“Taliban”dan sonra İrana qaçan əfqan mühacirlər: qadağan olunmuş ərazilərdən iqtisadi məhrumiyyətlərə…

Mənbə: Shutterstock – Ajdin Kamber

Şiə əfqanların “məzhəb ixracı”ndakı rolu, onlara verilən imtiyazlar…

Kabilin süqutu və ya Əfqanıstan hökumətinin devrilməsi dedikdə Amerikanın Əfqanıstandakı müharibəsinin son dövrləri və “Taliban”ın işğalı zamanı baş verən hadisələr nəzərdə tutulur. 

Hadisələrin gedişində prezident Əşrəf Qani 2021-ci il avqustun 15-də ölkədən qaçdı. “Taliban” 20 ildən sonra yenidən Əfqanıstanda hakimiyyətə qayıtdı. Nəticə olaraq, Əfqanıstan illərdir ki, üzləşdiyi digər böhranlarla yanaşı, daha bir miqrasiya krizisi yaşadı. 

Bu yazı isə Əfqanıstanda yaranmış kritik situasiya nəticəsində əfqanların İrana köçü və əfqan miqrantların İranda qarşılaşdığı diskriminasiyalar, qeyri-insani davranışlarla üzləşdiyi barədədir. 

On illərdir ki, əfqanların əksəriyyəti quru sərhədlərindən İrana daxil olub, iş tapmaq və daha təhlükəsiz ölkədə yaşamaq ümidi ilə Tehran kimi böyük şəhərlərə axışırlar. 

Əfqan mühacirlər bir neçə onilliklər ərzində İranda yaşayıblar və İran müxtəlif səbəblərdən onlar üçün cəlbedici olub. Bunun birinci səbəbi, coğrafi yaxınlıqdır. Mühacirlər gömrük və ya qaçaq yolla ölkəyə daxil olur, bu zaman problemlərlə üzləşirlər. Burada əsasən yol qəzaları, polisin mühacirləri və ya qaçaqmalçıları tutmaq üçün gülləbaran etməsi kimi hadislər yaşanır.  Qəzaların əksəriyyəti ölümlə nəticələnir, çünki mühacir əsasən kiçik avtomobillərdən istifadə edir və polisdən qaçmaq üçün sürət həddini aşırlar…

İkinci səbəb kimi əfqanları İranın əmək bazarına cəlb edən iqtisadi maraqlardır. Amma İranda sahibkarlar əfqanlara ucuz işçi qüvvəsi kimi baxırlar. Onları əmək və tikinti bazarında aşağı gəlirli işlərə götürür, daha çox istismar edirlər. Sahibkarların əksəriyyəti miqrant işçilərin sığortası və vergisi üçün heç bir məsuliyyət daşımır və onları asanlıqla işə götürə, işdən çıxara və onlara iranlı işçilərdən daha az məvacib ödəyə bilirlər.

Üçüncü səbəb İran və Əfqanıstan arasında mədəni və dil oxşarlıqlarıdır. Bilindiyi kimi, Əfqanıstanda insanların çoxu paştu və dari dillərində danışır. Dari dili isə İrandakı rəsmi dil olan farscaya çox yaxındır. Bu yaxınlıq əfqan mühacirlərinin cəmiyyətə, ictimai həyata daha tez intqeqrasiya etməsinə səbəb olur. Yəni dil oxşarlığı əfqan mühacirlərin İran cəmiyyətində əlaqələr qurmasını asanlaşdırır. 

Müşahidələr göstərir ki, bu, heç də bütün əfqanlara aid deyil, burada da ayrı-seçkilik olur, yəni inteqrasiya məsələsi xüsusən, əfqan mühacirlərin şiə olanları ilə bağlı məsələdir. Yəni şiə mühacirlərlə “ev sahibləri” və cəmiyyət arasında inteqrasiya daha sürətli olur. Hətta İran əfqan şiə mühacirlərini İranın “məzhəb ixracı”nı həyata keçirmək üçün potensial güc (alət) olaraq görür. Bunun ən bariz nümunəsi 2013-cü ildə yaradılan və digər şiə silahlı birləşmələri ilə birlikdə Suriya və İraqdakı müharibədə iştirak edən “Fatemiyyun” briqadasıdır. 

İran hökuməti bu briqadada olan əfqanlara aylıq yüksək maaş verir və savaşçılar müharibədə həlak olarsa, onların ailələrinə yüksək müavinət ödəyir. Bu imtiyazlardan biri də həyat yoldaşlarına və uşaqlarına İran vətəndaşlığının verilməsidir…

Əfqan mühacirlərinin İranda üzləşdiyi diskriminativ davranışlar

Mühacirlərlə bağlı dövlətin yanaşması ilə cəmiyyətin yanaşması arasındakı fərqlər də aydın görünür. İranda irqçilik, bərabər vətəndaşlıq hüquqlarının olmaması və kövrək iqtisadi şərait əfqan miqrantların qarşılaşdıqları əsas problemlərdir. Demək olar ki, ayrı-seçkilik və irqçilik İranda əfqan mühacirlərin üzləşdiyi ən böyük problemlərdən biridir. 

