Məqalə
vlast.kz
saytında dərc olunub.
Ekspertlər bölgədə potensial problemlər və ekstremizmin miqyasının böyüməsi ehtimalları haqqında
“Taliban” Hərəkatının döyüşçüləri avqustun ortasına doğru Əfqanıstanın böyük bir hissəsinə nəzarət etməyə başlayıb. Onlar ötən bazar Kabulu döyüşsüz götürdükdən sonra prezident Əşrəf Qani ölkədən qaçıb, taliblərsə Əfqanıstanı İslam Əmirliklərinə çevirmək niyyətində olduqlarını bəyan ediblər.
Mərkəzi Asiya ölkələri Əfqanıstandakı hadisələrə ehtiyatla reaksiya veriblər. Həmin ölkələr hadisələrin gedişatının bu cür inkişafını gözləməyinə rəğmən, sosial-iqtisadi problemlər və vətəndaşların dindarlığı artdığından, radikalizmin yüksəlməsindən narahatdır. Ekspertlər “Vlast”a Əfqanıstandakı siyasi dəyişikliklərin Mərkəzi Asiyadakı vəziyyətə necə təsir edəcəyini və bölgə ölkələrinin xarici və daxili siyasətə yanaşmalarını necə dəyişə biləcəyini danışıb.
Erika Marat, Vaşinqtonda Milli Müdafiə Universitetinin analitiki və professoru
“Taliban” problemi Mərkəzi Asiyanın fenomeni deyil, son dərəcə lokal hadisədir. Bu hərəkat özlüyündə hərbi təhlükə kəsb etmir. Mərkəzi Asiya, o cümlədən Qazaxıstan üçün bu, radikallaşmanın yeni dalğasının yaranması imkanı ilə təhlükəlidir. Bu, bütün dünyada baş verə bilər. Əfqanıstanda yerləşmiş İslam dövlətinin [ISIS Khorasan] qalıqları üçün bu, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Mərkəzi Asiyadan yeni döyüşçülər cəlb etmək imkanı yaradır.
Mərkəzi Asiya ölkələri hadisələri izləməli və əhalinin radikallaşmasının qarşısının alınmasına daha böyük tədbirlə yanaşmalıdır. Bunun üçün öz ölkələrində sosial-iqtisadi problemləri və dini etiqad azadlığı ilə bağlı problemi həll etmək vacibdir.
Hesab etmirəm ki, Talibanın həyat tərzi və ideologiyası Mərkəzi Asiya xalqları arasında populyar ola bilər. İŞİD-lə olduğu kimi, burada da tək-tək adamlara maraqlı ola bilər. Xüsusilə də dini etiqad azadlığı axtaran və öz anlamlarında “əsl müsəlman” həyatı yaşamağa çalışan kişilər üçün. Ancaq hər şey birmənalı deyil. Taliban sırf Əfqanıstanın lokal fenomenidir, əfqan landşaftı və yerli əhalinin mədəniyyəti şəraitində inkişaf edir. O mühitdə olanların elektrikə, təhsilə, əmək bazarına və digər bir çox sahələrə çıxışı yoxdur. Mərkəzi Asiyada bu şərtlər özünü elə də parlaq büruzə vermir. Taliblərin Mərkəzi Asiya əhalisini cəlb edəcək etnik elementi yoxdur.
Foto: Puştun etnik qrupunun nümayəndələri. Foto Nationalinterest.org
Dosım Satpayev, politoloq, «Kazakhstan − Risks Assessment Group» qeyri-hökumət konsaltinq təşkilatının direktoru
Hazırda sübut etməyə çalışırlar ki, Taliban artıq Əfqanıstanda hesablaşılmalı olan aparıcı siyasi qüvvədir. Lakin taliblər üçün hakimiyyətin təsdiqi prosesi qısa sürməyəcək. Əfqanıstanda 400 qəza var və bu qəzaların hər birini də yerli ağalar idarə edir, onlarla razılaşmaq lazım olacaq. Bu, müəyyən vaxt aparacaq. İkincisi, Taliban Hərəkatına legitim siyasi qüvvəyə çevrilmək üçün beynəlxalq tanınmaq vacibdir ki, bu da vaxt aparacaq.
1990-cı illərdə taliblər Əfqanıstanda hakimiyyəti ələ keçirmişdilər. Ancaq bu, beş il çəkdi. Bundan başqa, Əfqanıstan ərazisində 20-dən çox digər terrorçu qrup, o cümlədən “İslam dövləti”, “Özbəkistan islam hərəkatı” mövcuddur. Onlar çox fəaldır, bəziləri isə Talibandan da radikaldır. Və onlar bizim üçün daha böyük təhlükə daşıyırlar, çünki Mərkəzi Asiyanın sabitliyinin pozulması birbaşa məqsədləridir.
Mərkəzi Asiyada radikal ideyaların tərəfdarları hələ taliblərin mövqelərinin güclənməsindən əvvəl peyda olub. Mərkəzi Asiyanın bir çox vətəndaşı Suriyaya və digər ərəb ölkələrinə gedib. Prinsipcə, taliblərin İslam Əmirliyi yaratmaq cəhdi Mərkəzi Asiyanın bir qrup sakini üçün nümunə ola bilər. Taliblərin mövqeləri güclənməzdən əvvəl də bölgədə yetərincə adam öz ölkələrini kübar görmək istəmirdi.
Edvard Lemon, A&M Texas Universitetindən Mərkəzi Asiya üzrə ekspert, Vaşinqtondakı Oxus Society tədqiqat mərkəzinin rəhbəri
Tədqiqatlar göstərir ki, Mərkəzi Asiya cəmiyyətləri daha da islamlaşır. İnsanlar əvvələ nisbətən dinlə daha çox maraqlanırlar. Əlbəttə, bu, ölkədən ölkəyə fərqlənir. Hazırda hökumətlər kübardır, dinlərə sərt nəzarət edir və dini güclərə siyasətə qarışmağa imkan vermir. Talibanın hakimiyyətə gəlişi ictimai həyatda rol oynamaq üçün yeni dini çağırışlara səbəb olacaqmı? – bu, Əfqanıstandakı bir sıra amillərdən asılıdır. Talibanın idarəçiliyi nə dərəcədə uğurlu olacaq? Kütləvi insan qətlləri və insan haqlarının digər pozulmaları baş verəcəkmi? Ölkə sabit qalacaqmı? Vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, biz islamlaşmanın artımını görə bilərik.