişir. Amma nə taleyin qəddarlığı, nə həyat şərtlərinin ağırlığı onun işinə olan məsuliyyətini və uşaqlara, kitablara həssas, qayğıkeş münasibətini dəyişdirə bilmir. Yaralarının üstü qaysaq tutmağa başladığı zamanlarda Tutu müəllimə iki uşaq atası olan ikinci oğlunu itirir. Övlad yadigarlarından birinə körpəlikdən özü baxıb işlədiyi məktəbdə oxudur. Nəvəsi orta məktəbin axırıncı sinfinə keçən ili Tutu müəllimənin altmış beş yaşı tamam olur. Direktor sevincək pensiya maddəsini tətbiq edərək, onu həmin gün işdən azad edir.
İstənilən qanunun maraqlara görə dəyişdiyi ölkədə istər peşəkarlığı, istər şəxsi keyfiyyətləri hələ çox illər nümunə ola biləcək Tutu müəllimə o direktordan işləmək üçün əlavə bir il möhlət istəyir. Nəvəsinin aşağı siniflərdən ödənişli hazırlıqları yaramçıq qalmasın, atasız uşaq ali məktəbə girib bir məslək sahibi olsun deyə cəmi bircə il! Bir qadının, ananın başqa bir qadından, anadan edə biləcəyi ən məntiqi və təbii xahiş… Möhlət bitən kimi ərizəsini yazıb gedəcəkdi. Onu tanıyan hər kəs kimi direktor da Tutu müəllimənin nə qədər qürurlu olduğunu bilirdi. Sadəcə o yer çoxdan hansısa seçilmiş məmur ailəsinin gənc üzvü üçün behlənmişdi.
Həmin gənc xanım da o stajlı direktor kimi kitab adamı deyildi. Əsas ki, məktəbin qapısından girib, bir zamanların gənc müəlliməsi o direktorun addımlarıyla karyera nərdivanlarına qalxmalıydı. Onun hansısa “kitab yığınından gələsi qəpik-quruşa” nəinki ehtiyacı yoxuydu, hətta bəlkə o manatlarla nə edəcəyini bilməyəcəkdi də.
Tutu müəllimə isə o məvacibdən nəvəsinin bitməyən məktəb pulunu, yaşadıqları balaca otağın işığını, qazını, süfrəsinin əyər-əskiyini düzüb-qoşacaqdı. Məhlənin xanım-xatın Tutu müəlliməsi olaraq çantasına nəsə qoyub xeyrə-şərə qatılacaqdı. Çalışdığı xırda-para işləri də gözünə qatıb topladığı beş-üç manatlarla həmin o yeniyetməyə “xalxın uşaxları” geyinən əyin-başdan almaq xəyalını quracaqdı. Arada vaxt tapıb əl altındakı kitablardan üç-dörd səhifə çevirəcəkdi. Bütün keçərli, insani səbəblərə rəğmən o direktor o kitab sərrafına o möhləti vermədi. Sanki bircə il işləyib maaş almaqla ölkənin iqtisadi-siyasi-sosial həyatındakı çıxılmaz, ağır böhrana məhz Tutu müəllimə bais olacaqdı.
***
Yeni dərs ili başlanan gün Tutu müəllimə yayboyu həvəslə seçdiyi ən maraqlı əsərlərin siyahısını götürüb məktəbə getmədi. Məktəbliləri o siyahıdakı gözəl əsərlərlə, o əsərlərin dünyəvi müəlliflərilə tanış edib həmin kitabları onlara paylamadı. Böyük qadın həmin gün böyük ehtiyacların qarşısına çıxdı. Olsun, o cəfakeş qadın istənilən işdən yapışıb qəlbinin sevgisi, əlinin zəhməti ilə o ehtiyacları dəf edəcəkdi və hər şey tezliklə yoluna düşəcəkdi. Yalnız qırx beş illik fasiləsiz işinə, vicdanla yerinə yetirdiyi fəaliyyətinə dəyməyən bircə ilin cavabını çözə bilməyəcəkdi…
Yenilməzlik dərsini həyatın özündən və oxuduğu yüzlərlə dəyərli, ölməz əsərlərdən alan Tutu müəllimənin hekayəti burda bitməyəcək. Çünki artıq Tutu müəllimələr getdikcə kasıblaşan ölkənin ən qiymətli mənəvi sərvətidir. Dünyanın və vətənin əbədi ədəbiyyatını yaradan Hüqonu, Çexovu, Servantesi, Sabiri, Axundovu, Mirzə Cəlili və digər dahiləri sevə-sevə, sevdirə-sevdirə tanıdıb öyrədən düşüncə, zəka sahibinin ömrü bütün şagirdlərinin gələcək xatirələri qədərdir.
Könüllü itaətkarlıq, saxta bülletenlər, kabinet-möhür düşkünlüyü hesabına qazanılmış səlahiyyət və maddi təminat Tutu müəllimə kimi nadir insanları işdən çıxartmağa yetsə də, əslində çox etibarsız və müvəqqəti kapitaldır. Göz qırpımındaca əldən gedər, hətta sahibini həmişəlik gülünc vəziyyətdə qoya bilər. Bir məktəb direktoru vardı ha, seçki vaxtı “Meydan”ın çəkiliş kamerasına hücum edib sındıran. Az vaxtda sosial şəbəkənin “parlaq ulduzuna” çevrilib sonra özü də sındı deyəsən. Bütöv sınmasa da, o qədər “şöhrətdən” ən azından çat vermiş olardı.
Yadınızdadırmı, o qadının sifətində bircə sətir də yazılmamışdı… Bu gün “yuxarıların” kütləviləşmiş əsl faciəsi də budur: Kitabsızlıq!