Talış fəal Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib

Kamal İsayev, foto: Youtube kanalı

Talış ictimai fəal Kamal İsayevin İstanbulda saxlanılaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycana aparıldığı bildirilir. Bu barədə onun xanımı Aidə İsayeva OC Mediaya məlumat verib. Cütlük Rusiya vətəndaşıdır və uzun müddətdir Moskvada yaşayırlar.

O, əri ilə noyabrın 7-dən əlaqə saxlaya bilmədiyini bildirir. A. İsayevanın sözlərinə görə, həbs xəbərini çərşənbə günü Bakıda yaşayan qohumlarından öyrənib.

Moskvada yaşayan İsayev müalicə almaq üçün noyabrın 2-də Türkiyəyə gedib. O, xroniki mədə xorası xəstəliyindən əziyyət çəkir.

“O, noyabrın 4-5-də Türkiyəyə çatıb və noyabrın 7-də gecə saatlarında mənə Whatsapp vasitəsilə noyabrın 8-də gecə təyyarəsi ilə evə qayıdacağı barədə mesaj göndərib”, – İsayeva bildirib.

Səhəri gün İsayeva ərinə cavab verib, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bir neçə gün ərzində İsayeva Türkiyədəki vəkillərlə əlaqə saxlayıb və ondan etibarnamə tələb ediblər.

“Noyabrın 12-də Türkiyənin Rusiyadakı konsulluğuna getməyi planlaşdırırdım, amma yolda bacım mənə mesaj yazdı ki, İsayev saxlanılıb və Azərbaycana aparılıb. Hökumətin təyin etdiyi vəkil ona təcridxanada olduğunu deyib”.

Xanımı vurğulayıb ki, İsayev öz fəaliyyətini talışların hüquqlarının və talış dilinin müdafiəsinə yönəldib. O, Azərbaycanda siyasi motivlərlə həbs edilənləri də müdafiə edib.

Talışlar Azərbaycanın ən böyük azlığıdır, ən azı 500.000 və bir milyona qədər olduğu təxmin edilir, lakin uzun müddətdir ki, öz etnik muxtariyyətlərini və vətəndaş hüquqlarını, o cümlədən talış dilində təhsil almaq imkanını təmin etmək üçün mübarizə aparırlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra İsayevin sosial mediada üzvü olduğunu bildirdiyi, özünü “Talış-Muğan Respublikası” adlandıran bir neçə qısamüddətli talış separatçı hərəkatı fəaliyyət göstərib.

İsayevin həyat yoldaşı bildirib ki, Kamalın “Youtube” kanalı var və orada Azərbaycan hökumətini tənqid edib.

Xanımının sözlərinə görə, vəkil həbslə bağlı heç kimin danışmaması lazım olduğunu desə də, bu məsləhətlə razılaşmayıb.

“İsayev mənə bəzi qadağalar qoyduğuna görə onun ittihamları ilə bağlı ətraflı məlumat yaymaq istəmirəm”, – vəkil Cahangir Cavadov OC Media-ya bildirib və əlavə edib ki, İsayev ikili vətəndaşlığa malikdir, Azərbaycanda qeydiyyatdadır. Türkiyə də beynəlxalq hüquq normalarına uyğun olaraq istənilən deportasiyanı qanuni edir.

Lakin İsayeva OC Media-ya bildirib ki, əri Sovet İttifaqı dağılandan sonra heç vaxt Azərbaycan pasportu almayıb. Onun yalnız Rusiya pasportu olub. İsayevin Azərbaycan vətəndaşlığının olub-olmadığı bəlli deyil. Onun adına Azərbaycan Mərkəzi Seçki Komissiyasının ölkədə qeydə alınmış seçicilərə açıq çıxışı təmin edən internet saytında rast gəlmək mümkün deyil.

Mart ayında talış tarixçisi Zahirəddin İbrahimovun Rusiyanın Yekaterinburq şəhərində yoxa çıxdığı bildirilir. Az sonra onun Lənkəran rayonundakı qohumları Azərbaycanın DTX-dan İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir sıra ittihamların sadalandığı məktub alıblar. İbrahimov 20 ildən artıqdır ki, Rusiyada yaşayırdı və 2002-ci ildə vətəndaşlıq alıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərTalış fəal Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib