“Talış Milli Kitabxanasında” ədəbi gecə keçirilib

Yanvarın 18-də Lənkəranın Girdəni kəndində yerləşən “Talış Milli Kitabxanasında” talış yazar və şairlərinin təsis etdikləri “Amburi Soğnədə” (“Dəmirağacın kölgəsində”), “Zizə” (“Tumurcuq”) və “Ulum” (ərazi vahididir) ədəbi məclislərinin təşkil etdiyi ədəbi gecə keçirilib. 

Məclisdə  əsasən şair Ramiz Likijin (Ramiz Titayev- Lerikli) yenicə çapdan çıxmış “Çımı Vətən” (Mənim Vətənim) kitabı və “Honi” uşaq jurnalının 8-ci nömrəsi barədə danışılıb.

“Zizə” (“Tumurcuq”) ədəbi məclisinin təşkilatçılarından biri, eyniadlı internet televiziyasının təsisçisi Bəhram Şəmsin sözlərinə görə, bu cür məclislərin keçirilməsinin talışların ana dilinin inkişafında böyük rolu var. 

O deyir ki, bu məclislərə həm gənc, həm də yaşlı nəsil şair və yazıçılar dəvət olunur, burada fikir mübadiləsi aparılır. 

Ümumiyyətlə, Bəhram Şəms düşünür ki, şair və yazıçılar üçün ana dilini yaşatmaq ön planda olmalıdır.

Elə həmin qayə ilə yola çıxan “Amburi Soğnədə” talış ədəbi məclisinin sədri Şirəli Əliyar (Ağayev) bildirir ki, onlar həm də bu yolla talış dilinə məxsus olan sözləri digərlərindən ayıra bilir, bununla bağlı müzakirələr aparırlar.

O həm də məktəblərdə talış dilinin tədris olunmasına baxmayaraq, dərsliklərin çatışmadığını bildirir. Buna görə də “Talışon Sədo” qəzetinin nəzdində “Honi” jurnalını çap edilməsi qərarına gəlib. 

Deyir ki, ayda yalnız bir dəfə 300-400 ədəd çap edilən jurnal bütün məktəblilərə kifayət etmir. 

Çoxlu tiraj üçün isə maddi imkanları çatmır. 

Şirəli Əliyar dövlətdən dəstək gözlədiklərini bildirir.

Son keçirilən talış ədəbi məclisinin səbəbkarlarından olan “Çımı Vətən” kitabının müəllifi  Camal Lələzoə (Mirzəyev), həm də “Talış Milli Kitabxanası” nın təsisçisidir. 

Onun bu təşəbbüsünə səbəbkar isə başqa bir kitabxanaya talış dilində kitab təqdim etmək istəyərkən, qəbul edilməməsi və ona “biz qorxuruq” cavabı verilməsi olub. 

Deyir ki, bundan sonra kitabxananı açmaq üçün uzun illər boyu kitablar yığmağa başlayıb. Lakin talış dilində az kitabın olması və adətən, Bakıda çap olunması ona çətinliklər yaradıb.

Ana səhifəVideo“Talış Milli Kitabxanasında” ədəbi gecə keçirilib