Teun A. van Dijk (2000) dediyi kimi, irqçilik (1) qrup üzvlərinin spesifik “etnik hadisələrə dair psixi modelləri”, (2) gündəlik ayrı-seçkilik xarakterli diskurs və digər sosial təcrübələr kimi komponentləri özündə birləşdirən mürəkkəb sosial bərabərsizlik sistemi, (3) institusional və təşkilati strukturlar və fəaliyyətlər və (4) dominant qruplar və etnik azlıqlar arasında güc münasibətləridir. 

Bu komponentlərin cəmi,  demək olar ki, İrandakı əfqan mühacirlərlə İran cəmiyyəti və siyasəti arasındakı münasibətlərdə müşahidə edilir. Əfqanıstanda “Taliban” hökmranlığı və böyük bir əfqan əhalisinin İrana miqrasiyasından sonra yaranmış vəziyyəti nəzərə alsaq, həm cəmiyyətin özü, həm də ayrı-ayrı qruplar tərəfindən mühacirlərə qarşı ayrı-seçkilik və  sistematik fəaliyyətlər artıb. 

Bu mənada mühacirlərə qarşı diskriminasiya xarakterli diskurs o yerə çatıb ki, “əfqan” sözünün özü mənfi məna daşıyır və onlara qarşı aşağılayıcı söz kimi istifadə olunur. İranda əfqan mühacirlərə qarşı dövlət idarələrinin sərt münasibəti də özünü göstərir. Belə ki, onların kütləvi deportasiyası həyata keçirilir və bu, İran mediasında tez-tez gündəmə gətilir. 

“Wall Street” jurnalının məlumatına görə, 12.12.2021-ci il tarixli hesabatda, “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra İran gündəlik 2000-2500 əfqan miqrantı deportasiya edib. Bir sıra hallarda Əfqanıstan vətəndaşlarını İrandan deportasiya etmək üçün yük maşınlarından istifadə edilib.

Taliban hakimiyyətə gəldikdən sonra İranın şərq sərhədlərində yük maşını ilə əfqan mühacirlərin deportasiyası, 28 yanvar 2022 – Mənbə:  Esnaf News

Polisin əfqan miqrantlara qarşı sərt davranması, güc tətbiq edərək onlardan rüşvət istəməsi əvvəllər də rast gəlinən davranışlardandır. Bu ayrı-seçkilik davranışları daha çox immiqrantların hüquqlarına hörmət edilməməsi və onların statusunun düzgün tərifinin olmaması səbəbindən baş verir.

Əfqan mühacirlərin uşaqlarına təhsilin qadağan edilməsi və qeydiyyatdan keçmədikləri üçün səhiyyə sistemindən istifadə hüququnun olmaması da onların İrana inteqrasiyasına əsas maneələrdəndir. Bu faktlara nümunə kimi, İranın müxtəlif əyalət və şəhərlərinə əfqan mühacirlərin girişinin qadağan edilməsini, onların qarşılaşdığı ayrı-seçkilik əlamətlərini də göstərmək olar. 

Əfqanlar üçün qadağan olunmuş ərazilərin xəritəsi İran hökumətinin mühacirlərə nəzarət etmək planının bir hissəsidir. Bu xəritəyə əsasən, əfqanlar Əfqanıstana yaxın əyalətlərdə, həmçinin əfqan əməyinə ehtiyacı olan mərkəzlər və əsasən Fars əyalətlərində sərbəst yaşaya bilərlər, amma qərb və şimal-qərb sərhəd əyalətlərinin əksəriyyətində onların yaşaması qadağandır.

İranda Əfqanıstan vətəndaşları üçün qadağan olunmuş ərazilərin xəritəsi, sarı rəng qadağan olunmuş əraziləri göstərir. Mənbə: UNHCR

Bu problemlərlə yanaşı, İranın yeni prezidentinin iqtisadi siyasəti ilə 800.000-ə yaxın sənədsiz əfqan mühacir növbəti bir böhranla üz-üzədir. Belə ki, subsidiyaların ləğvi və subsidiyaların nağd/pul şəkildə ödənilməsi siyasəti mühacirlər üçün problemlər yaradır. Mühacirlərin milli kimlik kodu və bank hesabı olmadığı üçün subsidiya və ucuz çörək almaqdan praktiki olaraq məhrumdurlar. 

Bu, mühacirlər üçün İranda iqtisadi şəraiti və həyatı çətinləşdirən və onlar üçün başqa bir maneə yaradan yeni durumdur. 

Əfqan mühacirlər bu problemlə o zaman üzləşdilər ki, subsidiyaların liberallaşdırılması ilə İranda ərzaq məhsullarının qiyməti son bir ildə bəzi hallarda 300% artdı və hökumət istehsala və qidaya subsidiyalar ayırmaqdansa, vətəndaşlara aylıq 10-12 dollar miqdarında maddi yardım etməyə başladı. 

İranlıların özləri üçün belə, bu məbləğ iqtisadiyyatda yaranan inflyasiyaya çözüm deyil. Əsas çətinlik isə əfqan mühacirlərin bu aylıq yardımdan da məhrum olmaları, fərqli sosial və siyasi problemlərlə qarşılaşmaları və digər tərəfdən də öz ölkələrində təhlükəsizlik və yoxsulluğun qurbanı olmalarıdır. Açıq dillə desək, onlar odla su arasında qalmış bir durumdadırlar.

Qaynaqlar:

Ana səhifəDünya“Taliban”dan sonra İrana qaçan əfqan mühacirlər: qadağan olunmuş ərazilərdən iqtisadi məhrumiyyətlərə…