Talış məsələsi və “separatçılıq” təşvişi: daha bir talış fəal həbs edildi

15 noyabrda talış ictimai fəal Kamal İsayevin İstanbulda saxlanılaraq, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycana aparıldığı xəbəri yayıldı. Həyat yoldaşı deyir ki, onlar Rusiya vətəndaşıdır və uzun müddətdir Moskvada yaşayırlar. Aidə İsayeva Kamalın 8 noyabrda evə qayıtmalı olduğunu bildirir.  

Xanımı vurğulayıb ki, İsayev öz fəaliyyətini talışların hüquqlarının və talış dilinin müdafiəsinə yönəldib. O, Azərbaycanda siyasi motivlərlə həbs edilənləri də müdafiə edib. Həmçinin, Kamalın “Youtube” kanalı var və orada Azərbaycan hökumətini tənqid etdiyi deyilir.

Bu saxlanılma Azərbaycanda talış ictimai fəallarla bağlı bəzi məsələləri gündəmə gətirib. Azərbaycan müstəqillik qazanandan sonra Kamal İsayevin də sosial mediada üzvü olduğunu bildirdiyi, özünü “Talış-Muğan Respublikası” adlandıran qısamüddətli talış separatçı hərəkatı fəaliyyət göstərib. Ekspertlər deyirlər ki, məhz bu amil Azərbaycanda talış mövzusunu hakim diskursların xaricinə atıb. Talış milli fəallar talış dilinin tədrisi, mədəni tədbirlərin keçirilməsi, bu dilin və kimliyin unudulmasının qarşısını almağa çağırışlar edəndə dərhal “separatçı” damğası ilə üzləşirlər. 

Kamal İsayev Azərbaycanda saxlanan ilk talış milli fəal deyil. 

Filologiya elmləri namizədi, talış dili üzrə tədqiqatçı, “Talışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə “dövlətə xəyanət” ittihamı ilə həbs olundu. “Amnesty International” və “Human Rights Watch” onu vicdan məhbusu kimi tanıdı. Məmmədov 2009-cu ildə Bakı İstintaq Təcridxanasında vəfat etdi. Hüquq müdafiəçilərinə görə, ölüm səbəbi vaxtında tibbi yardımın göstərilməməsi idi. 2019-cu ildə Novruzəli Məmmədovun haqlarının pozulmasını tanıyan Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM ) təzminatın ödənilməsi barədə qərar çıxardı.

Talış hüquq müdafiəçisi, tarixçi və publisist Fəxrəddin Abbasov 2019-cu ildə Rusiyadan Azərbaycana ekstradisiya edildi, 2020-ci ildə dövlətə xəyanətdə ittiham edildi, 16 il həbs cəzasına məhkum edildi. Fəxrəddin Abbasov da 2020-ci ilin noyabrında həbsxanada vəfat etdi.

Rəsmi versiya intihar olduğunu desə də, hüquq müdafiə təşkilatlarının həbsxana şəraitinin araşdırılmasını tələb etmələri nəticəsiz qaldı.

Talış dili və tarixi üzrə gənc tədqiqatçı və ictimai fəal İqbal Əbilov 2024-cü ilin iyununda saxlanıldı, o da dövlətə xəyanətdə ittiham olundu, 2025-ci ilin mayında Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. “Amnesty International”, “Alimlər risk qrupunda” təşkilatı və Sərhədsiz Reportyorlar bu qərarı siyasi motivli adlandırıblar.

Dövlət fəalları dövlətə xəyanətdə ittiham etsə də, bu xəyanətin detallarını, faktları ictimailəşdirmir, bu da həbsin arxasındakı siyasi motiv ehtimallarını artırır. Məsələ təkcə fəalların həbsi ilə də bitmir. 2024-cü ilin 21 fevralında xəbər yayıldı ki, Lənkəranda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirin keçirilməsinə polis mane olub, tədbirin keçiriləcəyi müəssisənin rəhbərinə hədə-qorxu gəlinib. Elə həmin vaxt Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb, bildirdi ki, talış dili statusu olmadığına görə təzyiq altında olan dillərdəndir.

“Azərbaycan hökumətinin ultramillətçi siyasi kursu qeyri-türk xalqları assimilə etməyi, ölkəmizdə monoetnik quruculuğunu hədəf götürüb. Azərbaycançılıq irq, etnos səviyyəsində deyil, vətəndaşlıq səviyyəsində təbliğ və təşviq olunmalıdır. Azad vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu irqçilik üzərində deyil, vətəndaşlıq üzərində baş tuta bilər”.

Jurnalist Elməddin Şamilzadə Jam News üçün yazır ki, “talış dili Azərbaycanda rəsmi statusa malik deyil. Hazırda yalnız regionda yerləşən ibtidai məktəblərdə həftədə 2 saatlıq seçmə fənn kimi tədris oluna bilər. Lakin bu dərslər bir çox məktəbdə faktiki olaraq keçirilmir. Orta və ali təhsildə isə Talış dili üzrə tədris mövcud deyil. Təhsil Nazirliyi tərəfindən nəşr olunmuş dərsliklər ya köhnəlib, ya da müasir pedaqoji standartlara cavab vermir. 2023-cü ildə nəşr olunan yeni dərsliyin də Talış icması ilə məsləhətləşmədən hazırlanması tənqidlərə səbəb olub”.

Talış dilində fəaliyyət göstərən “Talışi Sədo” qəzeti də uzun illər ərzində çətinliklərlə üzləşib. 

Vaxtaşırı İqbal Ağazadə və digər deputatlar “Nədən Lənkəran “Lənkon”, Astara “Ostoro” və s. kimi qeyd edilir? Məqsəd nədir?” kimi suallarla “separatçılıq yarasına” işarə edirlər. 

Amma elə həmin deputatlar bəzən yerli toponimlərin dəyişdirilməsinə etiraz etmirlər, bu isə yerli sakinlərin də narazılığı ilə qarşılanır. Məsələn, son günlərdə  “Masallıda, tarixi adı “Xanalion” olan kəndddə son aylarda lövhələr dəyişdirilərək ad “Xanalıyan” kimi rəsmiləşdirilib” xəbəri yayılmağa başladı. 

Azərbaycanda talış dilində danışanların sayı dəqiq bilinmir, çünki rəsmi statistika bu məlumatı əks etdirmir. “Tolish Media” yazır ki, təxmini hesablamalara görə, talışlar Azərbaycan əhalisinin 2-3%-ni təşkil edir (təqribən 112,000 nəfər, lakin qeyri-rəsmi rəqəmlər 800,000-ə qədər dəyişir).

“Amnesty International” bir neçə hesabatında Talış ziyalılarının həbslərini “mədəni azadlıqlara qarşı repressiya” kimi dəyərləndirib. “Human Rights Watch” və “Freedom House” hesabatlarında talış məsələsi “mədəni hüquqların məhdudlaşdırılması” bölməsində qeyd olunub.

Avropa Parlamentinin 2021 və 2025-ci il qətnamələri talış dili və mədəniyyətinə dair “tədris və ifadə azadlığının təmin olunması” çağırışını ehtiva edir.

Ana səhifəVideoTalış məsələsi və “separatçılıq” təşvişi: daha bir talış fəal həbs edildi